Logo
news content

Ölüsü məzarlıqdan qaytarılan, anasını tanımayan, tamaşada darıxan manqurtlar - RESENZİYA
Azdramadakı fantastik realizm kimlər üçün dərsdir?

“Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən də şərqə gedirlər.

Bu yerlərdə dəmir yolunun hər iki tərəfi ilə intəhasız sarı torpaq çöllərin göbəyi hesab edilən Sarı-Özək düzənliyi uzanıb gedir.

Coğrafiyada hər şey Qrinviç meridianından ölçülən kimi, bu yerlərdə də bütün məsafələr dəmiryol ilə ölçülürdü.

Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdilər”.

Bu cümlələrdə qəribə bir cazibə var.

Yaddaşımda bu cümlələr əsərin girişi kimi qalıb, amma əslində bu əsər də Tolstoyun dediyi kimi – “"Bütün möhtəşəm hekayələr iki cür başlayır: Ya bir insan bir yola çıxır, ya da bir şəhərə yad bir adam gəlir" – qəhrəmanının yola çıxması ilə başlayır. 

Dedilər uzun tamaşadır, üç saatdan artıq çəkir. Bir az ehtiyat etdim ki, darıxaram, durub çıxmaq da ar gələr, onda neynəyərəm..? Son vaxtlar bu haldan çox çəkmişəm. Nə darıxdım, nə də durub çıxmaq keçdi ağlımdan, antraktda pərdələr bağlananda saata baxdım ki, birinci hissə iki saatdan artıq çəkib.  Hadisələrin axarına düşüb getmişəm, düşünə-düşünə, əsəri oxuyanda gənc olduğumdan dərinliyinə gedə bilmədiyim nəsnələrin də dəryasına indi baş vurmuşam, fasiləni istəmirdim, heç çıxmayım deyirdim, həqiqətinə varım. Və tamaşa boyu gözlədiyin bir məqam var... o məqam ki... Bu barədə sonra.

Qırğız, hətta  dünya ədəbiyyatının incisi desəm, mübaliğə olmaz. Çingiz Aytmatovun 1980-ci ildə qələmə aldığı “Əsrə bərabər gün” əsərindən söhbət gedir. Daha doğrusu, o əsərin Akademik Milli Dram Teatrında əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin səhnə həlli verdiyi tamaşadan. Çox sevdiyim əsərdir. Üstündən illər keçsə də, onlarla roman oxusam da, yaddaşımın bir küncündə həmişə vərəqlədiyim bir-neçə əsərdən biridir. Mövzu, hadisələr, qəhrəmanlar, yaşantı, yaşamadığım olsa da, dövr çox doğmadır, çünki ədəbiyyat, film dövrü bizə anladıb əslində, ondan sonrakı zamanı da biz yaşamışıq, onların yaşantılarının ardı kimi. Zaman-zaman düşünüb dərk etmək üçün gözəl bədii nümunədir. Sovetin qılıncının qəbzəsi də kəsən vaxt həqiqəti sillə kimi üzə çırpan belə bir əsər yazmaq böyük cəsarət tələb edirdi.  

Tamaşa da qatarın qulaqbatıran fit səsi fonunda şərqə tərəf hərəkəti ilə başlayır. Eynən əsəri oxuyanda gözlərim qarşısında belə canlanmışdı. Və tamaşa boyu gözlədiyin bir məqam var... o məqam ki... Bu barədə sonra. 

Əsərin mövzusu, qəhrəmanları, onların ailə-məişət həyatı, yazıldığı dövr və s. bizim üçün tanışdır, doğmadır. Hadisələr qatarların illərdir şərqdən qərbə, qərbdən şərqə getdiyi böyük Sarı-Özək düzənliyində, cəmi 8-9 evin olduğu, yayı qızmar, qışı çovğun keçən Boranlı adlı kənddə cərəyan edir. Hər şey Yedigeyin -Xalq artisti Nurəddin Mehdixanlı -  dostu, iş yoldaşı Qazanqapın – Abbas Qəhrəmanov - ölüm xəbərini alması ilə başlayır. Sonra bütün həyatı kino lenti kimi gözünün önündən keçir. “Əsrə bərabər gün"də elə həmin gündür.  Yedigey həyat yoldaşı Ukubala – Laləzar Mustafayeva- ilə Boranlıya necə gəldiyini, Qazanqapın ona qucağını, evinin qapısını açdığını, həyatını qurmaqda kömək olduğunu xatırlayır. 

