Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və Britaniya İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İsrailə dron və raket hücumuna cavab olaraq İrana qarşı sanksiyaları genişləndirib.

Sanksiyalar siyahısına 16 fiziki və 2 hüquqi şəxs daxil edilib. Onlar İranda PUA istehsalı ilə məşğul olan şirkətlər və şəxslərdir.


ABŞ-la yanaşı Böyük Britaniya da İrana qarşı sanksiyalar siyahısını genişləndirib. Bildirilib ki, Britaniya sanksiyalar siyahısına pilotsuz uçuş aparatları və ballistik raket sənayesi ilə məşğul olan İranın ümumilikdə 13 hərbi təşkilatını, fiziki və hüquqi şəxsləri daxil edib.


Sanksiya tətbiq olunan hərbi qurumlar arasında İran Silahlı Qüvvələrin Baş Qərargahı və SEPAH Hərbi Dəniz Qüvvələrinin olduğu bildirilir.


ABŞ Prezidenti Cozef Baydenin bəyanatla çıxış edərək bildirib ki, ABŞ administrasiyası müttəfiqləri və tərəfdaşları ilə birlikdə İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyalar tətbiq edir: “Bir həftədən az bir müddət əvvəl İran İsrailə qarşı dünyanın ən böyük raket və dron hücumlarından birini həyata keçirib. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə İsraili müdafiə etdik. Biz bu hücumu dəf etməyə kömək etdik. Bu gün İranı məsuliyyətə cəlb edirik - ona qarşı yeni sanksiyalar və ixrac nəzarəti tətbiq edirik”.


Onun sözlərinə görə, ABŞ İrana iqtisadi təzyiqi artırmaq üçün kollektiv şəkildə hərəkət etmək niyyətindədir.