Kremldə Putinin Əliyevlə görüşü keçirilib
22 Aprel 2024
Bazar ertəsi gündüz Kremldə RF və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşü keçirilib. Əliyevi salamlayan Putin deyib ki, bu günlərdə Baykal-Amur magistralının 50 illiyi qeyd edilir. "Hamı yaxşı bilir ki, atanız çox böyük rol oynayıb, hökumət komissiyasına rəhbərlik edib, dəfələrlə tikinti sahəsinə gedib. Əslində o, bütün Sovet İttifaqı üçün vacib olan bu möhtəşəm layihənin təşkilatçılarından biri idi. Biz nəinki bunu bilirik - biz bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yaşadırıq", deyə Putin qeyd edib.
"Əminəm: atanızın bu nəhəng layihənin həyata keçirilməsində göstərdiyi bütün səylər, əmək, sərf etdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, bütün Müstəqil Dövlətlər Birliyi üçün böyük rol oynayır", deyə Putin sözünə davam edib.
İkitərəfli münasibətlərə toxunan RF prezidenti deyib ki, qarşılıqlı ticarət dövriyyəsi artır və 4 milyard dolları aşıb.
Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 6 milyard təşkil edir.
"Şübhəsiz, regionda təhlükəsizliyin təmin edilməsi nöqteyi nəzərdən vəziyyət haqqında da danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssas məsələlərdir. Biz Sizinlə onların hər biri haqqında danışacağıq", deyə Putin qeyd edib.
İlham Əliyev cavab sözündə deyib ki, Azərbaycanda Rusiya rəhbərliyi və ictimaiyyət arasında Heydər Əliyevin xatirəsinə olan münasibət çox yüksək qiymətləndirilir.
"İki ildən çoxdur biz 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını nəzərdə tutan əsas siyasi sənəd olan Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik", deyə Əliyev bildirib.
Danışıqların gündəliyində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi, habelə regional təhlükəsizlik məsələləri var.
"Biz şadıq ki, onlar həll olunur. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik baxımından əsas ölkədir. Və bizim ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz etimad, əməkdaşlıq, qarşılıqlı anlaşma tədbirlərinin möhkəmləndirilməsini və bütün məsələlərin qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar daxilində həllini hədəfləmişik", deyə Əliyev qeyd edib.