Yedigey qırğız xalqının milli-mənəvi dəyərlərini özündə daşıyan, adət-ənənəyə, böyük-kiçiyə, torpağa bağlı bir adamdır, bir az obrazını yaradan aktyorun özü, bir az da əsərin müəllifi kimi. Müharibədə olub, sinəsi orden-medalla doludur, amma  stalinizmdən də az çəkməyib. Siyasi, mənəvi əsarətdən qurtulmaq arzusu ilə içində qovrulan sovet adamıdır. Nurəddin Mehdixanlının təqdimatında qırğız, həm də azərbaycanlı olan Yedigey dostunun son vəsiyyətini yerinə yetirmək üçün yola çıxır, rəhmətə gedən Qazanqapı Ana-Beyitdə torpağa tapşırmaq istəyir. Qazanqapın oğlunun düşüncəsinə görə ölünün harada dəfn olunmasının bir mənası yoxdur, “o zatən ölüb, bir çala qazıb qoyub üstünü torpaqlamaq lazımdır”. Yedigeyə görə, insanın son mənzili  öz torpağında, onun üçün əziz olan yerdə olmalıdır. Qazanqap da nahaq yerə o məzarlıqda dəfn olunmasını istəməyib. Dostuna son borcunu vermək üçün 30 km yolu qət edən Yedigey yol boyu Ana-Beyit haqqında dolaşan manqurt əfsanəsini xatırlayır. Manqurt əfsanəsi roman içərisində ayrıca roman olduğu kimi tamaşada da ayrıca bir tamaşa oldu. Və tamaşa boyu gözlədiyin məqam bu idi...

Juanjuanların – oxu: imperiyanın - məqsədli işgəncəsi ilə kimliyini, soyunu unudan Joloman manqurta çevrilib. Oğlu Jolomanı axtaran Nayman Ana onun hissiyyatsız, ruhsuz, donuq cismilə qarşılaşır. Ona kimliyini laylaları ilə, oxşamaları ilə xatırlatmağa çalışır, alınmır, bu yolda özü də məhv olur.
Tamaşada da, romanda olduğu kimi, müxtəlif dövrlər müqayisə və paralellərlə gedir. O vaxtın manqurtu indi Qazanqapın atasının dəfninə getməyə vaxt tapmayan oğlu Sabitcandır. Öz ölüsünü dəfn etmək üçün ata-baba məzarlığına həmkəndlilərini buraxmayan, onlarla ana dilində danışmağı ar bilən qırğız-sovet zabitidir. Manqurt həm də öz dilini, dinini, mənəvi dəyərlərini, kimliyini unudan, unutdurulan bizlərik, 15 sosialist respublikasının xalqları. Manqurt tamaşa boyu “acından öldüm, çıxaq gedək yeməyə” - deyə yanındakı cavan oğlanı dəng edən eyni sırada əyləşdiyimiz gənc qızdır. Manqurt ifadəsi də əsərin adı kimi dillərdə aforizmə çevrilib. 

Tamaşa boyu dövrün bütün çətinlikləri, zülmü göz önündə canlanır. Ziyalıların, milli düşüncəlinin başına gətirilənlər aktyorların ifasında çatdırılır. Nə yazıq ki, Akademik teatrın bərbad akustikası ucbatından səhnədən deyilənlər mən əyləşən 7-ci sırada eşidilmir. Tamaşa da çox səs-küylü olduğundan tamaşaçıya səs yox, ancaq küy çatır. Əsərdən irəli gələn gərgin, əsəbi, tez-tez olan danışıqlarda nə deyildiyi tamaşaçıya aydın olmur. 

Bunlar tamaşaya olan marağın qarşısına keçmir, təəssüf ki, ümumi ahəngə xələl gətirir. Bu yerdə Adil İsgəndərovun indiki Akademik Musiqili Teatrı binası üçün mücadilə apardığını xatırlayır və anlayıram. 


Ana-Beyitin qapısından içəri buraxılmayan dəfn əhli rəhmətliyi ora doğru gedən yolda torpağa tapşırmalı olur. Yedigey ölünün məzarlıq qapısından geri qaytarılmasını Tanrının və Nayman Ananın cəzası kimi qəbul edir. “Biz bu cəzaya layiq görülmüşük” - deyir. Əsərdə Ana-Beytə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə olsa da, tamaşada həm də əcdadlarından, torpağından dönüklüyün cəzası kimi təqdim edilir. 

Ana-Beyitdə isə Baykonur tikilir.  

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” (iki hissəli fantastik realizm) tamaşası, rejissorun təbirincə desək, Çingiz xandan Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxış adlandıra bilərik.

“Əsrə bərabər gün” əcdadlarının genetik kodlarını unudanlar haqqında ən uzun günün hekayəsidir.


