Logo
news content

Aprel də işğaldan xilas oldu
Qlobal siyasət də dəyişib, Rusiya da...

Rusiya ordusunun Azərbaycanda dislokasiyası və məramı bütün dövrlərdə ölkələr arasında ikitərəfli münasibətlərin vəziyyətinin göstəricisi olub. 

2020-ci il noyabrın 20-da imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlı hərbi kontingenti Azərbaycanın Qarabağ bölgəsi ərazisində müvəqqəti olaraq beş il müddətinə yerləşdirildi. 

İlk beşillik müddəti 2025-ci ilin noyabrında tamam olacaq hərbi kontingentin artıq Azərbaycanı birdəfəlik və tam olaraq tərk etməyə başlaması barədə məlumat yayılıb. Məlumatı Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri təsdiq ediblər, proses davam edir. 

Bildirilir ki, Kəlbəcərin Xudavəng monastırındakı post artıq Azərbaycan polisinə təhvil verilib. Xocalıdakı baza da boşaldılır. Rusiya qoşunlarının Azərbaycanı tərk etməsi prosesinin bir neçə günə tam yekunlaşacağı gözlənilir.

Rusiya ordusu tarix boyu Azərbaycana üç dəfə yeridilib. Birincisi 1801-ci ildə baş verib. Ümumiyyətlə, qeyd etməyə dəyər ki, 1801-1813-cü illər Azərbaycanın tarixində ən ağır dövrlərdən biridir. 1801-ci ildə Qazax, Şəmşəddil və Borçalı sultanlıqlarını zəbt etməklə çar Rusiyası Azərbaycan torpaqlarını işğal etməyə başlayıb. Bunun ardınca Car-Balakən, Gəncə, Qarabağ, Şəki, Şirvan Rusiya imperiyasının hərbi təcavüzünə tab gətirməyib, təslim olub.

Çar Rusiyasının Azərbaycanı işğal edə bilməsinin başlıca səbəbi kimi o vaxt xanlıqlar arasında birliyin, güclü və mərkəzləşmiş dövlətin olmaması göstərilir.

Bu işğal nəticəsində Azərbaycan iki yerə bölünüb.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Şimali Azərbaycanın 117 illik işğalına da son qoydu. Ancaq bu dövr də uzun sürmədi. 1920-ci ilin aprelində bolşevik Rusiyasının ordusu Azərbaycanı işğal etdi, bu da Cümhuriyyətin süqutuna səbəb oldu. 

Hər iki halda Azərbaycanda çar və bolşevik Rusiyasının işğalına qarşı mübarizə aparılıb. Ancaq beynəlxalq aləmdə şərtlər müqavimətə yardım göstərilməsinə imkan verməyib. Nəticədə, ikinci işğal dövründə Azərbaycan 71 il sovet dövlətinin tərkibində yaşamağa məcbur olub. Bu illər də ona çox faciəli hadisələr yaşadıb. Azərbaycan torpaqlarının işğalı, ermənilərin sovet hərbçiləri ilə birlikdə törətdikləri deportasiya və soyqırımları, ziyalı təbəqənin repressiyaya məruz qalması və başqa olaylar kommunist Rusiyasının bu respublikada törətdiyi cinayətlərin miqyasını təsəvvür etməyə imkan verir.

71 ildən sonra – 1991-ci ildə milli dövlətimizin bərpası Azərbaycanın ikinci işğaldan azad olmasına əsas yaratdı.

1993-cü il mayın 25-də Rusiya qoşunları dinc, danışıqlar yolu ilə Azərbaycandan çıxarıldı. SSRİ dağılandan sonra bu, ilk belə hadisə idi.

Rəsmi Moskva o vaxt ordusunun ölkəmizin ərazisində qalması ilə bağlı müqavilə imzalanmasına çalışsa da, Azərbaycanın o vaxtkı rəhbərliyi buna müqavimət göstərmişdi. Həmin dövrdə tərkibində 4 motoatıcı, bir hava-desant diviziyasının və 5 hərbi aerodromu olan 4-cü ordunun Azərbaycanı tərk edəcəyinə inananlar az idi. Ancaq dünyanın siyasi tarixində nadir hadisələrdən biri baş vermişdi.

Rusiya Azərbaycana iki dəfə dağıdıcı, işğalçı kimi ordu yeridib. Birinci dünya müharibəsində çar Rusiyasının məğlubiyyəti və inqilab bütün əyalətlərdən hərbçilərini çıxarmasına səbəb olmuşdu. O zaman əsgər və zabitlər səngəri, mövqeləri tərk edərək, məmləkətlərinə dönmüşdülər. İmperiya əyalətlərindən də hərbçilər Rusiyaya qaçmışdı. İnqilabdan sonra bolşeviklər imperiyanın ərazisini bərpa etmək üçün yeni işğalçılıq siyasətini həyata keçirməyə başlamışdılar. 

