Logo
news content

86,6 min kv km... - “Finita la commedia”?
Ritorika dəyişib, münaqişənin birdəfəlik həlli üçün real şans yaranıb


Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar çox ciddi mərhələyə keçiib. Söhbət hər iki tərəfdən ölkələrin ərazi bütövlüyünün tam şəkildə tanınmasından gedir.

Nə baş verir və bu, hansı mərhələdir? Məsələ ondadır ki, artıq açıq şəkildə Azərbaycanın (elə Ermənistanın da) ərazi bütövlüyünün tanınması məsələsi ortaya qoyulub. Özü də, vasitəçilərin dili ilə, ən yüksək formatda keçirilən görüşdə, ən yüksək vəzifəli vasitəçi olan  Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Əslində, heç kim, diplomatik meyarlara uyğun danışsaq, son anda təyin olunan (görüş barədə ilk məlumat mayın 9-na təsadüf edirdi və tərəflər iştirakı son anda təsdiq etdilər) bu görüşdən xüsusi irəliləyiş gözləmirdi. Çünki bundan cəmi bir neçə gün əvvəl iki ölkənin xarici işlər nazirlərinin ABŞ-da təxminən bir həftə çəkən gərgin danışıqları olmuşdu və xüsusi irəliləyiş qeydə alınmamışdı. Növbəti mərhələdə isə hər iki ölkənin liderinin Moskvada bir araya gələcəyi nəzərdə tutulurdu və hamı bu görüşdə Vaşinqton danışıqlarında əldə olunan zərif razılaşmaların üzərindən xətt çəkiləcəyini gözləyirdi.

Amma görüşdən sonra ənənəvi olaraq jurnalistlər qarşısına çıxan vasitəçi Mişel çox mühüm açıqlama verdi. Sitat: “Hər iki lider 1991-ci il Almatı Bəyannaməsinə və müvafiq olaraq, Ermənistanın 29 800 kvadrat kilometr və Azərbaycanın 86 600 kvadrat kilometrlik ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər”.

Nədir vacib məqam? İddia oluna bilər ki, danışıqlarda vasitəçi olan Mişel də, ABŞ dövlət katibi Entoni Blinken də, özünü ən vacib vasitəçi sayan Moskva da müxtəlif ranqlı siyasətçilərinin dili ilə daim ərazi bütövlüyünə hörmət məsələsini dilə gətiriblər. Amma fərq ondadır ki, buna kimi dəqiq ərazi vahidini söyləyən, dilə gətirən olmamışdı. 

İndi başqa bir məqam: Mişel niyə ölkələrin hörmət edilməli olan dəqiq ərazisini dilə gətirdi? Şarl Mişel vasitəçi kimi çıxış etsə də, Qarabağ problemini, Azərbaycan-Ermənistan münaqişəsini həll etməyə təhkim olunmuş diplomat deyil, buna görə də Azərbaycanın və Ermənistanın ərazisi, üstəlik hansısa mübahisəli detallar barədə dəqiq bilgisi olmaya bilər. Amma onun çıxışı hazırlanan zaman bu rəqəmlər sənədə xüsusi olaraq salınır və bütün dünyaya (daha dəqiqi, Moskvaya) tərəflərin hansı sərhədlər çərçivəsində bir-birini tanıdığı, bir-birinin “ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqlədikləri” bəyan edilir. 

Ermənistan ərazisini bir kənara qoyaq, onunla işimiz yoxdur. Bizi maraqlandıran Ermənistanın Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisinə hörmət etməsi məsələsidir! Çünki 86,6 min kvadrat kilometrlik ərazi özündə Qarabağın dağlıq hissəsini də ehtiva edir. Yəni, Rusiya hərbi kontingentinin müdaxiləsi ilə hələ də Azərbaycanın nəzarətindən kənarda qalan, separatçı rejimin idarə etdiyi bölgəni. Bir az da dəqiqləşdirsək, Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edir! Elə beynəlxalq birlik də Qarabağ məsələsinin gündəmdən çıxdığını və Azərbaycanın ərazi bütövlüyü məsələsinin artıq sual olmadığını deyir!

Dünən isə Nikol Paşinyan özü şəxsən bu məsələni dilə gətirdi. Ermənistanın baş naziri Reykyavikdə keçirilən Avropa Şurasının sammitində Şarl Mişelin bəyanatını xatırladıb: Üç gün öncə Avropa Şurası sədrinin vasitəçiliyilə irəliyə doğru addım atdıq, Ermənistanın Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrini, Azərbaycanın Ermənistan ərazisinin 29,8 min kvadrat kilometrini tanıdığını vurğuladıq

Paşinyan bundan əvvəl də “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır”, “Ermənistanın Azərbaycana, ümumiyyətlə heç bir dövlətə qarşı ərazi iddiası yoxdur”, “Ermənistan Madrid prinsiplərini qəbul edərkən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”, “Ermənistan və Azərbaycan Almatı bəyannaməsi ilə bir-birini tanıyıblar” kimi sürüşkən bəyanatlar verirdi. Amma bu bəyanatlarda heç bir zaman nə Qarabağın Azərbaycan ərazisi olduğunu söyləmişdi, nə də Azərbaycanı 86,6 min kvadrat kilometrlik sərhəddə tanıdığını dilə gətirmişdi. 

Haradan haraya! Hakimiyyətinin ilk dönəmində “Qarabağ Ermənistandır və nöqtə” deyərək, şərab içib Şuşada yallı gedən Paşinyan bu gün Azərbaycanı 86,6 min kvadrat kilometr ərazi çərçivəsində, yəni, Qarabağla bir yerdə tanıdığını deyir.

“Finita la commedia”, yaxud, “Komediya bitdi”! 

Amma bitdimi?  

Münaqişənin həllində açar rolunu oynaya biləcək bu mərhələ eyni zamanda həm də münaqişənin başa çataraq, mübahisəni birdəfəlik bağlayacaq qıfıl rolunu da oynaya bilər. Hər halda, Azərbaycan bunu istəyir. Elə Ermənistandakı indiki hakimiyyət də bu yolu tutmuş kimi görünür. Ermənilər də beziblər. Alınacaqmı?

Ortada “kazaklar” var. O “kazaklar” ki, 1905-ci ildə olduğu kimi, bu gün də hər iki tərəfə güllə atırlar. O “kazaklar” ki, sülhməramlı donu geyib, sülh əldə olunmasına mane olurlar. O “kazaklar” ki, bu gün onların vasitəçiliyi ilə sülh danışıqlarının (“sülhə mane olmanın”) növbəti raundu keçirilməlidir. 

... Qarabağda Brüssel görüşü ərəfəsində döyüş gedirdi, itkilər vardı. Qarabağda dünən yenə erməni PUA-ları uçub, döyüş mərmisi atıb. 

Zaxarova yenə çıxış edib, Qərbin vasitəçilik səylərini pisləyib, deyib ki, Rusiyadan başqa bu münaqişəni həll edə biləcək başqa qüvvə yoxdur.

Hə, bir də. Srağagün Paşinyanın oğlunu oğurlamaq istəyiblər…