Gürcüstan Prezidenti qalmaqallı qanuna veto qoyacaq
18 Aprel 2024
Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.
O, bunu Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusun təmsilçiləri ilə görüşdə bildirib.
Qeyd edək ki, ölkə parlamenti aprelin 17-də qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihənin lehinə 83 deputat səs verib.
Gürcüstan parlamentindəki müxalifət deputatları səsvermədən əvvəl zalda ayrıca iclas keçirməyə cəhd göstərib. Buna görə, parlamentin spikeri Şalva Papuaşvili toplantıda fasilə elan edib. Bundan sonra da müxalif “Strategiya Aqmaşenebeli” Partiyasının lideri Georgiyadze, “Vahid Milli Hərəkat” Partiyasının sədri Levan Xabeişvili, eləcə də partiya liderlərindən biri Tina Bokuçava zaldan çıxarılıb.
Ona görə də müxalifət səsverməni boykot edib.
Qanun layihəsi xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyatdan keçməsini və illik bəyannamələr doldurmasını tələb edir.
Qanun layihəsi daha iki oxunuşda qəbul olunmalıdır. İkinci oxunuşda layihənin maddə-maddə müzakirəsi və əlavələr edilməsi, üçüncü oxunuşda isə qanunun mətninə redaksiya xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yalnız üçüncü oxunuşda qəbul edildikdən sonra layihə imzalanmaq üçün Gürcüstan Prezidentinə göndəriləcək.
Qeyd edək ki, Gürcüstan müxalifəti qanun layihəsini dəstəkləmir və bir neçə gündür paytaxt Tiflisdə etiraz aksiyaları keçirilir.