Rusiya ordusu Azərbaycana ikinci dəfə də işğalçı olaraq gəlmişdi. Sovet hərbçilərinin respublikada törətdiyi cinayətlər, xüsusilə Qarabağ və ətraf rayonlarda erməni vəhşiliklərinə etdikləri yardım və verdikləri dəstək Azərbaycanda onlara qarşı nifrət hissini gücləndirmişdi. 1990-cı ilin 20 Yanvar hadisəsi bu nifrətin zirvəsi oldu. Bu kimi hadisələr işğalçı ordunun Azərbaycanda xidmətini mümkünsüz etmişdi. 

Sonrakı dövrdə Rusiya hərbi-sənaye kompleksinin Azərbaycanda təmsilçiliyi Qəbələ Radiolokasiya Stansiyasının timsalında davam etdirildi. Bütövlükdə regiona və yaxın Şərq coğrafiyasına təyinatlanmış bu hərbi obyekt 2002-ci ilədək Rusiya tərəfindən heç bir hüquqi status olmadan istismar edilirdi. 2002-ci ildə Azərbaycan və Rusiya hökumətləri arasında RLS-in 10 il müddətinə icarəyə verilməsi barədə müqavilə imzalandı. 2012-ci ildə müqavilənin müddəti başa çatdı və tərəflərin rəsmi olaraq açıqladıqları “icarə qiymətlərində razılığa gəlinməməsi” səbəbindən RLS fəliyyətini dayandırdı. 2013-cü ildə obyektdəki hərbi təyinatlı sistemlər sökülərək Rusiyaya aparıldı və Rusiya hərbçiləri Azərbaycanı tərk etdilər.   

Rus əsgərinin ayağı Azərbaycana bir də 7 il sonra - 2020-ci il noyabrın 10-da dəydi. Bu dəfə 44 günlük müharibənin nəticəsi kimi imzalanmış Üçtərəfli Bəyanata əsasən, Rusiya qoşunu fərqli missiyada, sülhməramlı sifətində ölkəmizə daxil oldu. Əvvəlkilərlə müqayisədə bu dəfə onların gəlişi müddətli idi. Bu ad altında gəlsələr də, ilk dövrdə Qarabağdakı separatçı rejimi dəstəkləməyə cəhdlər göstərdilər. Artıq tarixin arxivinə göndərilmiş qondarma və cinayətkar qurumun rus dilini ikinci “dövlət dili” elan etməsi, Rusiya hərbçilərinin separatçı ermənilərə hərbi təlimlər keçməsi, Azərbaycanın bu bölgəsində Rusiyanın tarixi şəxsiyyətlərinə heykəllərin qoyulmasına başlanması və başqa addımlar Moskvanın bu ərazidə qalmaq üçün uzunmüddətli planlarının olduğunu göstərirdi. 

Bu hərəkətlərin qarşısı Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlar nəticəsində tədricən alındı. 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq antiterror tədbirləri bölgədəki separatçı qurumun ləğvi, qanunsuz silahlı birləşmələrin ölkəmizdən çıxarılması ilə nəticələndi. Bunun ardınca yerli əhaliyə Azərbaycan qanunları ilə öz yurdlarında qalıb yaşamaq təklif edilsə də, onlar bununla razılaşmayaraq, könüllü şəkildə kütləvi olaraq bölgəni tərk edib, Ermənistana köçdülər. 

Beləliklə, bölgədə sülh tam şəkildə bərpa olundu, sülhməramlı missiyasına ehtiyac qalmadı. Antiterror əməliyyatından keçən altı ay ərzində Rusiya öz hərbi kontingentini bölgədə saxlamaq üçün müxtəlif əsaslar tapmağa çalışsa da, heç nəyə nail ola bilmədi və Azərbaycanda xidmət başa çatdı.

İki ölkə rəsmilərinin razılığı nəticəsində sülhməramlılar Azərbaycan torpaqlarını tərk edir.

Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində son 4 ildə həyata keçirdiyi siyasətin uğurlu yekunu sayılmalıdır. 

Rusiya qoşunları bu dəfə rəsmi elan olunmuş missiyalarına uyğun davranaraq, Azərbaycanı qansız-qadasız tərk edir. Bu, həm də ölkə ərazisində başqa dövlətin ordusunun olmaması deməkdir. Azərbaycan birmənalı olaraq öz sərhədləri daxilində suveren və azad dövlətdir. Bu, milli dövlətçilik tarixində növbəti və əhəmiyyətli qələbəmizdir. 

124 il öncə bolşevik Rusiyasının qoşunu Azərbaycanı işğal etməyə, Cümhuriyyəti devirməyə gəlmişdi. İndi isə sülhməramlı kimi missiyasını başa çatdıraraq gedir. Qlobal siyasət bu dərəcədə dəyişib və Ukrayna ilə müharibə də daxil olmaqla, bir sıra amillər üzündən Rusiya da əvvəlki deyil. 

Əvvəllər aprel ayı Azərbaycanda daha çox bolşeviklərin işğal tarixi kimi xatırlanırdı. Artıq aprel də işğaldan xilas oldu...