Logo
news content

COP29-a ev sahibliyi Azərbaycana nə verir?
Enerji siyasətimiz üçün prioritetlər və qlobal iqlim konfransı

 

Dekabrın 13-də COP28 iqlim sammitinin iştirakçısı olan dövlətlər 2050-ci ilə qədər yerin təkindən çıxarılan yanacaqlardan imtina etməyin tərəfdarı kimi çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin təklif etdiyi yekun sənədi təsdiqləyiblər. Plan 2050-ci ilə qədər temperatur artımını 1,5°C-ə qədər məhdudlaşdırmağı və tullantıları sıfıra çatdırmaq üçün yerin təkindən çıxarılan yanacaqlardan mərhələli şəkildə imtinanı hədəfləyir.

Maraqlıdır, Azərbaycan planetin çirklənməsi və iqlim dəyişikliyi baxımından dünyaya nə təklif edə bilər? Onun gələn il ölkəmizə gələcək çoxsaylı qonaqlara nümayiş etdirə biləcəyi öz müsbət nümunələri varmı?

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası 2023-cü il noyabrın 30-dan dekabrın 12-dək BƏƏ-nin Dubay şəhərində keçirilib. Elə oradaca 29-cu sessiyanın keçirilmə yeri kimi Bakı seçilib. Niyə Bakı və bu sessiyada əsas müzakirə mövzusu hansı suallar ola bilər?

Bu suallara cavab vermək üçün Dubay sessiyası barədə çox qısa məlumat vermək lazımdır. 28-ci sessiyanın əsas hədəfi kasıb ölkələrə yardımın artırılması, ölkələrin daha isti iqlimə uyğunlaşması, enerji sistemlərinin bundan sonrakı dekarbonizasiyası və bir sıra digər məsələlər olub: 

səhiyyə məsələləri, 

qlobal maliyyə sistemində islahatlar, 

aşağı karbonlu və dayanıqlı antropogen mühitə keçid məsələləri, 

tullantıların emalı və utilizasiyası, 

“yaşıl” iş yerlərinin yaradılması, 

təhsilin təkmilləşdirilməsi, 

su resursları problemləri və s. 

Onlarla ölkədən olan dövlət liderləri, elm adamları, biznes dairələri və vətəndaş cəmiyyəti nümayəndələri iki həftə ərzində iqlim böhranını necə aşmaq və planetimizi gələcək nəsillər üçün qorumaq barədə danışıqlar aparıblar.

Son sessiyada (COP28) müzakirə edilən problemlərlə bağlı bəzi nəticələri ümumiləşdirməyə çalışaq. Parnik qazlarının azaldılması ilə bağlı beşillik Paris sazişi başa çatıb. Buna görə də, ölkələrin öz qarşılarına qoyduqları məqsədlərə çatmaq yolunda irəliləyişlərini qiymətləndirməklə bağlı ilk Qlobal yekun nəticə çıxarmaq 28-ci sessiyanın üzərinə düşüb.

Ölkələrin təqdim etdiyi məlumatların texniki qiymətləndirilməsi göstərib ki, onlar kollektiv iqlim məqsədlərinə çatmaqdan uzaqdırlar. 28, 29 və 30-cu sessiyaların ev sahibləri, yəni Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın 1,5°C nəticəyə nail olmaq üçün üzərində birgə işləyəcəkləri yol xəritəsinin yaradılması təsdiq edilib. 

Parnik qazlarının atmosferə atılmasının azaldılması ilə bağlı ilk 2-3 gün ərzində davam edən danışıqlarda qeyd olunub ki, ölkələrin iqlim dəyişikliyinə uyğunlaşması aspekti hər dəfə ikinci plana keçirilir. Bu isə dərhal və yerindəcə həll edilməli olan problemdir. Bizim hökumətimiz də dövlətin dəyişən iqlim şəraitinə uyğunlaşdırılması planı üzərində işləyir (baxmayaraq ki, dövlət büdcəsində adaptasiya tədbirləri hələ də ayrıca bənd kimi göstərilməyib). 28-ci sessiyada qəbul edilən sənədlərdə iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyənin iki dəfə artırılmasına və qarşıdakı illərdə ona olan ehtiyacların qiymətləndirilməsi və monitorinqin planlaşdırılmasına çağırılır. Bununla belə, iştirakçılar uyğunlaşmanı kimin və necə maliyyələşdiriləcəyi ilə bağlı müzakirəni sonraya təxirə salmaq qərarına gəliblər. Ümumiyyətlə, bir çoxlarında sessiyada qəbul edilən qərarlarla bağlı qarışıq təəssürat yaranıb:

— Yekun sazişdə yerin təkindən çıxarılan yanacaqlardan bərpa olunan mənbələrə keçidi qeyd olunsa da, istifadə olunan ifadələr onları fərqli formada şərh etmək imkanı yaradır.

