Logo
news content

Sərhədsiz sülh
Əvvəl sülh müqaviləsi, yoxsa sərhədlərin delimitasiyası?

Ölkələri bir-birindən ayıran sərhədlər əslində həm də onların birləşdiyi yerdir. Müharibə şəraitində olanlar üçün bu zolaq bir cəbhə xəttidir, orada sərhəd məntəqələrini döyüş postları əvəz edir. Sülh və əmin-amanlıq içində yaşayanlar isə ona əməkdaşlıq və barış xətti kimi baxırlar. Hər şey yanaşma tərzindən asılıdır...   

***

Azərbaycan və Ermənistan SSRİ-dən ayrılıb müstəqillik əldə etdikdən otuz ildən də çox sonra, nəhayət, sərhədlərin dəqiq müəyyənləşdirilməsi prosesinin astanasındadırlar. Bu illər ərzində qoşunların təmas xətti ilə bərabər dala-qabağa “yeriyən” sərhəd, indi iki ölkənin faktiki hüdudlarına qayıdaraq, möhkəmlənib. Hazırda sərhəd ərazilərinin yekun delimitasiya və demarkasiya məsələsi gündəmdədir. 

Artıq hər iki tərəf delimitasiya komissiyası yaradıb. Azərbaycan prezidenti 23 may 2022-ci il tarixində Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması barədə sərəncam imzalayıb. Baş nazirin müavini Şahin Mustafayevi ora sədr təyin edib. Eyni vaxtda Ermənistanın baş naziri də öz tərəfindən belə bir komissiyanın yaradılmasına sərəncam verib və ona rəhbərliyi müavini Mqer Qriqoryana tapşırıb.

Komissiyalar arasında bir neçə görüş keçirilib. Rəhbərlər səviyyəsində sonuncu görüş 2023-cü il noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində baş tutub. Delimitasiya ilə bağlı problemlərin müzakirəsi davam etdirilib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçirilib, iş planı tutulub.

Beləliklə, ilk mühüm addımlar atılıb. Amma maraqlıdır ki, müharibə başa çatdıqdan sonra yanıltmaca bənzəyən bu ifadələri tez-tez eşitsək də (“delimitasiya”-“demarkasiya”), onların nə olduğunu, necə həyata keçirildiyini dəqiq bilməyənlər, hətta sülh müqaviləsinin imzalanmasını həmin proseslərin başa çatması ilə əlaqələndirənlər də az deyil. 

Delimitasiya, sonra demarkasiya

Sərhədin delimitasiyası – qonşu ölkələr arasında dövlət sərhədinin ümumi vəziyyətinin danışıqlar yolu ilə müəyyən edilməsidir. Bu barədə razılığa gələn tərəflər delimitasiya zamanı, bir qayda olaraq, yerlərdə konkret iş aparmadan, xəritə əsasında sərhəd xəttinin coğrafi təsvirini hazırlayırlar. Təsdiqlənmiş xəritə sərhədin delimitasiyası ilə bağlı razılaşmanın tərkib hissəsi olur və müəyyən mənada növbəti addımlar üçün “əyani vəsait”ə çevrilir. 

Sərhədin demarkasiyası – yerində xüsusi nişanlarla işarə etməklə ərazidə dövlət sərhədinin çəkilməsidir. Bu proses delimitasiya barədə sənədlər əsasında həyata keçirilir. Demarkasiya işləri zamanı ərazinin topoqrafik çəkilişi və aerofotoçəkilişi aparılır, sərhəd xəttinin irimiqyaslı topoqrafik xəritəsi hazırlanır, sərhəd nişanları (dirəklər, məftillər və s.) qoyulur və dəqiq koordinatlar müəyyən edilir. Sərhəd nişanları qarşılıqlı razılıq olmadan dəyişdirilə bilməz və tərəflər onların müvafiq vəziyyətdə saxlanılmasına nəzarət etməlidirlər.

Bir ”ev”dən çıxmış on beş ”qardaş”ın sərhəd bölğüsü

Delimitasiya və demarkasiya problemləri dünyanın bir çox ölkələrində var, amma SSRİ-nin süqutundan sonra ittifaqdan ayrılmış keçmiş sovet respublikaları arasında özünü daha kəskin formada göstərir. 

Yalnız Baltika ölkələrində sərhəd problemi məsələsi böyük mənada həll olunub. Latviya, Litva və Estoniyanın 2004-cü ildə NATO-ya üzvlüyü zamanı əsas tələblərdən biri onların qonşu dövlətlərlə ərazi münaqişələrinin olmaması idi. Düzdür, bu ölkələrin Rusiya və Belarusla “torpaq mübahisələri” yenə qalır, amma tərəflərdən heç biri dövlət səviyyəsində artıq həmin problemlərə qayıtmır. Sərhədlərin delimitasiya və demarkasiyası prosesi isə rəsmən başa çatdırılıb.

