Logo
news content

Bumeranq zərbəsi – Ramilə Qurbanlı yazır

Gəncədə məktəbli məktəblini məktəbin qarşısında bıçaqlayıb. Məktəb sözünü bilərəkdən ardıcıl işlətdim. Kriminal hadisə küçəni, bazarı adlayıb, təhsil ocağına qədər gəlib çıxıbsa, biz bu gedişlə hara gedirik..?

“Qaşığımıza çıxan qazanımıza tökdüyümüzdür”. Vəziyyəti bu həddə gətirib çıxardan özümüzük. Əvvəlcə televiziyalardan maarifləndirici verilişlərin kökü kəsildi. Ekranlarda alimin, şairin, yazıçının yerini oxuduqlarının səviyyəsinə görə efirə həsrət qalmalı olan ifaçılar tutdu. Oxuduqları zövqsüz, musiqi və ədəbiyyata aidiyyatı olmayan mahnılar azmış kimi, taleyüklü məsələlərdə onların yanlış fikirlərini yayımladıq. Ekran qarşısında oturan yeniyetmə onun “nümunə göstərilən” fikrini düzgün hesab etdi, etalon bildi. Axı, onun fikrinin yanlış olduğunu, istiqamətinin düzgün olmadığını deyəni efirə buraxmadılar ki, gənc tamaşaçı da ağı qaradan seçib ayıra bilsin.

Sonra da meyxanaçıları çıxardıb deyişdirdik. Ekran vasitəsi ilə evimizdə onlar da əziz-xələf oldular. Belə-belə evimizin çağırılmamış qonaqları övladlarımızı “tərbiyə etdilər”.

İnternet əsrində gənclik kitabdan uzaqlaşdı. Kitabı təbliğ etmək əvəzinə, cəhalətin təbliği getdi. Gənclər elə düşündülər ki, elmin yox, dinin yolunu tutmaq lazımdır. Din dedikləri həmin nəsnənin isə islam dininə heç bir əlaqəsi yoxdur, cəhalətin özüdür. Amerikanın qəddarlığı, şiddəti təbliğ edən döyüş filmləri humanizm, insanlıq aşılayan öz filmlərimizi sıxışdırdı ekranın küncünə.

Gənclik öz dilimizdə yox, yabançı dildə təhsil aldı, nəticədə kökdən ayrılmağa başladıq. Nənə-baba “haqsız çıxdı”, “geri qalmış” oldu. Gənclik böyüyünü eşitmədi, müəlliminin üzünə ağ oldu.

Məktəblərdə təlim-tərbiyə lap sonuncu plana keçirildi. Təhsilimiz yalnız summativ qiymətləndirmə üzərində qurulduğundan nə tərbiyəyə, nə də kitabın, elmin təbliğinə vaxt olmadı.

Gənclik roman yox, kriminal ədəbiyyat oxudu, şeir yox, meyxana əzbərlədi. Qəhrəmanı Qarabağı azad edən hərbçilərimiz deyil, kriminal avtoritetlər oldu. Həyəcan siqnalı o zaman çalınmalıydı. Lap başlanğıcda. Məktəblərdə buraxılış tədbirlərində 11-cilər bəstəkar mahnılarına deyil, meyxanaya oynayanda, kriminal avtoritetlərin şəkillərini yaxalarında gəzdirəndə. Onlarla bağlı gecdir artıq. Amma gələcəyimiz üçün vuruşmalıyıq. İndi başlasaq, bəlkə 30 ilə nəticə əldə olunar. Lütfən, əldən gedən nəsli geri qaytara bilməsək də, gələn nəsillərə sahib çıxmaq üçün başlayaq. Əvvəlcə televiziyaların səviyyəsiz, bayağı şou proqramlarından canımızı qurtaraq, sonra kriminal aləmin avtoritarlığından. Qəhrəmanlarımız Şuşanı geri alan oğullardır, amma oğlanlarımız “vor zakon”ları ideal götürür. Meyxanadan və meyxanələrdən qurtulaq. Kitaba qaytaraq gəncliyimizi. Ziyalı, alim, sənətkarı tanıdaq onlara. Qazanımıza heç olmasa, bundan sonra tökdüyümüz qaşığımıza çıxanda, bumeranq zərbəsindən gözümüz təpəmizə çıxmasın.