— İtki və zərərin Kompensasiyası Fondu yaradılıb, lakin onun təminatı mexanizmləri aydın deyil. İnkişaf etməkdə olan ölkələrin yardım almasının ləng inkişafı da bundan irəli gəlir.

Beləliklə, Bakıda iqlim danışıqlarında ilk növbədə bu suallara cavab tapmağa cəhd edilməlidir.

Dubayda keçirilən müxtəlif sessiyalar zamanı bir çox problemləri həll etmək mümkün olmadığından, çox güman ki, “karbon vahidləri” ilə qlobal ticarət Bakıda keçiriləcək sessiyanın daha bir əsas mövzusuna çevrilə bilər. Karbon vahidləri bazarının işə salınması üçün başlanğıc nöqtəsi tapmaq lazımdır. Bu, ikitərəfli sazişlərin bağlanmasına gətirib çıxaracaq, həmçinin bu sahədə kapitalın hərəkət mexanizmlərini işə salacaq.

Bir müddət əvvəl SOCAR və British Petroleum (BP) rəhbərliyi arasında keçirilən işçi görüş çərçivəsində konsernlər Memorandum imzalayıb. Bu Memorandum metan qazının azaldılması, emissiyaların ölçülməsi, hesabatların verilməsi, yoxlamalar, texnologiyalar və texniki biliklər sahəsində praktiki bacarıqların inkişafı üzrə birgə işi nəzərdə tutur. Çox güman ki, CO2 (karbon qazı) emissiyalarının ticarəti üçün regional birjanın yaradılmasına cəhd ediləcək. Azərbaycan ən azı Xəzər regionu üçün belə birjanın yaradılmasının təşəbbüskarı ola bilər. Bu, kifayət qədər real görünür. Bakı regional emissiya birjasının və iqlim ekspertizası mərkəzinin paytaxtı kimi Mərkəzi Asiya ölkələri, həm də Rusiya üçün (ona sanksiyaların təzyiqini nəzərə alsaq) çox faydalı ola bilər.

Bu yaxınlarda Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi Suveren Fondu (ADQ) bir milyard dollar dəyərində (hər tərəfdən 500 milyon) birgə investisiya platforması yaratmaq barədə razılığa gəliblər. Bu platforma Azərbaycan sənayesinə investisiyalardan əlavə, COP29 hədəfləri çərçivəsində birgə və regional tədbirləri maliyyələşdirəcək. Belə bir fondun yaradılması Bakıda regional CO2 Emissiya Mərkəzinin yaradılması istiqamətində ilk addım ola bilər.

O da aydındır ki, COP29-un azərbaycanlı təşkilatçıları ilk növbədə konfrans proqramını, həmçinin Azərbaycanın mədəni-etnoqrafik xüsusiyyətlərini xarakterizə edən ən əlamətdar yerlərin siyahısını tərtib etməlidirlər. Konfrans iştirakçılarının müxtəlif bərpa olunan enerji stansiyalarının tikintisi və istismarı obyektlərinə səfərini təşkil etmək lazımdır. Bir sözlə, çox böyük iş görülməlidir və dövlət qurumları ilə yanaşı, özəl sektor, tələbələr, könüllülər və s. cəlb olunmalıdır.

COP29-a ev sahibliyi Azərbaycana nə verir?

Şübhəsiz ki, bütün qarşıda duran məsələlər, mümkün qazanclar, risklər və s. bir neçə istiqamətdə qruplaşdırıla bilər və qruplaşdırılmalıdır. Və bu istiqamətlərin hər biri ümumi planın bir hissəsini həyata keçirən öz mütəxəssislərini, ekspertlərini, istifadəçilərini tələb edir. Bunu bir misalla izah edim. Konfransın ən mühüm müsbət nəticələrindən biri kimi ölkədə turizm xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi göstərilir. Təbii ki, turizm və logistika sahəsində yüzlərlə yeni peşəkar mütəxəssis hazırlanacaq, bir çox problemlərin həlli ilə bağlı turizm və dövlət xidmətlərinin keyfiyyəti dəyişəcək. Regional turizm sahəsində də keyfiyyət dəyişikliyi gözlənilir, yeni marşrutlar və şəhər turları təşkil olunacaq. Bu blok konfransın məzmunu və mövzusu ilə birbaşa bağlı olmasa da, çox vacibdir. Bakının, şəhərətrafı qəsəbələrin və rayon mərkəzlərinin mehmanxana infrastrukturunun inkişafı, onların ətrafında kiçik və orta biznesin yaranması miqyası əlavə təkan olacaq. Ola bilsin ki, İqlim Konfransı başa çatdıqdan sonra vətəndaşları və özəl biznesləri Cənubi Qafqaz regionu ilə hələ tanış olmayan ölkələrdən Azərbaycana yeni turizm marşrutlarının salınmasına başlanılacaq.

