Logo
news content
User
Kateqoriyalar

Müsahibə

Çılpaq şəkildə eyvana çıxıb...
Sakinlərin narazılığına səbəb olan müdaxilə nə dərəcədə qanunidir və buna son qoyulacaqmı?

2024-cü ilin yanvarın sonundan etibarən paytaxtda yerləşən bəzi yaşayış binalarında hamam otaqlarında qazla işləyən su qızdırıcılarının istifadəsinin yığışdırılması prosesinə başlanılıb. Belə ki, abonentlərdən su qızdırıcılarını eyvana köçürtmək tələb olunur.

“Azəriqaz” İstehsalat Birliyi bəyan edir ki, hamam otaqlarında qazla işləyən su qızdırıcılarının istifadəsi qadağandır. İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov mətbuata açıqlamasında bildirib ki, dəm qazından zəhərlənmə və ölüm hadisələrinin çoxu hamam otaqlarında qazla işləyən qızdırıcılarının qoyulması və tüstü bacalarının təmizlənməməsi səbəbindən baş verir.

Şöbə rəisi deyib ki, hamam otağında qazla işləyən qızdırıcılarının nasaz olduğu aşkarlanarsa, oraya qazın verilişi dayandırıla bilər. 

Artıq bəzi mənzillərdə qaz xətləri möhürlənib və su qızdırıcılarına qazın verilişi dayandırılıb. Bu da abonentlərin narazılığına səbəb olub. Çünki evində nasazlığı olmayan, sertifikatlı su qızdırıcılarından istifadə edən sakinlər də əlavə xərcə düşürlər. Həm də su qızdırıcısının hamamdan kənar yerə köçürülməsi onlar üçün əziyyət olur. 

Başqa bir problem ondan ibarətdir ki, Azərbaycanda su və qazın stabil verilməsində problem var. Su gələndə qazın təzyiqi aşağı düşür, qaz yüksək olanda suyun təzyiqi olmur. Bu da su qızdırıcısından istifadə zamanı daimi müdaxilə - tənzimləmə tələb edir. İndi isə belə çıxır ki, hamam otağında duş alan adam, təzyiqi tənzimləmək üçün çılpaq şəkildə eyvana çıxmalıdır? 

Evindəki su qızdırıcısının yığışdırılması barədə xəbərdarlıq alanlardan biri də Bakı sakini Xatirə İsayevadır. O, Pressklub.az-ın əməkdaşına bildirib ki, “Azəriqaz”ın bu addımını qanunsuz müdaxilə hesab edir.

“Bir neçə gün öncə “Azəriqaz”ın əməkdaşları qaz xətlərini yoxlamaq adı ilə evimə gəldilər. Sonra akt yazdılar ki, su qızdırıcısını eyvana çıxarmalıyam. Yaşadığım bina sovet dövründə tikilib. Və layihədə də su qızdırıcısının qoyulması göstərilib. Uzun illərdir evimdə su qızdırıcısı var. Hazırda da Polşa istehsalı olan, dövlətin müvafiq qurumları tərəfindən uyğunluq sertifikatı verilən “Termet” qızdırıcısından istifadə edirəm. Bu qızıdırıcı təhlükəsizdir, daxilində xüsusi qoruyucu var, dəm qazı təhlükəsi yarananda sönür. Üstəlik, “Azəriqaz” əməkdaşı heç bir ciddi yoxlama aparmadan, sadəcə kənardan müşahidə ilə qərara gəldi ki, tüstü bacası da yaxşı çəkmir. Halbuki, bu qərarı vermək üçün müəyyən qaydalara əməl edilməlidir. Lap qaydalara əməl etməsələr belə, “Azəriqaz”ın əməkdaşının bütün tələbləri qarşılayan su qızdırıcısını eyvana çıxartmağı tələb etməsi qanunsuz müdaxilədir”. 

Yaşayış yerində su qızdırıcısının hamamlardan çıxarılması üçün “Azəriqaz”ın təyin etdiyi müəyyən şərtlər var. Bu şərtlərdə bildirilir ki, qızdırıcı həmin şərtləri qarşılamırsa, o zaman dəyişmək tələb edilir. Amma heç bir təhlükə törətməyən, qoyulan tələbləri qarşılayan su qızdırıcılarının yerindən çıxarılması nə dərəcədə düzgündür?

“Azəriqaz” İB şöbə rəisi İlkin Behbudov isə Pressklub.az-a açıqlamasında bildirib ki, istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və pozuntuların aşkar edilməsi məqsədilə müayinə xidmətlərinin ildə bir dəfə təqdim olunması qaz paylayıcısına həvalə olunub: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 215 nömrəli qərarı ilə təsdiq olunmuş “Qaz paylayıcısı tərəfindən qaz qurğularına, qaz xətlərinə və tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın (Qayda) 1.3-cü bəndində də analoji müddəa təsbit edilib. 

“Azəriqaz” istehsalat Birliyinin mütəxəssisləri tərəfindən keçirilən müayinələr zamanı yuxarıda qeyd edilən Qanun və Qaydaların tələbləri və həmçinin sahə üzrə Respublikada qüvvədə olan texniki normativ sənədlərin tələbləri istehlakçıların nəzərinə çatdırılır. 

