Logo
news content

Qarabağda antiterror əməliyyatı: Rusiya nə vəd edir?
Ortada heç Moskvanın da ayaq altına ata bilməyəcəyi başqa razılaşma var…

Moskva yenidən dilə gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi  Mariya Zaxarova iyulun 6-da mətbuat konfransında yenə də Qarabağ, cərəyan edən hadisələr, danışıqlar və nəhayət, Moskvanın tələbləri barədə danışıb.

XİN rəsmisi çıxışına Fransa prezidenti Emmanuel Makronu açıq şəkildə ələ salmaqla başlayıb. O, Fransa prezidentinin “vasitəçilik missiyası”na toxunaraq, “mən Dağlıq Qarabağla bağlı dəqiq mövqeyi olan yeganə liderəm və Ermənistan Baş nazirindən çox, Azərbaycan prezidentinə təzyiq edirəm” iddiasını məsxərəyə qoyub, “Makronun təvazökarlığı ancaq onun cəsarətinə uduzur” deyib: “Biz onun Dağlıq Qarabağ nizamlanması ilə bağlı şəxsi rolu və xidmətləri barədə pafosla danışmasına təəccüblənməyə bilmirik. Təəssüf ki, o, bu qədər məhsuldar işlərin praktiki nəticələri barədə heç bir şey deməyib. Mümkündür ki, ona görə bu haqda danışmayıb ki, heç kəs heç vaxt nəticələri görməyib. Bizim Fransanın Dağlıq Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziyamız yoxdur”. 

Rusiya XİN sözçüsü tərəfsiz və səmimi olsaydı, onun Fransa və şəxsən Makronla bağlı bu mövqeyi ilə razılaşmaq olardı. Amma təəssüf ki, Zaxarovanın ritorikasında nə tərəfsizlikdən, nə də səmimilikdən əsər var. Münaqişə barədə danışan zaman Azərbaycanın mövqeyini və tələbini nəzərə almadan hər dəfə Qarabağ əvəzinə, “Dağlı Qarabağ” deməsi də bunu göstərir. Rusiyanın Makrona qəzəb püskürməsinin arxasında isə sadəcə sonuncunun Ukrayna müharibəsində tutduğu mövqe durur. 

Zaxarova başqa nə deyib? Rusiya XİN sözçüsü erməni jurnalist Ayk Xalatyanın suallarını cavablandırarkən, Qarabağda atəş açılması hallarının intensivləşməsinin müşahidə olunduğunu, Laçın “dəhlizinin” “blokadasının” davam etdiyini, bölgədə “humanitar vəziyyətin pisləşdiyini”, Qarabağ əhalisinin ərzaq, dərmanlardan məhrum ola biləcəyini bildirib, bunun Üçtərəfli bəyanata zidd olduğunu iddia edib və nəhayət, Bakını Laçın “dəhlizini” açmağa, vətəndaşların, avtomobillərin və yüklərin maneəsiz keçidini təmin etməyə çağırıb. 

Erməni jurnalistin Azərbaycanın bölgədə anti-terror əməliyyatı başlayacağı təqdirdə “sülhməramlıların” özlərini necə aparacağı barədə sualını isə belə cavablandırıb: “Onlar fəaliyyəti vəziyyətin inkişafından aşlı olacaq və sözsüz ki, üç ölkənin lideri arasında əldə olunan razılaşmaya uyğun olacaq”.

Nəhayət, jurnalist “Artsax prezidenti Araik Arutyunyanın bəyanatı” barədə danışanda, Zaxarova "Mən bu bəyanatlarla tanış deyiləm. Sizin dediyiniz vəzifələrlə də tanış deyiləm. Ona görə də, bunları hətta şərh etməyəcəm” deyə bildirib.

Zaxarovanın sonuncu cavabı, Rusiyanın artıq bəzi məsələlərdə reallığı qəbul etdiyini göstərir. Əslində, Rusiya belə bir “vəzifədən” xəbərdardır və hətta bu “vəzifənin” həmtəsisçilərindən biridir. İnternetdə “Dağlıq Qarabağ respublikasının prezidenti” yazan kimi, Rusiyanın rəsmi agentliklərinin, mətbu orqanlarının Araik Aruyunyanı necə bəh-bəhlə “prezident” kimi qələmə verdiklərini görmək olar. Onun hazırkı “mən belə vəzifə tanımıram” deməsi isə kursun qismən də olsa dəyişdiyini nümayiş etdirir. 

