Logo
news content
User
Kateqoriyalar

Müsahibə

Qarabağ sakinlərinin bu istəyi gerçəkləşəcəkmi?

Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub ki, azad edilmiş ərazilərdə bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara uyğun baxıla bilər.

İllərlə Qarabağ həsrəti çəkən məcburi köçkünlərin yurdları azad olunsa da, orada yaşamaq sevinci hələ də ürəklərində qalıb. İşğalın vurduğu zərər o qədər böyükdür ki, həmin zərəri aradan qaldırmaq uzun zaman və böyük vəsait tələb edir. Dövlət bu problemin həlli üçün çalışsa da artıq insanların gözləməyə səbri qalmayıb. Ona görə də tezliklə öz torpağına qovuşub, öz evini özü tikmək istəyənlərin sayı artır. Sakinlər qısa zamanda öz ata-baba yurdlarında zövqlərinə uyğun ev tikərək, orada məskunlaşmaq istəyirlər. 

Nazirlər Kabineti məsələyə baxılacağını bildirib. Düzdür, hələ ki ortada dəqiq bir qərar yoxdur. Amma maraqlıdır, belə bir qərar qəbul oluna bilərmi? Köçkün vətəndaşlarımız öz yurdlarını özləri bərpa edə biləcəklərmi?

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə vətəndaşlara bərpa-quruculuq işlərində şərait yaradılmasını ilk təklif edənlərdən biridir. O, Pressklub.az-a açıqlamasında deyib ki, təklifi reallaşdırmağın iki yolu var:



“Birincisi, evini özü tikmək istəyən imkanlı sakinlərə pul vermədən əzəli torpaq sahəsini təhvil verməkdir. Bu sənədlər keçmiş kənd sovetlərində, indiki icra nümayəndəliklərində var. İkincisi, də həmin sakinlərə yeni şəhərsalma qaydalarına uyğun ev verməkdir. Digər tərəfdən, sakinlərə kvadratmetrə uyğun məbləğ ayırmaq olar. O da pul şəklində deyil, materiallar alınarkən hissə-hissə ödənilə bilər. Yalnız işçinin pulunu nağd ödəyə bilərlər”. 

Müsahibimiz hesab edir ki, təklifi reallaşdırmaq mümkündür. Çünki Qarabağın bərpa işləri uzun illər çəkə bilər. Ona görə də sakinlər uzun müddət gözləmədən öz istəklərinə uyğun ev tikə bilsələr, yaxşı olar. 

Bu qərarın qəbul edilməsi sakinlər üçün əlverişli olacaq. Çünki bəzi sakinlər kəndlərdə əsl kənd həyatı quraraq, məskunlaşmaq istəyir. Amma dövlətin apardığı bərpa-quruculuq prosesində kəndlər klassik kənd formatından çıxaraq, şəhər tərzində qurulur. Hətta kənd daxilində tövlə, hin tikilməsinə, heyvan saxlamaq üçün digər infrastrukturun qurulması nəzərə alınmır. Layihəni icra edən Bakı Abadlıq Xidmətinin yanaşması belədir ki, kənddə heyvan saxlamazlar, çünki heyvanların pis qoxusu ətrafa yayılır, heyvan saxlamaq istəyənlər bunu kəndin kənarında, ayrıca fermada edə bilər. Sakinlərin çoxu isə bu fikirlə, yəni, “ağıllı kənd” layihəsi ilə razılaşmır, əvvəlki həyatlarını bərpa etmək istəyirlər. 



Məcburi köçkün, Vətən müharibəsi iştirakçısı, jurnalist Məğrur Əli Polad mövzu ilə bağlı Pressklub.az-a danışarkən deyib ki, köçkünlərin öz yurdlarını bərpa etmək işinə qoşulması Qarabağda məskunlaşma prosesini sürətləndirməyə kömək edəcək.

“Azad edilmiş torpaqlarda məcburi köçkünlərə öz evlərini bərpa etmək üçün şərait yaradılmalıdır. Dövlətin yükü çoxdur. Bu prosesi tam şəkildə başa çatdırmaq da uzun müddətə başa gələcək”. 