Ukraynanın vəziyyəti xeyli mürəkkəbdir. Hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibə bu problemin hələ uzun illər boyunca həll olunmayacağını göstərir. Moskva ilə Minsk arasında hərbi-diplomatik ittifaqın möhkəmlənməsi isə Ukraynanın digər qonşusu Belarusla artıq sona çatmış delimitasiya-demarkasiya prosesinin sıfır nöqtəsinə qayıtması təhlükəsini yaradır.

Mərkəzi Asiyada sərhəd mübahisələri 30 il ərzində bir neçə dəfə qanlı münaqişələrə səbəb olub. Bu gün ancaq Türkmənistan qonşu dövlətlərlə quru sərhədlərinin müəyyən edilməsini başa çatdırıb. Qazaxıstan da eyni problemin həllini bitirmək üzrədir. Ölkənin yalnız Rusiya ilə bəzi sahələrdə sona çatdırılmamış demarkasiya işləri qalıb.

Amma bölgənin digər dövlətləri arasında problemlər son dərəcə ciddi və ağrılıdır. Özbəkistan, Qırğızıstan və Tacikistan arasında iki, bəzən üçtərəfli ərazi iddiaları yaşanır. Hər üç ölkənin sərhəd zolağında yerləşən Fərqanə vadisi isə bütün Mərkəzi Asiya üçün gərginlik ocağı sayılır.

Təkcə Özbəkistan-Qırğızıstan sərhədində 58 mübahisəli ərazi var. Onların 1375 kilometrlik ortaq sərhədinin 993 kilometrində delimitasiya aparılıb. Dövlətlərarası komissiya daim çətinliklərlə üzləşir. Problem həm də iki ölkənin qarşılıqlı anklavlarının olmasından qaynaqlanır. Qırğızıstan və Tacikistan arasında isə onlarla mübahisəli ərazi mövcuddur. Son illər iki ölkə sərhədində vaxtaşırı baş verən və insan ölümləri ilə nəticələnən toqquşmalar problemin həll mərhələsindən uzaq olduğunu göstərir. 

Özbəklərlə taciklərin ərazi münaqişəsi bundan da mürəkkəbdir. Xeyli sayda özbək Tacikistan ərazisində, tacik isə Özbəkistanda yaşayır. Ümumiyyətlə, etnik qrupların sərhəd zonalarında yerləşməsi bu dövlətlərin xəritədə əksini tapmış faktiki coğrafi vəziyyətinə cəmi 50 faiz uyğun gəlir. Qarşılıqlı narazılıqlar etnik problemlərlə yanaşı, dövlətlərarası qarşıdurmaya səbəb olur.  

Qafqazda elə bir ölkə yoxdur ki, qonşuları ilə delimitasiya-demarkasıya problemini axıradək çözmüş olsun. Üç respublikanın qarşılıqlı ərazi mübahisələri, Azərbaycanla Gürcüstanın Rusiya ilə həll edilməmiş məsələləri qalır. Ümumiyyətlə, Rusiyanın bütün həmsərhəd dövlətlərlə quruda və dəniz hövzəsində ərazi problemi olduğunu deyə bilərik. 

Dünyanın ”sərhəd qovğaları”

Keçmiş sovet respublikalarından başqa, Rusiyanın Şərqdə Yaponiya kimi qüdrətli dövlətlə ara-sıra kəskinləşən ərazi mübahisəsi mövcuddur. Çinlə uzun sürən demarkasiya prosesinin bitməsi yalnız 2023-cü ilin avqustunda elan olundu, buna baxmayaraq, mediada hər iki tərəfin nəticədən narazı qaldığı barədə materiallar dərc edilir. Qərbdə isə Rusiyanın Kalininqrad vilayəti ilə Avropa İttifaqı dövlətləri arasında hüdudu müəyyənləşdirən sonuncu sərhəd nişanı 2015-ci ildə - II Dünya müharibəsinin bitməsindən 75 il sonra qoyuldu. 

Çoxlarına qəribə gəlsə də, Rusiya və ABŞ arasında da uzun illər sərhəd problemi olub və qalmaqdadır. Berinq dənizində iki ölkənin iqtisadi zona sərhədinin müəyyən edilməsi ancaq 1990-cı ilə təsadüf edib, bu barədə saziş imzalanıb. SSRİ dağılanda Rusiya varis qismində həmin sazişin tərəfinə çevrilib. Amma sənədi nə o zamankı SSRİ Ali Soveti, nə də Rusiya Dövlət Duması təsdiq edib. Əksinə, 2003-cü ildə Federasiya Şurasında parlament dinləmələri zamanı 1990-cı il razılaşması Rusiyanın milli maraqlarına zidd sənəd elan olunub. ABŞ Dövlət Departamenti isə Sahil Mühafizə Xidmətinə Berinq dənizində balıq ovu ilə məşğul olan Rusiya gəmilərinə silah tətbiq etmək icazəsi verib...

