Logo
news content

Qızcığazın fəryadı – Ramilə Qurbanlı yazır

Faylın adını da qızcığaz qoydum. Yəni hələ ağzından süd iyi gəlir. Hələ dünən dünyaya gəlib, nə dünyadan, nə də kainatdan xəbəri var. Gözləri hələ açılmayıb, ətrafı büsbütün çəhrayı görür. Elə bilir, hər tərəf yalnız gözəllikdir. Elə bilir, bütün insanlar yaxşıdır. 8-ci sinifdə oxuyur... ailəsi onu ərə verir, o da gedir. Yəqin ki, onun heç ağlının ucundan da keçmir ailə qurmaq, ərə getmək, çünki o ərə getməyin, ailə qurmağın nə demək olduğundan xəbərsizdir.

10-cu sinifdə oxuyan qızıma hələ vitaminli, sağlam qidalanmağın vacibliyini anlatmağa çalışıram, o gedib kartof-fri yeməyə üstünlük verir. Hələ səhər duranda əvvəlcə 1 stəkan ilıq su içməli olduğunu qəbul etmir, çünki sağlamlığın vacibliyini anlamır. Hələ onun immun sistemini gücləndirməyə çalışıram ki, qripə, qızılcaya yoluxmasın. Özü buna çalışmır. Səhər yeməyindən qaçır, dərsdə ac qalır, çantasına qoyduqlarımı evə qaytarır.  Bütün düşüncəsi də oxumaqdır, yaxşı təhsil alıb, yaxşı iş tapmaq və varlı yaşamaq istəyir. Sonuncuya bir az da hərisliyi var, bəlkə bu da normaldır. Bəlkə böyüdükcə keçəcək o hərislik, hələlik yaxşıdır, çünki onun üçün çalışır, məqsədə doğru gedir. Ən əsası odur ki, öz ayaqları üstdə durmağa üstünlük verir, kimdənsə asılı yaşamağı ağlına gətirmir. Onun üçün həyat elə budur – yaxşı təhsil almaq. Yəqin evdə belə görüb, şüuraltından gəlir. Böyüdükcə yeni arzuları yaranacaq, hamısının öz zamanı var. O arzulara da müstəqil surətdə, kamil qərarlarla qovuşacaq, heç bir kənar təzyiq olmadan.

Bölgələrdə ondan kiçik qızları ərə verirlər. Verirlər ki, həyatları rahatlaşsın, çünki qıza yük kimi baxırlar. Verirlər ki, birdən qızları evdə qalar, alan olmaz. Verirlər ki, qonşunun qızı getdi, anası forslanır (bəli, çünki cahil ana bunu öz uğuru hesab edir) biz ondan geri qalmayaq, biz də forslanaq. Anaları qınayıram, çünki analar bütün mətləblərdə atalara təsir göstərə bilən qüvvədir. Çünki ərə getməyin yetkinlik yaşına çatmayan qız üçün necə bir faciə olduğunu analar atalardan daha yaxşı bilməlidir. Çünki özü də təhsil almadan, həyatı anlamadan ərə gedib, başına keçirilən ipin ucunu da verib ərinin ixtiyarına. Cahil qadın ərin dediyini qanun bilir, çünki ağı qaradan özü ayıra bilmir. O qızcığazın anası elə bilir ki, qızını xoşbəxt edir. Elə bilir, çünki atası elə deyir. Ailəsini saxlamağa çətinlik çəkən ata isə sadəcə yükü çiynindən boşaldır, başqa heç nə düşünmür. Onu maraqlandırmır qızı xoşbəxt olacaq, ya yox, elə bilir ərə gedən bütün qızlar xoşbəxtdir ki, ərə gedir. Onlar üçün həyat elə budur - ərə getmək, uşaq dünyaya gətirmək və beləcə davam etmək. O uşağın təhsili, tərbiyəsi önəmli deyil, əsas ərə getmək, evlənməkdir. Bu ardıcıllıqla da cahil ata-analar, cahil övladlar “yetişir”.

Bu qızın orqanizmi hələ uşaq orqanizmidir, özü yetişməyən bədən övlad dünyaya gətirməyə qadir deyil. Məsələnin bu tərəfi də var. Bu yaxınlarda uşaq dünyaya gətirən uşağın ölümünü də yaşadıq, o zədə də var artıq psixologiyamızda.

Ötən əsrdə ziyalılarımız bu cəhalətin qarşısını almaq üçün çox əmək sərf etmişdilər. Qismən alınmışdı, sovet quruluşu da bu baxımdan az iş görməmişdi. Müstəqillikdən bəri təhsil, tərbiyə və mədəniyyət sarıdan bir addım irəli, iki addım geri atırıq. Görünür, bu istiqamətdə əsaslı, planlı, proqramlı iş görməyə böyük ehtiyac var. Həm də dövlət səviyyəsində, sistemli şəkildə bu iş “quş qoymağa” yox, iş görməyə xidmət etsin. Yoxsa, qısa zamanda biz çox böyük cahil cəmiyyətlə üz-üzə qalacayıq. Zira indi də bölgələrdə 18 yaşına ata evində çatan qız “yurdda qalmış” sayılır.