Logo
news content

Mafiya üçün “Buşetta teoremi”, “Yırtıcı”nın sonu - II HİSSƏ
“Mənim üçün ölüm günəşli gündə kölgə kimi bir şey idi”

(Əvvəli burada)

Plastik əməliyyata və Roberto Feliçe adına sənədlər daşımasına baxmayaraq, Braziliya polisi 1983-cü ilin payızında Tommazo Buşettanı tanıdı və bir neçə gün izləyəndən sonra oktyabrın 23-də həbs etdi. Ona qarşı yenə narkotik ittihamı irəli sürüldü, amma işgəncələrə baxmayaraq, nə günahını etiraf etdi, nə də kiminsə adını çəkdi. 

Polisin əlində də Buşettanın həqiqətən narkotik ticarəti ilə məşğul olduğunu sübut edən faktlar yox idi və onu deportasiya ilə başlarından etmək istəyirdilər. İki dünyanın bossu ilə həmsöhbət olmağa iki ölkə xüsusilə can atırdı: İtaliya və ABŞ. Romadan hətta iki nəfər gəlib onunla danışmaq istəyirdi. Amma don Mazino bildirdi ki, yaxınlaşsalar, onların üzərinə atılacaq. O, hələ də mafiya qanunların sadiq idi. 

Bir neçə ay əlləşib heç bir informasiya əldə edə bilməyən braziliyalılar onu İtaliyaya göndərməyi qərara aldılar. Amma ilk cəhd uğursuz oldu. 1984-cü il iyulun 7-də hava limanına aparılan Buşetta haradansa əldə etdiyi zəhəri (strixnin) qəbul etdi. Görünür, ölümü ilə doğmalarının təhlükəsizliyini təmin etməyə çalışırdı. Ancaq təcili xəstəxanaya çatdırılan mafiozonun həyatı xilas edildi. 

İyulun 15-də İtaliyaya gətirilən Buşettadan kimsə faydalı informasiya gözləmirdi. Axı o, Braziliyada bədəninə elektrik verilməsi, suda boğulması müqabilində belə omertanı pozmamışdı. Bununla belə, ona yenə də əməkdaşlıq təklif edildi və gözlənilmədən müsbət cavab alındı: Tommazo bildirdi ki, müstəntiq Covanni Falkoneyə ifadə verəcək. 

***

Mafiyaya qarşı sərt mövqeyi ilə tanınan hakim Rokko Kiniççi 1980-ci illərin əvvəllərində mafiya cinayətlərini araşdıran bir neçə nəfərdən ibarət “Pool antimafia” adlı qrup yaratmışdı və Falkone də bu qrupun üzvü idi. Kiniççi 1983-cü il iyulun 29-da evinin qabağında saxlanılan avtomobilin partladılması nəticəsində həlak oldu. Bundan sonra qrupa Antonino Kaponnetto başçılıq etsə də, məhz Falkone mafiyaya qarşı əsas mübariz kimi tanınırdı. 

O zaman Koza Nostra İtaliyanın dövlət strukturlarına, o cümlədən hüquq-mühafizə orqanlarına ciddi nüfuz etmişdi. Bunu ən yaxşı bilənlərdən biri də Buşetta idi. Eyni zamanda bilirdi ki, satılmayanlar da var və onlardan biri Falkonedir. Sonralar bu barədə deyirdi: “Mənim gözümdə Covanni Falkone dövlət idi. Amma İtaliya kimi görüntü yaradan dövlət yox, əsl dövlət”.

Buşettanın əməkdaşlığa razı olmasının səbəblərini anlamaq çətin deyildi. O, arvadı Kristina və uşaqlarını yalnız bu yolla xilas edəcəyini başa düşür. Axı Riina onun təkcə iki oğlunu öldürməklə kifayətlənməmişdi. Birinci nikahdan olan qızı Felisiyanın əri, qardaşı Vinsenso oğlu ilə birlikdə və bir neçə qohumu “Yırtıcı”nın əmri ilə öldürülmüşdü. Özü də oğlanlarından atalarının yerini öyrənmək istəmişdilərsə, o biriləri elə-belə, sadəcə don Mazino ilə qohum olduqlarına görə öldürüldülər. Buna görə də Tommazo əməkdaşlıq müqabilində özü ilə bağlı heç bir tələb qoymur, yalnız ailəsinin qorunmasını istəyir. Ailəsi ABŞ-da gizlədilir, çünki İtaliyada etibarlı yer tapmaq çətin idi. 