Bakının iqlim gündəmi

Azərbaycanın bu sahədə dünyaya nümayiş etdirməli olduğu bir şey var: Azərbaycanın artıq həyata keçirməyə başladığı layihələr, ölkə rəhbərliyinin imzaladığı və dövlət tərəfindən yaxın gələcək üçün qəbul edilən strateji sənədlər, 2030-cu ilə qədər milli prioritetlər. Bu layihələrin yaradılması “yaşıl” təşəbbüslər üçün möhkəm platformadır və böyük imkanlar açır.

Qarşıdan gələn bu tədbirin Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün siyasi əhəmiyyətinin nədən ibarət olduğu ilə bağlı sual vermək də yerinə düşər.

Bəli, əlbəttə ki, böyük beynəlxalq tədbirə ev sahibliyi edən ölkə kimi turizmdən əldə edilən gəlir və digər sırf iqtisadi faydaların öz yeri var. Lakin bəlkə də daha vacib olan şey iqtisadi deyil, COP29-un Bakıda təşkilinin sırf siyasi komponentidir. Bu dolayısı ilə BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyünün faktiki tanınması deməkdir.

Məsələ ondadır ki, COP-un keçirilmə yeri BMT-nin beş regional qrupu tərəfindən növbəlilik qaydası ilə müəyyən edilir. Hər bir regional qrup konfransa ev sahibliyi etmək üçün öz üzvləri arasından bir ölkənin namizədliyi barədə konsensus əsasında qərar verməlidir. 2024-cü ildə sammitə rotasiya çərçivəsində Şərqi Avropa ölkələrindən biri ev sahibliyi etməli idi, lakin tərəflər qərarla bağlı razılığa gələ bilməyiblər.

Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb. Ermənistan Azərbaycanın xeyrinə namizədliyini geri götürüb. “Ermənistan Respublikası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi üçün xoş məramlı jest olaraq Azərbaycan Respublikasının namizədliyinə dəstək kimi öz namizədliyini geri götürür. Azərbaycan Respublikası və Ermənistan Respublikası Şərqi Avropa Qrupunun digər ölkələrinin də Azərbaycanın namizədliyini dəstəkləyəcəyinə ümid edir. Azərbaycan Respublikası da xoşməramlı jest olaraq Ermənistan Respublikasının Şərqi Avropa Qrupundan COP Bürosuna üzvlüyünə namizədliyini dəstəkləyir”. Bu, dekabrın 7-də Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Nazir Aparatının yaydıqları birgə bəyanatda deyilir.

Bu arada, “The New York Times”ın Rusiyanın gələn il Bakının iqlim sammitinə ev sahibliyi etmək üçün namizədliyini əngəlləməsi ilə bağlı dərc olunan xəbər təsdiqini tapmayıb. Əksinə, “Bloomberg” agentliyinin məlumatına görə, Moskva Bakının müraciətini dəstəkləyib.

COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT-nin özü tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Həyata keçirilən və planlaşdırılan bəzi məsələləri sadalamağa çalışaq: Azərbaycan bu ilin oktyabr ayında Masdar şirkəti ilə birlikdə xarici investisiyalar əsasında gücü 230 MVt olan ilk günəş elektrik stansiyasını istifadəyə verib. Bu, Xəzər regionunda və bütün MDB məkanında ən böyük belə stansiyadır. Bundan əlavə, 2027-ci ilə qədər Masdar, ACWA Power, bp, China Gezhouba, Nobel Energy və Baltech 1,6 QVt-dan çox gücü olan səkkiz günəş və külək elektrik stansiyası tikəcəklər. 2030-cu ilə qədər isə xarici investisiyalar hesabına quruda və dənizdə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac üçün gücü 8 QVt-dan çox yaşıl enerji layihələri həyata keçiriləcək.

Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. Yəni, Azərbaycan kifayət qədər stabildir və COP29-un təşkilini poza biləcək risklərin və fors-majorların səviyyəsi maksimim dərəcədə azdır.

Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib və iştirak etməkdədir. Məsələn, ölkəmiz artıq dalbadal dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir, çünki çox az ölkə eyni vaxtda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvüdür. Beləliklə, müqayisələrdən danışsaq, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və BMT Təhlükəsizlik Şurasına üzvlüyündən sonra xarici siyasətimizin ən böyük uğurudur.