Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ rəhbəri, Türkiyə və Almaniya Xarici İşlər nazirlikləri Bakı və İrəvanı təbrik edib, Moskva və Tehran susur

ABŞ və BMT-nin ardınca Azərbaycanla Ermənistan arasında dünənki razılaşma bu gün Avropa Şurasının rəhbəri Şarl Mişel, Türkiyə və Almaniyanın Xarici İşlər nazirlikləri tərəfindən alqışlanıb.

Lakin Moskva və Tehran timsalında ən yaxın qonşular prosesin sülh yolu ilə getməsindən sanki məmnun deyillər və susurlar.

Şarl Mişel açıqlamasında deyib: “Biz Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı hərarətlə alqışlayırıq.

Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldəki müzakirələrin əsas elementi olub və bütün regionun normallaşması və sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq”.

Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, “Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası haqqında saziş sülh sazişinin qarşısında duran mühüm maneəni aradan qaldırır. Almaniya davamlı sülh yolunda hər cür dəstəyi verməyə hazırdır”.

Türkiyə Xarici İşlər Nazirliyi də sərhədlərin delimitasiyası üzrə Azərbaycan-Ermənistan komissiyasının aprelin 19-da əldə etdiyi razılaşmaları alqışlayır.

“Biz 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunmuş razılaşmanı məmnuniyyətlə alqışlayırıq.

Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır”.

Rusiya məsələnin onsuz həll olunmasına açıq şəkildə sevinmir. O, ki qaldı Tehrana, orda birdən anladılar ki, Zəngəzur dəhlizinin açılması və Azərbaycanla Naxçıvan arasında əlaqənin yaranmasında İran tranzit ölkə kimi rolu xeyli zəifləyəcək.