Özü bu barədə sonralar deyəcək: “Mənim üçün ölüm günəşli gündə kölgə kimi bir şey idi. Mafiozo kimi onun daim yaxınlıqda olmasına alışmışdım. Bu, qaydalara uyğun idi. Günahsız insanların ədalətsiz ölümü məni mafiyadan üz döndərməyə inandırdı”. 

Kristina isə deyirdi: “Omertanı pozmaq - həqiqətən də onun həyatının ən çətin qərarı idi, elə bilirdi ki, müqəddəs bir şeyi sındırıb”

Buşettadan sonra istintaqla əməkdaşlıq edəcək mafiozolar çox olacaq. Onların hamısı özlərini peşmanlıq keçirən, islah olunmuş və haqq yoluna qayıtmış tövbəkar (ital: pentito) kimi qələmə verəcəklər. Don Mazino isə belə deyildi. O, heç bir peşmanlıq ifadə etmir, özünü yenə də “şərəfli adam” sayır və deyirdi ki, sadəcə indiki mafiya onun üzv olduğu mafiya deyil və buna görə də özünü ona sadiq qalmağa borclu hiss etmir. 

Polisə ifadə verən mafiozolar əvvəllər də olmuşdu. Amma belələri kiçik fiqurlar idi, özləri də çox şey bilmədiklərindən dəyərli məlumat verməmişdilər. “İki dünyanın bossu” isə tamamilə başqa kalibr idi. O, mafiyanın ali orqanının - Komissiyanın yaradılmasında iştirak etmişdi. Onun mafiya ilə əlaqədar bilmədiyi çox az şey ola bilərdi, təşkilatın elə önəmli fiquru yox idi ki, onu şəxsən tanımasın, özü də təkcə Siciliyada yox, elə ABŞ-da da. 

Don Mazino danışmağa başlamazdan öncə Falkoneyə xəbərdarlıq etdi: “Onlar əvvəlcə məni, sonra səni öldürməyə çalışacaqlar. İstədiklərinə nail olmayana qədər dayanmayacaqlar”. Bundan sonra dörd ay ərzində minlərlə səhifəlik ifadə verdi. Mafiyanın tarixi, strukturu, coğrafi bölgüsü, ritualları, qaydaları barədə bildiyi hər şeyi anlatdı. Hansı qətli kimin əmri ilə kimin icra etdiyini söylədi. Covanni Falkone sonralar verdiyi müsahibələrin birində deyirdi: “Ona qədər mafiya fenomeni haqda yalnız səthi təsəvvürümüz vardı. Onunla təşkilatın daxilinə boylandıq. Bizə Koza Nostranın strukturu, cəlbetmə metodları və funksiyaları barədə xeyli informasiya verdi. Bu halın geniş və qlobal görüntüsünü yaratdı. İnterpretasiya üçün açar, dil, kod verdi”. 

Məhz Buşettanın ifadələri əsasında mafiya vahid iyerarxiyaya malik mərkəzləşdirilmiş və hərbiləşdirilmiş təşkilat kimi qəbul edildi. Nəticədə “mafiya üzvüsənsə - cinayətkarsan” anlayışı yarandı. “Buşetta teoremi” adını alan bu qayda əsasında müvafiq qanun da qəbul edildi. 

Covanni Falkone özü də siciliyalı idi, buna görə Buşettanın dünyagörüşünü, çərçivələrini gözəl anlayırdı və onunla necə qüruruna toxunmadan işləmək lazım gəldiyini bilirdi. Bu iki nəfər arasında qarşılıqlı rəğbət yaranmışdı. Falkone Buşettanın intellektinə, anadangəlmə bəsirətinə, Buşetta da Falkonenin prinsipiallığına, satılmazlığına hörmətlə yanaşırdı.

Don Mazinonun ifadəsi yekunlaşmamış ilk həbslər baş tutdu. Sentyabrın 29-da 366 order imzalandı və “San Mikele əməliyyatı” keçirildi: Palermodan əlavə Romada, Milanda yüzlərlə adam həbs olundu. Amma hamını həbs etmək mümkün olmadı, o cümlədən, Birinci mafiya müharibəsi dövründən axtarışda olan, amma heç vaxt ciddi axtarılmayan Toto Riina tutulmadı. 

