Logo
news content

Məğlubiyyətin təntənəsi
İqtidarlı-müxalifətli Türkiyədən seçki dərsi

Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatdı. Rəsmi olmayan ilkin nəticələrə görə, Cümhuriyyət Xalq Partiyası (CHP) birinci, hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə ikinci yerdə qərar tutub. 

İlkin nəticələr elan olunduqdan dərhal sonra Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan Ankarada partiya üzvlərinin və tərəfdarlarının qarşısında çıxış etdi. Seçkinin bu nəticələrinə həm ölkə başçısı, həm də birinciliyi əldən vermiş partiya rəhbəri kimi cənab Ərdoğanın münasibəti maraqlı idi. 

Ərdoğan məğlubiyyəti qəbul etmiş, təmkinini qorumağa çalışan bir tövr göstərdi. Türkiyə demokratiyasının qələbəsindən götürülə biləcək dividendi dəyərləndirməyə çalışdı. İndiyə qədərki və insafən, pis bacarmadığı aqressiv texnoloji həmlələrdən çəkindi – durum, rəqəmlər nəzərə alınmalıdır. Türkiyənin ümumi nailiyyətindən özünə pay çıxardı, bütün qalibləri təbrik etdi, millətə xidmətdə uğurlar arzuladı. Əsl prezident yanaşması. Doğrudur, qalib gəldiyi seçkilərdə bu yanaşmadan əsər-əlamət olmurdu, daha iddialı, daha triumfal mövqe sərgiləyir, prezident, yaxud baş nazir yox, partiya sədri, qrup lideri kimi davranırdı. Bəlkə də siyasət elə bunu tələb edir, ancaq bu, başqa söhbətin mövzusudur...

Diqqətimizi çəkən ayrı məsələdir. Bir daha bəlli olur ki, seçki institutu toxunulmaz, müqəddəs qaldıqca, hər bir siyasi qüvvə, lider öz davranışlarını və yerini daha real anlaya, iddialarını da buna görə formalaşdıra bilir. Ərdoğan seçkinin demokratikliyinə, azad və ədalətli keçirilməsinə müdaxilə etmədi. Edə bilmədi, ya etmək istəmədi – bu elə də vacib deyil. Əsas odur ki, özünü də hakimiyyətə gətirmiş üsul, yol, mexanizm olaraq seçkinin zədələnməsinə, haram qatılmasına, saxtalaşdırılmasına cəhd etmədi. Çıxışında da nə seçki prosesinə, nə də rəqiblərinin hansısa hərəkətinə iradı olmadı, dedi ki, səhvlərimizi masaya yatırıb, müzakirə edəcəyik. 

Cəmiyyətin iradəsi, sayıqlığı, öz haqlarını müdafiə etməyi bacarması bir nailiyyətdirsə, seçki institutuna toxunulmaz bir dəyər kimi baxması, qoruyub saxlaması başqa uğurdur. Bu, təkcə siyasi, yaxud inzibati yolla yaradılmış bir vəziyyət deyil, bu, şüur məsələsidir. 

60-70-ci illərdə Amerikada seçkilərdən bəhs edən bir epizodu xatırladım. Qanqsterlərin tüğyan etdiyi, mafiyaların ölkə həyatının bütün sahələri uğrunda ölüm-dirim savaşı apardığı dövrdə seçki keçirilir. Öz adamını hansısa bölgənin seçkili orqanlarında görmək istəyən kriminal dəstələrin üzvləri seçki məntəqəsinə gedən yolda dayanıb, seçicilərə bellərindəki silahı göstərir, mafiyanın namizədinə səs vermələri üçün onları təhdid edirmişlər. 

Əminəm, bizim ilk ağlımıza gələn bu oldu ki, bu qədər adamı təhdid etməkdənsə, o boyda mafiya niyə seçkinin nəticələrini dəyişməyə güc sərf etmirdi? Bax, məsələ də elə budur. Yolu kəsib insanları təhdid edən qanqsterlər cəmi 30-40 metr məsafədəki seçki məntəqəsinə yaxınlaşmağı, müdaxilə etməyi, qutuya bülleten atmağı, nəticəni saxtalaşdırmaq üçün komissiya üzvlərini təhdid etməyi heç ağıllarına da gətirməyiblər! 

Nə baş verir-versin, hansı siyasi qarşıdurmalar olur-olsun, seçkinin toxunulmazlığı qorunmalıdır.

Sonuncu prezident seçkisində AKP sədrini prezident seçən Türkiyə cəmiyyəti indi onun partiyasını seçmədi. Görünür, burada başqa bir amil də rol oynayıb. Hərdən adama elə gəlir ki, qardaş ölkənin seçicisi üçün Türkiyəni təmsil etmək bir şeydir, onun vətəndaşlarını idarə etmək başqa...

Hər halda, Türkiyə üçün yeni bir mərhələ başlayır. 

Seçiminiz seçimimizdir, qardaş Türkiyə. 

Seçkiniz də seçkimiz olsaydı...