Dünyanın ikinci ən böyük iqtisadiyyatı sayılan Çin Xalq Respublikası da ərazi bütövlüyünü tam təmin etdiyini deyə bilmir, onun Tayvanla problemi qalmaqdadır. Çin rəhbərliyi bu adanın ona məxsus olduğunu iddia edir. Amma ada rəhbərliyi “Tayvan körfəzinin hər iki tərəfində iki dövlət” prinsipini irəli sürür və bu siyasətdə Qərb ölkələrinin, xüsusən ABŞ-ın dəstəyinə arxalanır. Çinin Hindistan, Yaponiya, Filippin, Butan, Malayziya, Bruney, Vyetnamla ərazi problemləri bəllidir, bunlardan bəziləri torpaqlar, bəziləri dənizlərdə milli sektorlarla bağlıdır.

Müasir dünyada, o cümlədən Avropada da hələ həllini gözləyən delimitasiya-demarkasiya problemləri kifayət qədərdir. Məsələn, Olivensa vilayəti İspaniya idarəsi altındadır, Portuqaliya ona iddia edir; Hibraltar – Böyük Britaniya idarəsi altındadır, İspaniya ona iddia edir. Şimali Kosovo – Serbiya ilə Kosovo respublikaları arasında, Vukovar və Şarenqard adaları – Serbiya ilə Xorvatiya arasında, Monblan dağ massivi və Monblan-de-Kurmayer zirvəsi – Fransa və İtaliya arasında mübahisə mövzusudur. 

Atlantik okeanda kimsəsiz Rokoll qayasına isə eyni zamanda üç ölkə – Böyük Britaniya, Danimarka, İrlandiya iddialıdır və s. və i.a.

Türkiyə və Yunanıstanın tarixi münaqişəsini də unutmaq olmaz. İki dövlət arasında Kipr problemindən əlavə, Egey dənizindəki xırda adalar və qayalıqlara sahiblik üstündə də anlaşılmazlıqlar yaranır. Belə sərhəd çəkişmələrinə Amerikada, Afrikada, Avstraliya və Okeaniyada, Arktikada və hətta minlərlə kvadrat kilometrlik ərazisində bəzən bir adamın belə yaşamadığı Antarktidada çox rast gəlinir.

Beləliklə, dünyanın əksər ərazilərində sərhədlər qurularkən, yaxud bərpa olunarkən delimitasiya-demarkasiya mübahisələrinin ortaya çıxması adi haldır. Amma müəyyən istisnalar olmaqla, dövlətlər onları dinc yolla, danışıqlar vasitəsi ilə həll etməyə üstünlük verirlər. 

Azərbaycanın digər qonşularla sərhədlərində vəziyyət necədir?

SSRİ dağılandan sonra Azərbaycan quruda və dənizdə yeddi ölkə ilə dövlət sərhədinə malik oldu. 

Rusiya ilə sərhədin delimitasiyası və demarkasiyasında ciddi çətinliklər yaşanmır. Burada əsas problem Samur çayı və Samur-Abşeron kanalının istifadəsi ilə bağlı idi. Tərəflər məsələni 2010-cu il razılaşması ilə yoluna qoydular. Hazırda hələ rəsmiləşdirilməmiş bəzi xırda demarkasiya problemləri həll edilir. 

Gürcüstanla sərhədin tam müəyyənləşdirilməməsi bəzən xırda insidentlərə gətirib çıxarır. Xüsusən də Keşikçidağ monastır kompleksinin yerləşdiyi ərazi tərəflər arasında mübahisə obyektidir. Keçmiş prezident Mixeil Saakaşvilinin zamanında mübahisəli ərazilər barədə razılıq əldə olunsa da, proses tam başa çatdırılmadı, indi 28 il əvvəl yaradılmış birgə komissiya işi davam etdirir.

Türkmənistanla dəniz sərhədlərinin müəyyənləşdirilməsi məsələsi də asan başa gəlməyib. Tərəflər uzun müddət aralıqdakı neft-qaz yataqlarının kimə məxsus olması, onların istismarı barədə razılığa gələ bilməyiblər. Yalnız 2021-ci ildə həmin sektorda birgə fəaliyyət haqqında qarşılıqlı anlaşma memorandumu imzalandıqdan sonra problem kəskinliyini itirib.