Don Mazinonun nümunəsi yoluxucu oldu. Stefano Bontatenin yaxın adamı, karleonluların qəsdindən möcüzə nəticəsində qurtulan Salvatore Konturno hələ 1982-ci ilin martında həbs olunmuşdu, amma polislə əməkdaşlıqdan imtina edirdi. 1984-cü ilin oktyabrında Buşetta ilə görüşdürüləndən sonra danışmağa başladı. Bir həftə sonra daha 127 order imzalandı. 

Toto Riina bunu cavabsız buraxacaq adam deyildi. Dekabrın 7-də don Mazinonun bacısının əri Pyetro Busetta (soyadlar oxşardır) ödürüldü. “Yırtıcı” hətta dövlətə müharibə elan edərək, bir sıra cinayətlər törətdi ki, onlardan da ən məşhuru Neapoldan Milana gedən 904-cü sürət qatarının dekabrın 23-də partladılması oldu. Nəticələrin ağır olması üçün partlayış qəsdən tuneldə törədildi: 16 nəfər həlak oldu, 267 nəfər yaralandı.  Riina bununla dövləti geri çəkilməyə məcbur etmək istəyirdi. “Sülh bağlamaq üçün əvvəl savaşmaq lazımdır”, - deyirdi. 

Bütün bu müddət ərzində Buşetta Roma Kriminal polis idarəsinin təcridxanasında saxlanılırdı. İfadəsini bitirdikdən sonra onun taleyi gündəmə gəldi. İtaliyada hələ şahidlərin müdafiəsi haqqında qanun yox idi. Falkone amerikalı həmkarları ilə əlaqə saxladı və Buşetta 1984-cü ilin dekabrında ABŞ-a göndərilərək, şahidlərin müdafiəsi proqramına daxil edildi. 

Tommazonun saxlanıldığı yeri mühafizəçilərindən başqa kimsə bilmirdi, hətta arvadı Kristina da, ifadə alan müstəntiqlər də. O, burada “Pizza connection” adını alan narkotik ticarəti ilə bağlı iş üzrə önəmli şahid idi. Siciliyada hazırlanan heroin ABŞ-a göndərilir, pitseriya şəbəkələri vasitəsilə satılır və qazanc da elə onların vasitəsilə yuyulurdu. Buna görə də həmin cinayət işinə “Pizza connection” adı verilmişdi. Buşettadan ifadə alan müstəntiqlər onun saxlanıldığı yerə içəridən çöl görünməyən avtomobildə gətirilirdilər. 

Donni Brasko adı altında 6 il ABŞ mafiyasının daxilində fəaliyyət göstərmiş FBI agenti Cozef Pistonenin ifadələri və başqa sübutlarla yanaşı, Buşettanın və Kontornonun ifadələri “Pizza connection” işi çərçivəsində xeyli adamın həbsinə səbəb oldu.

*** 

İtaliyada isə jurnalistlərin “Maksiproses” adı verdikləri məhkəmə prosesinə hazırlıq gedirdi. Yüzlərlə mafiozonu mühakimə etmək üçün Palermonun “Ucciardone” həbsxanasının yanında “bunker” adını alacaq nəhəng salon tikildi. Burada bütün təhlükəsizlik tədbirləri görülmüşdü, divarlar və qapılar hətta raket zərbəsinə belə davamlı idilər. 

Məhkəmə o qədər təhlükəli idi ki, ona sədrlik etməyə razılıq verəcək hakim tapmaq asan olmadı. On hakim bundan imtina etdi və onlardan yalnız ikisinin həqiqətən səhhətlə bağlı problemləri vardı. Nəhayət, Palermodakı universitetlərdən birinin hüquq professoru Alfonso Cordano razılaşdı. 

475 nəfərin mühakimə olunduğu (119 nəfər qiyabi mühakimə olunurdu, çünki həbslərdən gizlənə bilmişdilər) Maksiproses 1986-cı il fevralın 10-da başladı. İclasların birində don Mazino ifadə verməyə başladı. Müttəhimlərdən bir xeylisi onunla üzləşmə proseduru üçün növbəyə yazılmışdı.

