Nəhayət ki, Co Bayden hökumətinin ilk yüksək səviyyəli təmsilçisi Azərbaycana səfər etdi. Prezident İlham Əliyev hələ martın 26-da xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında yeni adminstrasiyanın Bakı ilə təmas qurmamasından narazılığını ifadə etmişdi. Baydenin Novruz təbrikindən sonra dövlət katibi Entoni Blinken prezident Əliyevə telefon açdı və tərəflər iki ölkə arasında münasibətləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin yekun həll perspektivini müzakirə etmişdilər.

İyunun 8-də Bakıya gələn dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker bu səfəri Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində reallaşdırıb. O, artıq Gürcüstanda səfərdə olub və bu gün Tbilisidən Bakıya gəlib, Bakıdan isə Yerevana gedəcək. Dövlət Departamenti bildirir ki, F. Riker səfər zamanı ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bölgədəki demokratik və iqtisadi inkişafa dəstəyini ifadə edəcək.

İki günlük səfər çərçivəsində Filip Riker Bakıda əvvəlcə vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb. Bakı İnsan Hüquqları Klubunun həmtəsisçisi Rəsul Cəfərov “Press Klub”a bildirdi ki, görüşdə onunla yanaşı, hüquq müdafiəçiləri Anar Məmmədli Günel Səfərova da iştirak ediblər. R. Cəfərovun sözlərinə görə, ABŞ rəsmisi ilə ölkədə insan haqlarının vəziyyəti, Qarabağ müharibəsindən sonra birgəyaşayış və sülh məsələləri müzakirə olunub:

“Bu, tanışılıq xarakterli görüş idi. Biz əsasən ölkədəki durum və siyasi azadlıqlar sahəsində problemləri qaldırdıq, təkliflərimizi səsləndirdik. İfadə azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmə azadlığı ilə bağlı məsələlər müzakirə olundu, xüsusən QHT qanunvericiliyi ilə əlaqədar bir neçə təklifimiz oldu. Həmçinin, postmünaqişə dövrünün problemlərini, o cümlədən birgəyaşayış və sülh məsələlərini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində necə gördüyümüzə dair fikirlərimizi səsləndirdik”.

Hüquq müdafiəçisi ABŞ rəsmisinin ilk növbədə məhz vətəndaş cəmiyyətinin fəalları ilə görüşməsini müsbət addım kimi dəyərləndirdi:

“Yaxşı haldır ki, birinci görüş vətəndaş cəmiyyəti ilə oldu, rəsmi görüşlər bundan sonra başlayır”.

Qonaq siyasi müxalifət və media nümayəndələri ilə görüşməyib. “Belə görünür, ABŞ rəsmisinin ancaq vətəndaş cəmiyyəti fəalları və ölkə rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Mən ümumilikdə görüşü müsbət və faydalı hesab edirəm”, – deyə R. Cəfərov əlavə etdi.

Hüquq müdafiəçisi Anar Məmmədli də bildirib ki, görüşdə insan hüquqları, siyasi azadlıqların durumu, Qarabağ müharibəsi sonrası bölgədə təhlükəsizlik və sülh quruculuğu barədə problemlərə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə ABŞ-ın demokratiyanın inkişafı, fundamental azadlıqların dəstəklənməsində qlobal liderliyi kəskin zəifləmişdi. Trampın ümumiyyətlə, bu işlərə marağı sıfır drəcəsində idi. O, andiçmədən sonra ilk çıxışlarının birində əsas diqqəti ölkəsinin daxili problemlərinə yönəldəcəyini, başqa ölkələrə “demokratiya dərsi keçmək” kimi “mənasız” işlərlə məşğul olmayacağını bəyan etmişdi. Bunun məntiqi nəticəsi kimi ötən müddətdə ABŞ-ın bu məsələlərə diqqəti azalmışdı. Bunu Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil mediası və müxalif çevrələri də yaxından hiss etdilər.

Demokrat Baydenin hakimiyyətə gəlməsi və ABŞ-ın bütün dünyada demokratik dəyərləri dəstəkləyəcəyini bəyan etməsi isə avtoritar ölkələrdə çətin şəraitdə mübarizə aparan insan haqları fəallarında ehtiyatlı ümid yaradıb. Xüsusən postsovet məkanında Rusiyanın artan təsirinin zəifləməsi və onun azadlığa can atan ölkələrə müdaxilələrinin məhdudlaşdırılacağı yönündə gözləntilər var. Bu kontekstdə ABŞ administrasiyasının Cənubi Qafqaza diqqəti artırması, Vaşinqton təmsilçsinin son 4 ildə ilk dəfə vətəndaş cəmiyyəti nümayəndələrini qəbul etməsi yeni siyasi xəttin təzahürüdür. Gözləmək olar ki, bu cür təmasların sayı daha da artacaq.

Turqut