Rusiya XİN rəsmisinin Laçın yolunun “blokadası” barədə danışdığı isə Moskvanın ancaq özünə lazım olan həqiqətləri qəbul etdiyini göstərir. Çünki Azərbaycan tərəfinin təqdim etdiyi çoxsaylı vedioçəkilişlər Qarabağın mülki erməni əhalisinin gediş-gəlişinə heç bir maneə olmadığını sübut edir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin avtomobillərinin yoldan istifadəsinə də heç bir maneə yoxdur. Əgər söhbət sülhməramlıların və Qarabağ ermənilərinin ərzaq təminatından gedirsə, bunun üçün də yol var. Avtomobillər Azərbaycan ərazisindən keçə bilər, ərzaq Ağdamdam alına bilər.

Rusiya tərəfinin özünün dünən təqdim etdiyi video da yolun yük maşınlarının üzünə niyə bağlandığını aydın göstərir. Rusiyalı hərbçilərin bayrağımızı çıxarıb atması, Azərbaycan hərbçiləri ilə qarşıdurma, ermənilərin bir neçə dəfə hərbçilərimizə, bayrağımıza atəş açması sərt addımları qaçılmaz edirdi. Bütün bunlardan sonra Zaxarovanın “Laçın dəhlizinin blokadası götürülməlidir” deməsi Moskvanın riyakarlığının göstəricisidir.

Nəhayət, Azərbaycanın guya keçirməyə hazırlaşdığı anti-terror əməliyyatına Rusiya “sülhməramlılarının” reaksiyası barədə. Zaxarova Rusiya hərbçilərinin reaksiyasının liderlərin üçtərəfli bəyanatına uyğun olacağını bildirib. Əvvəla, üçtərəfli bəyanatın heç bir bəndində Azərbaycan ərazisində hansısa silahlı qruplaşmaların qala biləcəyi ilə bağlı bənd yoxdur. Əvəzində isə Azərbaycan Konstitusiyası var və bu Konstitusiya Rusiyanın da tanıdığı (əslində, məcbur qalaraq hələlik sözdə də olsa Ermənistanın da) Azərbaycan ərazisində istənilən silahlı qruplaşmanı qanunsuz elan edir və qadağan edir. 

Zaxarovanın istinad etdiyi üçtərəfli bəyanatın üçüncü bəndində isə deyilir: Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Rusiya vəziyyətin inkişafı və üçtərəfli bəyanat barədə danışanda, mütləq bu bəndin niyə yerinə yetirilmədiyini, niyə erməni silahlı dəstələrinin hələ də mövcud olduğu, niyə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazində qaldığı sualına cavab verməlidir. Bəlkə üçtərəfli bəyanat buna razılıq verir? Vəziyyəti anti-terror həddinə gətirib çıxaran Rusiyanın erməni silahlı dəstələrinə himayədarlığı deyil? 

Bunlar, ritorik suallardır və Moskva heç zaman bu haqlı suallara cavab verməyəcək. Ortada isə anti-terror əməliyyatının labüdlüyü durur. Bu, baş verərsə, Rusiya doğrudan da nə edə bilər? Rusiya “sülhməramlıları” Azərbaycanla açıq qarşıdurma yolunu seçə bilərlərmi?

Hazırda Ukrayna cəbhəsində çox ciddi problem yaşayan Rusiyanın özünə ikinci “bəla” açmaq istəməsi ağlabatan deyil. İstənilən qarşıdurma bir qrup silahlı şəxsə qarşı deyil, müstəqil dövlətin suveren ərazisində nizami ordusuna qarşı olacaq. Bu isə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan nəticəsi proqnozlaşdırıla bilməyəcək addımlarla müşayiət oluna bilər. Çünki ortada Azərbaycanla Türkiyə arasında müttəfiqliyi, o cümlədən qarşılıqlı hərbi müttəfiqliyi nəzərdə tutan razılaşma var. 

Və ortada ən əsas sənəd də bu razılaşmadır.