Birinci üzləşən Cüzeppe (Pippo) Kalo oldu. O, Buşetta ilə köhnə dost idi. Hətta Kalonun oğlu bir dəfə qəza keçirəndə Buşetta ona qan vermişdi. Əvəzində Riinanın əmri ilə Buşettanın iki oğlunun oğurlanmasını və qətlini də məhz Pippo Kalo həyata keçirmişdi. 

Onun “iki dünyanın bossu” ilə üzləşmək qərarı olduqca yanlış idi. İntellekti, natiqlik və diplomatik bacarığı ilə Kalodan bir baş üstün olan Buşetta opponentini elə nokauta saldı ki, daha heç kəs onunla üzləşmək istəmədi. Don Mazino yenidən ABŞ-a qayıtdı. 

Maksiproses 1987-ci il dekabrın 16-da yekunlaşdı. 338 nəfərə ittiham hökmü çıxarıldı. Onlardan 19 nəfər (Toto Riina da qiyabi) ömürlük həbsə, qalanları isə ümumən 2665 il təşkil edən müddətli həbsə məhkum edildilər. Sonralar məlum olacaq ki, qiyabi məhkum edilən adamların bəziləri (Rozario Rikkobono, Cüzeppo Qreko, Filippo Markeze və s.) gizlənməyiblər, Riina tərəfindən bir neçə il əvvəl öldürülüblər. 

Müdafiəçilər hökmdən apelyasiya şikayəti verdilər. Apelyasiya məhkəməsi bəzi hökmləri ləğv etsə də, son instansiya olan Ali kassasiya məhkəməsi 1992-ci il yanvarın 30-da ilkin hökmləri təsdiqlədi. 

*** 

Apelyasiya şikayətlərinə baxılan zaman Toto Riina ictimai rəyi əleyhinə çevirməmək üçün qətllər və partlayışlara ara vermişdi. Amma yekun qərardan sonra hücumları davam etdirmək qərara alındı. Bu hücumların hədəfləri məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, mafiya əleyhinə yazan və danışan jurnalistlər olmalı idilər. Belə hücumların bəziləri uğursuz oldu, bəziləri planlaşdırılsa da həyata keçirilmədi (məsələn, telejurnalist Maurisio Konstansoya qarşı).

1992-ci il martın 12-də Avropa parlamentinin deputatı Salvo Lima öldürüldü. Limanın çoxdan mafiya ilə əlaqələri vardı və Riina ona Ali kassasiya məhkəməsinin hökmünə təsir etməyi tapşırmışdı. Lima bunu edə bilmədi və bədəlini həyatı ilə ödədi.

 

Mayın 23-də isə ömrünü Koza Nostra ilə mübarizəyə həsr etmiş Covanni Falkone öldürüldü.  Onun Romadan Palermoya gələcəyini öyrənən Riinanın əmri ilə hava limanından şəhərə gedən avtomobil yolunun altında yerləşən, yağış suyunun axması üçün nəzərdə tutulan xəndəyə partlayıcı yerləşdirildi. Partlayış nəticəsində Falkone ilə yanaşı arvadı və üç mühafizəçi həlak oldu. 

İki ay sonra isə Falkonenin yaxın dostu və əqidədaşı Paolo Borsellinonun növbəsi çatdı. Hakim anasının yaşadığı evə gedərkən yaxınlıqda dayanan “Fiat 126” partladıldı. Nəticədə Borsellino və beş mühafizəçisi həlak oldu. 

Amma Riina bu iki qətllə arzuladığının tam əksinə nail oldu. Cinayətlər İtaliya cəmiyyətində dərin hiddət doğurdu. İctimaiyyət hökumətdən mafiyaya qarşı qəti tədbirlər görməyi, 20 ildən çox müddətdə axtarışda olan Toto Riinanın tapılmasını tələb etdi.  


Hökumət Siciliyaya hətta hərbi qüvvələr göndərməli oldu. Nəhayət, 1993-cü il yanvarın 15-də Salvatore Riina həbs edildi. Maksiprosesdə iki ömürlük həbsə məhkum edilən “Yırtıcı” Lima, Falkone, Borsellinonun qətllərinə görə əlavə bir neçə ömürlük həbsə məhkum edildi və 2017-ci il noyabrın 17-də həbsxanada öldü.

*** 

Tommazo Buşetta, Falkonenin israrlarına baxmayaraq, mafiyanın siyasi əlaqələri barədə danışmaqdan qəti imtina etmişdi.