Ermənistan müharibəyə cəhd etsə...
Ekspert: “O qüvvələr anlayır ki, İrəvan çox şey itirə bilər”
22 Aprel 2024
Rusiya hərbi kontingentinin müəyyən edilmiş müddət başa çatmamış Azərbaycandan çıxması müxtəlif suallar yaradıb. Onlardan biri də budur ki, əvvəl Fransa ilə hərbi əməkdaşlıq müqaviləsi bağlayan, sonra isə təyyarələrlə İrandan silah daşınılan Ermənistan yenidən müharibə arzusuna düşə bilərmi? Son günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən şərti sərhəddə atəşkəsin pozulması da bu ehtimalın ortaya çıxmasında rol oynayır.
Bu mülahizənin tərəfdarları hesab edir ki, rəsmi İrəvan bölgədə vəziyyəti gərginləşdirməyə davam edir və buraya yeni aktorlar (Avropa, İran, ABŞ) cəlb edir. Bu aktorların cəlb olunması isə gərginliyi daha da artırır. Nəticə etibarı ilə də eskalasiyaya səbəb olmasına gətirib çıxarır.
Bəs baş verənlər nəyə gətirib çıxara bilər? Silah və texnika arsenalını gücləndirməkdə olan Ermənistan Azərbaycanla yenidən müharibəyə başlaya bilərmi?
Hərbi-siyasi ekspert Azad İsazadənin fikrincə, Cənubi Qafqazdan kənarda hansısa görüş təşkil olunanda cəbhə boyunca gərginlik çoxalır, təxribatlar olur və atəşkəs pozulur.
Ekspert bildirir ki, Paşinyan 5 aprel görüşündən öncə elan etdi ki, Azərbaycan 4 kəndi tələb edir və bu kəndlər verilməsə, müharibə başlayacaq: “Bu, təbii bir prosesdir. Paşinyanın danışıqlarda gərginlik ab-havası yaratması, öz mövqeyini gücləndirməyə çalışması və gərgin bir vəziyyətdə, təzyiqlər altında dövləti necə idarə etdiyini hər kəsə eşitdirməsi xoşagəlməz, amma siyasətin tələb etdiyi təbii bir prosesdir. Başa düşməliyik ki, bütün proses bitməyənə qədər, yəni sülh müqaviləsi bağlanmayana, demarkasiya və delimitasiya olmayana qədər belə hallarla tez-tez üzləşəcəyik. Amma sadaladıqlarım bitəndən sonra da bu hallar tam sıfıra enməyəcək”.
Azad İsazadə deyir ki, Cənubi Qafqazda sülhü istəməyən xarici qüvvələr var. Söhbət həm Rusiya, həm İran, həm də Qərbdən gedir. Hər biri bu zonanı öz təsiri altına almaq istəyir: “2024-cü ildə böyük miqyaslı müharibəni başlamaq istəyən qüvvələr anlayır ki, Ermənistanın nə insan resursu var, nə də hərbi resursu. Sözsüz ki, böyük müharibə başlasa, Ermənistan daha çox ərazi itirə və itkilər verə bilər. Ərazi itirməsə belə, ordusunu Azərbaycan məhv edəcək. Ümumiyyətlə 2.5 milyon bir ölkənin 10-15 min əsgərinin ölməsi böyük itkidir. Ona görə də Paşinyan bu riskə gedə bilməz. Lokal müharibə anlayışı isə şərtidir. Yəni müharibənin müddəti 2 gün, 1 həftə və ya sadəcə 1 günlük atışma formasında da ola bilər”.
Müsahibimiz bildirir ki, Azərbaycan hərbi baxımdan çox təhlükəsiz dövrə girir. Çünki müharibə üçün dağlıq zonada yazın axırı, yay və payızın əvvəli ən əlverişli perioddur və iki tərəf də buna hazırdır. Sanksiya məsələsinə gəldikdə isə bu təhlükə həmişə var. Hər bir ölkəyə qarşı sanksiya qoyula bilər. Amma biz müharibəyə və hərbi əməliyyat keçirməyə başlamasaq, kobud təxribatlara reaksiya verməsək, sanksiyalar ilə rastlaşmayacayıq.
Ekspert əlavə edir ki, Laçın sərhədində zabitimiz yaralandığı zaman, biz həmin an cavab versə idik, sübut etmək çətin olacaqdı ki, ilk bunu kim başlayıb. Praktiki bir sutka dözdük, hazırlaşdıq və hamı bildi ki, Azərbaycan əsgəri yaralanıb, Ermənistan belə bir təxribat törədib. Daha sonra isə qisas əməliyyatı keçirdik, 4 erməni əsgəri öldürüldü və Azərbaycan sanksiya ilə üzləşmədi. Gələcəkdə də hansısa təxribat baş verdiyi zaman anlamalıyıq ki, biz hansısa ədalətsiz sanksiya ilə rastlaşa bilərik, buna görə də işimizi ehtiyatla görməliyik.
Ermənistanın İran tərəfindən silahlandırılması məsələsinə toxunan ekspertin sözlərinə görə, burada bir neçə variant ola bilər: “Birinci variant, SSR dönəmində İranda kifayət qədər sovet texnikasına və toplarına uyğun silah-sursat zavodları tikilib. Onlar sadəcə özləri istehsal etdiyi və Ermənistanda qalan köhnə sovet texnikası üçün mərmiləri təyyarə ilə İrəvana çatdıra bilər. Həqiqətdə isə Ermənistanda sovet dövründən qalan silah-sursat ehtiyatı yoxdur, ya da çox azdır”.
A.İsazadənin fikrincə, ikinci versiya bu ola bilər ki, Ermənistanın vaxtı ilə Rusiyadan silah almaq üçün pul ayırsa da, ruslar hələ də onlara bu silah-sursatı verməyiblər. Ermənistan bununla bağlı Rusiyaya iradını bildirdi. Ola bilər, Rusiya həmin hərbi texnika və sursatı Xəzər dənizi vasitəsi ilə İrana, oradan da təyyarə ilə Ermənistana çatdırmağa başlasın. Əslində Rusiya quru yolu vasitəsi ilə bu hərbi yükləri Ermənistan-İran sərhədindən göndərə bilərdi. Amma etmədi, məqsəd isə iz itirməkdir. Onlar narahatdırlar ki, bütün bu proseslər Azərbaycan Ordusunun nəzarəti altındadır, Bakı hər şeyi qeydə ala, məsələni beynəlxalq səviyyədə qaldıra bilər: “Bu versiyaların hansı daha realdır, demək çətindir. Amma bu məsələni siyasi səviyyədə qaldırmaq lazımdır. Həm də İran beynəlxalq sanksiyalar altındadır. Biz mütləq bu məsələyə siyasi baxımdan reaksiya verməliyik. Mənim sadaladığım variantlar arasında ikinci versiya daha real ola bilər. Çünki İrəvan aeroportunda rus sərhədçiləri dayanıb və həmin aeroportun yanında da Ermənistanın hərbi aeroportu var. Deməli, o yüklər istər-istəməz Rusiya sərhədçilərinin nəzarəti altından keçməlidir. Sözsüz ki, Rusiyanın hansısa formada bu əməliyyatdan xəbəri var. İstər İrandan daşınan silah olsun, istərsə də Rusiyadan. Hər iki halda, bu prosesdən Rusiyanın məlumatı var və onlar icazə veriblər ki, bu hərbi mallar İrəvana çatdırılsın”.
Mədinə Useynova