Tamaşada həmçinin Laləzar Mustafayeva (Ukubala), Cəfər Namiq Kamal (Müfəttiş), Bəsti Cəfərova (Nayman Ana), Hacı İsmayılov (Nayman tayfa başçısı), Sabir Məmmədov (I Mühəndis), əməkdar artistlər Abbas Qəhrəmanov (Qazanqap), Elşən Rüstəmov (Abutalıb Kuttubayev), Anar Heybətov (Sabitcan), Vəfa Rzayeva (Zərifə), Ayşad Məmmədov (Ədilbəy), Elxan Quliyev (Əbilov), Mirzə Ağabəyli (Cumaəli), Əminə Babayeva (Bikə), Rövşən Kərimduxt  (Kospan və Juanjuan tayfa başçısı), Aslan Şirin (Osman və şagird 3), Elşən Cəbrayılov (I hərbçi), Mətləb Abdullayev (II Hərbçi), Rəşad Bəxtiyarov (Juanjuan 2), Məzahir Cəlilov (Qəbilə sakini 1), Əlvida Cəfərov (Qəbilə sakini 2), Kazım Həsənquliyev (Yolçu qonaq 1), Elşən Cəbrayılov (baş mühəndis), Almaz Amanova (Baş nəzarətçi), Elnar Qarayev (Paritet kosmonavt 1-2), aktyorlar Şəhla Əliqızı (Ayzadə), İlyas Əhmədov (Ayzadənin əri), Afət Məmmədova (Əbilovun arvadı), Rüstəm Rüstəmov (Qalibbəy), Cavidan Novruzov (Leytenant Tansıkbayev), Cümşüd Zeynalov (trofim və yolçu qonaq 2), Ramin Şıxəliyev (Maşinist), Elçin Nurəliyev (I əsgər), Tural İbrahimov (II əsgər), Vüsal Mustafayev (Juanjuan 1), Elsevər Rəhimov (Manqurt 1), Elçin Nurəliyev (Manqurt 2), Tural İbrahimov (Manqurt 3),  Dilarə Nəzərova (Nayman – qadınlar 1), Ləman İmanova (Nayman – qadınlar 2), Firuzə Balayeva (Nayman – qadınları 3), Elnur Qədirov (Paritet kosmonavt 2-1), Elçin Əfəndi (II Mühəndis), Lalə Süleymanova (Konvensiya əməkdaşı),  Rada Nəsibova (Astronavt 1), Nəzrin Abdullayeva (Astronavt 2), Elsevər Rəhimov (Şagird 1), Ramin Şıxəliyev (Şagird 2), Aydan Həsənzadə (Şagird 4), Aylin Həşimova (Şərafət), Dilarə Məhərrəmli (Səulə), Rüzgar Qasımzadə (Ermek) və Amir Muradov (Daul) iştirak edirlər. 

Aktyorların oyunu barədə ayrı ayrılıqda qeyd etməyə lüzum görmürəm, əsas odur ki, tamaşada komanda var. Bu, təkcə aktyorların yaxşı oynamaqlarından deyil, həm də tamaşaçının rejissorun da onların içində olduğunu hiss etməyindən bəlli olur. 

Musiqilər tamaşanın həllində əvəzsiz rol oynayır. Yeri gəlmişkən, bəstəkarı Azər Hacıəsgərlidir Geyim üzrə rəssam Aygün Mahmudova qırğız xalq geyimlərini maraqlı çalarlarla təqdim edir. 

Hə, bir məsələni unutdum, canlı dəvənin səhnəyə çıxarılmasını. Yedigeyin dəvəsi qırğız həyatının, səhra yaşantısının rəmzi kimi iki dəfə göründü, heç birində çatdırıb şəklini çəkə bilmədim, dəvə arxa çevirib getdi, lap “Başsız atlı”nın üz çevirib getdiyi kimi. 

“Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən də şərqə gedirlər.

Bu yerlərdə dəmir yolunun hər iki tərəfi ilə intəhasız sarı torpaq çöllərin göbəyi hesab edilən Sarı-Özək düzənliyi uzanıb gedir.

Coğrafiyada hər şey Qrinviç meridianından ölçülən kimi, bu yerlərdə də bütün məsafələr dəmiryol ilə ölçülürdü.

Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdilər”. 

Bu cümlələrdə qəribə bir cazibə var.

Tamaşadan çıxmışam, amma təsir dairəsindən çıxa bilmirəm, eynilə əsərin təsirində qaldığım kimi. Manqurtlaşma, repressiyaya uğramış ziyalılar, övladlarını ibtidai sinifdən, bağçadan yabançı dilində oxudan valideynlər, özünə, öz ədəbiyyatına, mədəniyyətinə, tarixinə aşağılayıcı nəzərlərlə baxıb, başqasının olanı özünə yamaq etməyi sevmək... Düşünürəm, dərk edirəm, anlada bilməyəndə isə yaşamaq çətinləşir. Özünü lap əsərin-tamaşanın məğzini tutmadığından teatrda darıxan tamaşaçı kimi hiss edirsən.