Logo
news content

Uzaqdan gördüyümüz demokratiya: bizi çaşdıran nədir? – Pressklub-da POLEMİKA
“Güclü hakimiyyət” yanılması və İlon Maskı yadplanetli sayanların qüsuru

Professor Fuad Rəsulovun Pressklub.az saytında yayımlanan “Demokratiya i novaya normalnost” başlıqlı məqaləsi sağlam müzakirə üçün gözəl şansdır. Mən də bu şansdan bəhrələnərək, hörmətli müəllifin məqaləsində yer alan bəzi fikirləri müzakirəyə açmaq istəyirəm.  

Hörmətli müəllif yazır ki, demokratiyanın avtoritarizmdən yaxşı olduğunu heç kim sübut etməyib. Postsovet məkanında bu və buna oxşar fikirlərə tez-tez rast gəlmək olur. Demokratik sistemə uğurlu keçid edə bilməyən bütün cəmiyyətlərdə belə fikirlərin meydana çıxması da təbiidir. 

Demokratik sistemin bütün digər rejimlərdən üstün olduğunu şəxsi həyatında hiss etməmiş, demokratik sistemlər haqqında təsəvvürü uzaq məsafədən formalaşan insanların belə düşünməyində böyük bir qəbahət də yoxdur. 

Başqa tərəfdən, demokratik sistemin özü də ideal deyil. SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Maskı (Elon Musk) başqa planetdən gəlmə hesab edən yüz minlərin seçkidə Nobel Mükafatı laureatları ilə eyni hüquqa malik olması demokratik sistemin də ideal olmadığını göstərir. Bu mənada, böyük dövlət xadimi və fikir adamı ser Uinston Çörçill tamamilə haqlıdır ki, demokratiya heç də ən ideal siyasi sistem deyil, amma bəşəriyyət bundan yaxşısını da icad etməyib. Çünki sosial bərabərlik yalnız demokratik sistemdə təmin oluna bilər. Yalnız demokratik sistemdə gerçək sosial lift mövcud ola bilər. Sosial bərabərliyin olmadığı və sosial liftin işləmədiyi sistemlərin heç biri sona kimi effektli ola bilməz. Sosial liftin işləmədiyi sistemlərdə cəmiyyətin bütün potensialını üzə çıxarmaq mümkün olmadığı kimi, üzə çıxan potensiala da özünü gerçəkləşdirmək imkanının verilməsi idarəedicilərdən asılı olur. Qərb cəmiyyətlərini önə çıxaran əsas amil sosial liftin kənar təsirlərə ən az şəkildə məruz qalması və ya kənar təsirlərdən tamamilə azad olmasındadır. 

Bir əlin barmaqları qədər sayda ölkə istisna olmaqla, dünyadakı ölkələrin hər birindən bahalı, bəzilərindən isə hətta dəfələrlə bahalı olan Apple nəhəngini Stiv Cobs, Amazonu Ceff Bezos, Facebooku (Meta Platforms) Mark Zukerberq, Google-ı Larri Peyc gənc yaşlarında, heç kimin himayəsi olmadan qurublar. 

Yaxud, bizim cəmiyyətə daha tanış olan bir misal. Çox yüksək səviyyəli ali təhsil almış Səlcuq Bayraktar prezident Rəcəb Tayyip Ərdoğanın qızı Sümeyye Ərdoğanla ailə həyatı qurana kimi öz potensialını gerçəkləşdirə bilmirdi. Bu nikahdan öncə Səlcuq Bayraktarın atası Özdemir Bayraktarın qurucusu olduğu “Baykar makina”ya dövlət hakimiyyətinin soyuq münasibəti vardı. O zaman Türkiyə müxalifəti tez-tez iqtidarı “Baykar makina”ya münasibəti dəyişməyə və bu şirkətin təşəbbüslərinə imkan yaratmağa çağırırdı. İqtidarın “Baykar makina”ya münasibəti 2016-cı ildən, yəni Səlcuqla Sümeyyenin nikahından öncə dəyişsəydi, məşhur Bayraktar TB2 Pilotsuz Uçuş Aparatı daha öncə yarana bilərdi. Türkiyədə Səlcuq Bayraktar kimi savadlı, ixtiraçı çox gənc var. Ancaq...

Stiv Cobs, Ceff Bezos,Mark Zukerberq, Larri Peyc və yüzlərlə belə nümunələr sosial liftin kənar təsirlərə məruz qalmadan işlədikdə nəyə qadir olduğunu göstərir. Sosial lift isə sosial bərabərliyin yeganə təminatçısı olan demokratik sistemdə qüsursuz işləyir. 

Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsini güclü hakimiyyətlə izah etmək də tam doğru  deyil. Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsinin təməlində həm də başqa bir amil - dünyada və regionda geosiyasi vəziyyətin dəyişməsi, postsovet məkanındakı separatçılığa böyük dövlətlərin baxışının dəyişməsi dayanır. 