Müsahibimiz deyib ki, xaotik vəziyyətin qarşısını almaq üçün insanlara bir neçə ev layihəsi təqdim oluna bilər. Bu qərar qəbul edilsə, dövlətin maddi xərcləri də azalacaq. Sakinlərə bu şərait yaradılsa, həm qənaətcil olacaq, həm də istədikləri tərzdə, keyfiyyətdə ev tikə biləcəklər. O, bunun hər baxımdan yaxşı ideya olduğunu düşünür. 

Həmsöhbətimiz məsələnin maddi tərəfinə də toxunub: “Dövlət istər ailə sayı tərkibinə, istərsə də köhnə sənədlər əsasında dağıdılmış mənzilin göstəricilərinə uyğun sakinlərə müəyyən məbləğ ödəyə bilər. Həmin məbləğlər də nəzarət altında birbaşa tikintiyə yönəldilməlidir”. 

Müsahibimiz hesab edir ki, mülkiyyət hüququnun bərpası dedikdə söhbət təkcə mənzillərin tikilməsindən getmir. Özəlləşmə prosesinə də başlanılmalıdır. Sakinlər evlərinin bərpası ilə yanaşı, torpaq əmlak hüquqlarının da bərpasından istifadə etməlidir. Bölgü ədalətli və şəffaf aparılmalıdır. Bu, ölkənin inkişafına, kənd təsərrüfatının və iqtisadiyyatın yüksəlməsinə çox kömək olacaq.

İşlər çoxdur, işçi qüvvəsi azdır. Bərpa quruculuq işləri üçün fəhlə çatışmazlığı var. İş o qədər çoxdur ki, çatdırmaq olmur. Bir yandan da sakinlərin səbri tükənir, tezliklə öz yurdlarına qovuşmaq istəyirlər. Amma bütün evləri dövlətin tikib təhvil verməsi çox zaman alacaq. Ona görə də Qarabağdakı məskunlaşma prosesinin sürətlənməsində  bu qərarın verilməsi mühüm rol oynayacaq.

Bu proses sakinlər üçün əlverişli olsa da onun iqtisadi baxımdan dövlətə necə təsir edəcəyi məlum deyil. Görəsən, iqtisadi cəhətdən evləri dövlətin tikməsi daha səmərəli olar, yoxsa sakinlərin?

“Qərarın qəbulu iqtisadi baxımdan daha səmərəli olacaq”

Bu sözləri iqtisadçı Natiq Cəfərli Pressklub.az-a açıqlamasında deyib.

Ekspert hesab edir ki, mülkiyyət problemləri həll olduqdan sonra tikinti işləri görüləcəksə, usta bazarına, mal və xidmət dövriyyəsinə, logistikaya müsbət təsir göstərə bilər. Bununla da aktivlik artacaq. 

Müsahibimiz hesab edir ki, ailələrin üzv sayları müxtəlif olduğu üçün hər ailəyə eyni məbləğin verilməsi çətin olacaq. Güman edir ki, ailəyə görə yox, kvadratmetrə görə pul hesablansa, daha yaxşı olar. 

Cəfərli bildirib ki, təhlükəsizliklə bağlı bütün problemlər həllini tapdıqdan sonra mülkiyyətlə bağlı problemlər həll edilməlidir: “İşğal zamanı mülkiyyətlə bağlı islahatlar aparılmamışdı. Ərazilər özəl mülkiyyətdə deyil. Problemin həllindən sonra məlum olacaq ki, məcburi köçkünlərin Qarabağdakı ərazilərinə mülkiyyət hüquqları var, ya yox. Bu həll olduqdan sonra alqı-satqı, faizsiz kredit, dövlət dəstəyi və s. formalarla ev tikintisini sürətləndirmək mümkündür”. 

Müsahiblərin rəylərindən məlum oldu ki, sözügedən məsələnin reallaşması hər baxımdan sərfəli olacaq. Həm dövlətə, həm də illərdir yurdlarına dönmək istəyən, o torpaqların əsl sahibi olan vətəndaşlarımıza... 

Günay Elşən