Türkiyə və İranla sərhədlərdə delimitasiya və demarkasiya sahəsində çətinliklər yaranmayıb – bu ərazilərdə hələ sovet vaxtlarında rəsmən təsdiqlənmiş bölgü mövcud idi. Qazaxıstanla münasibətlər də qısa zamanda sahmana salınıb.

Qalır Ermənistan. Azərbaycanın 2648 km-lik quru sərhədlərinin ən böyük hissəsini (1007 km) məhz bu ölkə ilə təmas xətti təşkil edir. Ermənistan yeganə qonşu dövlətdir ki, onunla sərhədimizin bir kilometri də hələlik delimitasiya olunmayıb. Mübahisəli məsələlər isə istənilən qədərdir.

Azərbaycan və Ermənistan necə razılığa gələ bilərlər?

Son zamanlar Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsi imzalana biləcəyi barədə bəyanatlar çoxalıb. Doğrudur, belə optimist proqnozlar 2022-2023-cü illərdə də səslənirdi, amma, göründüyü kimi, hələlik bu baş verməyib.

Təəssüf ki, indiki vəziyyətdə sülh sazişinin imzalanmasının uzadılması üçün bəhanə tapmaq çətin deyil. Rəsmi İrəvan Azərbaycan ordusunun 2021-2022-ci illərdəki lokal döyüş əməliyyatları zamanı Ermənistan ərazisinə daxil olduğunu və orada möhkəmləndiyini iddia edir. Ermənistan sülh şərtlərindən biri kimi hər iki tərəfin qoşunlarının şərti sərhəddən eyni anda geri çəkilməsi təklifini irəli sürür. Azərbaycan tərəfi isə sərhədlərin delimitasiya edilmədiyini və bu səbəbdən hansı ərazinin kimə məxsus olması məsələsinin açıq qaldığını vurğulayır. 

Eyni zamanda, unutmaq olmaz ki, tərəflər arasında dayanıqlı sülhün əldə edilməsində maraqlı olmayan xarici qüvvələr var və onlar prosesə müdaxilə etmək imkanına malikdirlər. Məsələn, Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması Rusiyanın bölgəyə güclü təsirinin, ən azı onun burada hərbi mövcudluğunun sonunu yaxınlaşdıra bilər. Bu da Kreml üçün ən arzuedilməz variantdır. Rusiyadan, nəhayət, qopmaq istəyən Ermənistan sülh danışıqlarının Qərb platformasında davam etdirilməsinə tərəfdardır. Sazişin Moskvanın “əli ilə” imzalanması Bakının da strateji planlarına uyğun deyil. Amma Azərbaycanın qəti qənaətinə görə, Avropa İttifaqının aparıcı dövlətlərindən olan Fransanın bölgədəki fəaliyyəti, Ermənistana birtərəfli qaydada diplomatik və hərbi dəstək verməsi heç də sülhə xidmət etmir. Bakı əmindir ki, Paris “separatizmə və Ermənistanda revanşizmə” yeni nəfəs verməyə çalışır, Rusiyanın bölgədə zəifləyən yerini tutmaq məqsədi ilə “neokolonializm siyasəti” yürüdür. Azərbaycanın bu iddialarının doğru ya yanlış olmasından asılı olmayaraq, bütün gələcək risklərdən sığortalanmaq və ortaq məxrəcə gəlmək baxımından Bakının “vasıtəçilərsiz sülh” təklifi daha maraqlı görünür.

Yuxarıda qeyd etdiyimiz kimi, sülh sazişinin imzalanmasını gecikdirmək üçün nə qədər istəsən bəhanə tapmaq mümkündür. Bunlardan biri və tez-tez ortaya atılanı da delimitasiya-demarkasiya proseslərinin hələ həyata keçirilməməsi, iki ölkə arasında sərhədlərin detalları ilə müəyyənləşdirilməməsidir. Ancaq gətirdiyimiz misallar göstərir ki, bu iki məsələni “əvvəl delimitasiya, sonra sülh müqaviləsi” ardıcıllığı ilə bir-birinə bağlamaq hansı böyük təhlükələrə yol açır. Delimitasiya-demarkasiya, ən yaxşı halda, illərlə vaxt aparacaq, ortada mübahisələr, müzakirələr olacaq. Sülh müqaviləsi isə onun üçündür ki, tərəflərin bu mübahisələri dinc yolla həll edəcəklərinə dair öhdəlikləri olsun. Həm də ölkələr sonuncu sərhəd dirəyinin basdırılmasını gözləmədən diplomatik əlaqələr qursunlar, kommunikasiyaları açsınlar, iqtisadi əməkdaşlığa başlasınlar.

Bəlkə, o vaxt heç dirəklərə də ehtiyac qalmayacaq?