Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa Şurasında Azərbaycanın AŞPA-ya qayıtması müzakirə olunur

Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması müzakirə olunur. Bu məsələ Avropa Şurası Nazirlər Komitəsində qaldırılıb.

Bu barədə AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Lixtenşteynin XİN başçısı Dominik Hasler AŞPA-nın yaz sessiyasında deputatların suallarına cavabda bildirib.

"Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür və təşkilatın digər iştirakçıları ilə bərabər hüquqlara malikdir. Təbii ki, ölkənin mülki və siyasi hüquqlar nöqteyi-nəzərdən Avropa Şurasının standartlarına uyğun olmaq üzrə eyni öhdəlikləri də var. Əmin ola bilərsiniz ki, Nazirlər Komitəsi bu məsələnin ortaq həll yolunu tapmaq üçün dialoqu ardıcıl olaraq davam etdirəcək", deyə Hasler qeyd edib.

O bildirib ki, "Azərbaycan 2001-ci ildə AŞ-a daxil olduqdan sonra demokratik keçid prosesində Avropa Şurasının dəstəyindən istifadə edib".

Öz növbəsində, "Avropa Şurası öz dəyərlərinin təbliği və onların yayılma sahəsinin genişləndirilməsi nöqteyi-nəzərdən Azərbaycanın töhfəsindən istifadə edib".

"Bu, sərhədsiz, qarşılıqlı səmərəli əməkdaşlıqdır. Şübhəsiz ki, hələ yolun yarısı keçilib, ciddi təkmilləşdirmələrə, islahatlara ehtiyac var. Hesab edirəm ki, bizim bir-birimizə ehtiyacımız var və ümid edirəm ki, bizi birləşdirən dəyərlər naminə əməkdaşlıq və dialoqun davam etməsi üçün Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında layiqli yerinə qayıdacaq", deyə AŞ Nazirlər Komitəsinin rəhbəri qeyd edib.

O, həmçinin Azərbaycanda həbs edilən Qarabağ separatçıları ilə bağlı suala cavab verib.

"Ermənistan üçün onlar hərbi əsir, Azərbaycan üçün adi cinayətkardır. Ancaq, nə olursa olsun, onlar insandır və Avropa konvensiyaları ilə qorunur. Buna görə onlara qarşı rəftar buna uyğun olmalıdır", deyə Hasler qeyd edib.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri 2024-cü ilin yanvar sessiyasında dayandırılıb.

Bu qərarın təşəbbüskarları bu addımı Azərbaycanın AŞ qarşısında öhdəliklərini yerinə yetirməməsi, habelə 7 fevral prezident seçkilərinin monitorinqi üçün AŞPA nümayəndə heyətinin dəvət edilməməsi ilə əsaslandırırdı.