Yaşayış evlərinin qaz təchizatı bölməsinin 8.39. bəndində bildirilib ki, “Su qızdırıcıların, istilik qazanlarının və istilik aparatlarının qoyulması, bunların yerləşdirilməsi üçün ayrılan və bu normaların 8.45. və 8.46. bəndlərinin tələblərinə cavab verən mətbəxlərdə və qeyri-yaşayış otaqlarında nəzərdə tutulmalıdır. Göstərilən cihazların vanna otaqlarında qoyulmasına yol verilmir. Əvvəllər qüvvədə olan normalara uyğun olaraq vanna otaqlarında yerləşdirilmiş suqızdırıcıların, evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb, mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Mövcud yaşayış evlərində istilik qaz cihazlarının və istilik aparatlarının bu normaların 8.45. və 8.46. bəndlərinin tələblərinə cavab verən, fərdi istifadə edilən dəhlizlərdə qoyulmasının nəzərdə tutulmasına yol verilir. Qaz odluqlarının və ya armaturlarının kənara çıxan hissələrindən qarşıda yerləşən divara qədər olan məsafə 1 m-dən az olmamalıdır.

Qeyd edilən texniki normativ sənədin tələbinə əsasən istehlakçı qazla işləyən cihazın vanna otağından çıxarılmasını yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməsini təmin etməlidir”.

Eyni zamanda o, texniki şərtlərə riayət etməyən abonentlərə “Azəriqaz” tərəfindən tərtib edilən aktın nüsxəsinin verildiyini və tələblərə əməl etməyən abonentlərə qaz təminatının dayandırıldığını bildirib.

“Sovet dövründə tikilmiş binaların əksəriyyətində dəm qazından zəhərlənmə faktına rast gəlinmir. Həmin binalarda hamam otağının həcmi rol oynayır. Havalandırma sistemi olmadıqda içəridəki oksigen yanıb, bitməyə doğru getdikcə yanma prosesi pozulur. Təhlükəsizlik üçün havalandırma sisteminin, tüstü bacanın və detektorun olması vacibdir”. 

İ. Behbudov özü də təsdiq edir ki, sovet dövründə tikilmiş binalarda bu problemlərə rast gəlinmir. Amma yenə də həmin sakinlərin qarşısına müəyyən tələblər qoyulur. Yəni, qurunun oduna yaş da yanır...

Bəs hər şey qaydasında olanda belə, niyə həmin su qızdırıcısının yerini dəyişmək tələb edilir? Bu tələbin edilməsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Pressklub.az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib ki, normativlərə uyğun istifadə edilən su qızdırıcıları təhlükəsiz hesab olunur.

“Layihədə göstərilmiş sertifikasiyalı su qızdırıcısı varsa, yoxlamaya gələn nümayəndələrə həmin məlumatlar verilməli, sertifikasiya təqdim edilməlidir. Təəssüf ki, bəzi insanlar su qızdırıcılarını rəsmi sertifikasiyası olan yerdən almır. Sonra da saxta formada başqa yerdə düzəltdirirlər. Bu halda təhlükə riski daha da yüksək olur. Vətəndaşlar bilməlidir ki, bu qaydalar və yoxlamalar onların təhlükəsizliyi üçündür. Tələb olunan normativlərə əməl edilirsə, tikinti layihələndirmədə su qızdırıcısı düzgün quraşdırılıbsa, onun istifadəsində qanunsuz heç nə yoxdur”. 

Maraqlıdır, normativlərə əməl edildiyi halda “Azəriqaz”-ın su qızdırıcılarının çıxarılmasını tələb etməsi hansı qanunun pozuntusu deməkdir?

“Bu cihazlar gömrükdə aidiyyəti qurumlar tərəfindən yoxlanılır. İstifadəyə uyğun olub-olmaması müəyyənləşdikdən sonra satışa buraxılır. Yararlılıq sertifikatını alandan sonra rahat istifadə etmək olar. Bu halda “Azəriqaz”ın gəlib onu çıxarmağı tələb etməsi qanunsuzdur. Bu istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır”.

Bu sözləri isə Pressklub.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı deyib.

Müsahibimizin sözlərinə görə, bundan başqa normativ hüquqi aktlarda da qanun pozuntusu var: Bu ilin yanvarında özləri müəyyən standartlar təyin edib. Onun Nazirlər Kabinetində qəbul olunub-olunmaması sual altındadır. Çünki Nazirlər Kabinetinin qərarlarında belə bir şeyə rast gəlməmişəm”.

Sözügedən problemlərin əksəriyyətinə yeni tikililərdə rast gəlinir. Yəni, köhnə tikililərdə bu cür problemlər yox deyiləcək qədər azdır. Həmçinin, bu tikililərdəki əksər su qızdırıcılarının istifadəsində təhlükəsizlik qaydalarına əməl edilir. 

Ümumiyyətlə, köhnə və ya yeni tikili fərqi olmadan, təhlükəsizlik qaydalarını qarşılayan su  qızdırıcılarının çıxarılmasını tələb etmək qanunsuz müdaxilədir. Ona görə də problemin həlli üçün “Azəriqaz” İB məsələyə daha diqqətli yanaşmalı, təqsirsiz sakinlərə qarşı humanist davranmalıdır. 

Günay Elşən