Sovet İttifaqının dağıldığı 1991-ci ildən Krımın və Donbasın Rusiya tərəfindən işğal olunduğu 2015-ci ilə qədər xalqların öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyü prinsipindən öndə idi. Postsovet məkanındakı separatizmə Qərb dövlətləri xalqların öz müqəddəratını təyinetmə hüququ prizmasından baxırdılar. Qərb dövlətlərində belə bir fikir hakim idi ki, keçmiş sovet respublikaları öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək istiqlaliyyətlərini qazandıqları kimi, həmin respublikaların tərkibindəki milli azlıqların da öz müqəddəratını təyinetmə hüququ var. Rusiyanın Krımı və Donbası işğal etməsindən sonra Qərbin mövqeyi dəyişdi. Qərbdə anladılar ki, Rusiya postsovet məkanını öz təsir dairəsində saxlamaq üçün xalqların öz müqəddəratını təyinetmə hüququndan sui-istifadə edir. Bundan sonra Qərb ölkələri dövlətlərin ərazi bütövlüyü prinsipini xalqların öz müqəddəratını təyinetmə hüququnun önünə çəkdilər.  

Qərbin yanaşmasında baş verən bu dəyişikliyi ilk anlayan və ilk də olaraq da faydalanmaq istəyən, yəqin ki, Azərbaycan hakimiyyətidir. Tarixə 4 günlük müharibə kimi düşən 2016-cı ilin aprel döyüşləri də bunun nəticəsi idi. Lakin o zaman dünyada və regionda geosiyasi dəyişikliklər yalnız başlanğıc nöqtəsində olduğu üçün Rusiyanın müdaxiləsi həlledici oldu. Aprelin 5-də Azərbaycan və Ermənistanın baş qərargah rəisləri Moskvada atəşkəs sənədini imzaladılar. Azərbaycan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Madagiz kəndi istiqamətində bəzi mövqelər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, eləcə də Goranboy rayonunun Gülüstan kəndi istiqamətində bəzi ərazilərin azad olunması ilə kifayətlənməli odu. 

Dörd il sonra – 2020-ci ildə baş verən 44 günlük müharibə ərəfəsində dünyada və regionda geosiyasi vəziyyət kifayət qədər dəyişmişdi. Ermənistanda “məxməri inqilab” nəticəsində Rusiyaya bağlı iqtidar devrilmiş, hakimiyyətə islahatlar vəd edən Nikol Paşinyan gəlmişdi. Moskva bu islahatların sonunda ölkənin Qərbyönümlü siyasi kurs seçəcəyinə Gürcüstan nümunəsindən bələd idi. Azərbaycanda da müxalifətin mövqeyi güclənməyə başlamışdı. Rusiya Cənubi Qafqazı itirmək ərəfəsində olduğunu görürdü. Rusiya Ermənistanda baş verən hakimiyyət dəyişikliyinin yoluxucu olacağından qorxurdu. İnqilabların qarşısını almaq rolunu hələ 1815-ci ildə öz üzərinə götürmüş və ondan sonra Avrasiyanın böyük bir hissəsində özünü jandarma kimi aparan Rusiya Ermənistan hökumətini cəzalandırmaq üçün, 2016-cı ildən fərqli olaraq, 2020-ci ildə Azərbaycan ordusu Xankəndinə yaxınlaşana kimi Azərbaycana mane olmadı. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsində Azərbaycan hakimiyyətinin Rusiya iqtidarı ilə münasibətlərinin Nikol Paşinyana nisbətən daha sıx olması da prosesə öz təsirini göstərmişdi. Vəziyyət tərsinə olsaydı, yəni Ermənistan iqtidarı Rusiya hakimiyyətinə bir köynək yaxın olsaydı, nəticə fərqli ola bilərdi. Bu mənada, Azərbaycanın güclü hakimiyyətdən bəhrələndiyini söyləmək olar. 

Türkiyənin prosesə müdaxiləsi isə geosiyasi vəziyyətin dəyişməsinin nəticəsi idi. Aprel müharibəsi zamanı da Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan idi. Lakin o zaman dünyadakı və regiondakı geosiyasi vəziyyət Türkiyənin müdaxiləsinə imkan vermirdi. Ərdoğandan əvvəli iqtidarların və Ərdoğanın özünün də 2002-ci ildən 2020-ci ilə kimi 18 il ərzində Azərbaycanın arzuladığı dəstəyi verə bilməməsinin səbəbi regionda mövcud olan geosiyasi vəziyyət idi. 

Son olaraq, hörmətli professorla fikir mübahisəsini bütün dövrlərin və xalqların ən böyük fikir adamı hesab etdiyim Jan Jak Russonun aşağıdakı sözləri ilə tamamlamaq istəyirəm: “Azadlıqdan imtina etmək insan ləyaqətindən, insan təbiətindən, hətta məsuliyyətlərindən imtina etmək deməkdir. İnsanı iradə azadlığından məhrum etmək, onu hər cür mənəvi və əxlaqi hərəkətdən məhrum etmək deməkdir”.

İnsan hüquq və azadlıqları isə yalnız demokratik sistemlərdə təmin edilə bilər.