Logo
news content

Çəllək
...bunun üçün Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıya gəlməsi lazımdır

İrəvanda bir çəllək var. Adına “sülh çəlləyi” deyirlər. 

2010-cu ildə ABŞ-ın Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivinin təşəbbüsü ilə Qafqazda İnformasiya Azadlığı Şəbəkəsinin Ermənistanda keçirilən toplantısında iştirak edərkən tədbirdən sonra bizi İrəvan konyakı istehsal edən zavoda apardılar. Orada hamının marağına səbəb olan Sülh çəlləyi ötən əsrdən doldurulub saxlanılır. Dedilər ki, Azərbaycanla Ermənistan arasında münaqişə bitəndə, sülh müqaviləsi bağlananda bu çəllək də açılacaq. 

İrəvanda səfərdə olan bir çox rəsmi şəxslərin, prezidentlərin, baş nazirlərin, Minsk qrupunun həmsədrlərinin və digər tanınmışların həmin çəlləyin üstündə imzası var. 

İrəvana səfər edərkən “Sülh çəlləyi”nin qarşısında şəkil çəkdirmək mənə də qismət oldu
Güman edirəm ki, çəlləyi hələ qoruyurlar. Axı sülh müqaviləsi də hələ imzalanmayıb. Mən şərab texnoloqu deyiləm, amma təsəvvür edirəm, çəlləkdə saxlanan məhsul necə tündləşib...

Hamı sülh deyir

2020-ci ildə müharibə dayandırılandan sonra əsas prioritet sülh müqaviləsi oldu. Həm Azərbaycan, həm Ermənistan, həm də tərəflərə təsir imkanları olan güclər sülh müqaviləsinin vacibliyini səsləndirdi. 

Amma hələ ki, o yoxdur. Sözsüz ki, bunun obyektiv və subyektiv səbəblərini sadalaya bilərik. Konfliktologiya nəzəriyyəsində buna SÜLHDƏN DOĞAN MÜNAQİŞƏ deyilir. Yəni, hamı sülh istəyir, amma tərəflərin hərəsinin öz şərtləri var. Və bu şərtlər də öz növbəsində münaqişə yaradır. 

Kənar qüvvələrin bu vəziyyətə təsirlərin əsas məqsədi sülh müqaviləsinin himayədarı olmaq iddiasıdır. Məlumdur ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində buna əsas iddiaçılar Rusiya, ABŞ və Avropadır.

Tərəflərin şərtləri məsələsində isə situasiya 2023-cü ilin 19 sentyabr əməliyyatından sonra dəyişdi. İndi yeni reallıqlar var. Bəli, onları Azərbaycan formalaşdırır. Amma sülhü məhz bu reallıqlara adekvat addımlar yaxınlaşdıra bilər. 

Belə bir addım ötən il dekabrın 7-də atıldı.

Ermənistandan Azərbaycana, Azərbaycandan da Ermənistana dəstək

2023-cü ilin 7 dekabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında əldə olunan razılıq və bundan sonra imzalanan bəyanatda açıq mətnlə bir birinə dəstək ifadə olundu:

“Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir”. 

Sözsüz ki, bu sənədin başqa müsbət cəhəti də var idi. Əsirlərin dəyişdirilməsi. Amma əsirlərin dəyişdirilməsi vaxtaşırı baş verən prosedurdu. Bir-birinə dəstək hadisəsi isə 1988-ci ildə münaqişə başlayandan bu günə kimi ilk dəfə baş verirdi. 

Hərçənd, bu, heç də hər şeyin rəvan getdiyini deməyə əsas verən hal deyil. 

Hazırda Azərbaycan və Ermənistan sözün həqiqi mənasında informasiya savaşındadırlar və vaxtaşırı tərəflərdən biri öz qələbəsini bayram edir. 

Bir müddət əvvəl Azərbaycan və AŞPA arasında yaşanan gərginliyi rəsmi İrəvan məhz diplomatik uğur kimi təqdim etdi. Bunun doğrudan da rəsmi İrəvanın uğuru olduğunu demək çətindir, amma informasiya savaşında Ermənistanın taktiki üstünlüyünə “işlədiyini” söyləmək olar.  

Sülhə gedən yoldakı minalar

AŞPA olayları ilə, demək olar, eyni vaxtda Ermənistan daha bir addım atdı. Elan etdi ki, Azərbaycana 8 mina xəritəsi də verəcək.

İlk baxışda, Azərbaycan qarşı tərəfin bu jestini məmnun qarşılamalıydı. Amma əksinə oldu, XİN bəyanat verərək bildirdi ki, bu günə qədər verilən xəritələr dəqiq olmayıb, bundan sonra veriləcək xəritələrin də dəqiqliyi şübhə altındadır. 

Ancaq indiki vəziyyətdə Azərbaycanın əhvalını korlayan Ermənistandan çox Avropadır. Avropa Birliyinin hazırkı şəraitdəki davranışı sülhə gedən yolda basdırılmış mina effekti yaradır. Bu minanın da nə vaxtsa partlamaq ehtimalı var. Partlamaya da bilər. Əgər üstünə çıxan olmasa. 

Sülh üçün ən real məkan

Hər iki tərəfdə ən çox müzakirə olunan məqamlardan biri sülh müqaviləsinin harada imzalanmasıdır. Bu gün Vaşinqton, Brüssel, Moskva ilə yanaşı, Tiflisin də adı çəkilir. Gürcüstanın paytaxtı daha neytral və az riskli məkan kimi gündəmə gəlib. Ümumiyyətlə, vasitəçilərin rəqabətində iştirak edən tərəflərin bir-birlərinin gerçək məqsədləri haqda səsləndirdikləri kəskin ittihamlar artmaqdadır və bu, sülhü zərbə altında qoya bilər. 

Amma başqa bir variant da var. 

Noyabrda Bakıda COP29 keçiriləcək. Xatırladaq ki, Azərbaycanla Ermənistan ilk dəfə məhz COP-la bağlı məsələdə qarşılıqlı dəstək nümayiş etdiriblər. 

İlin ən böyük siyasi tədbirinə dünyanın güc və beyin mərkəzlərinin təmsilçiləri qatılacaqlar. 

BMT-nin Baş katibinin də konfransda iştirakı gözlənilir. COP - dünyanın sabahından narahatlığın ifadə edildiyi bir platformadır. Əslində münaqişələr də dünyanın sabahı üçün ciddi təhdiddir. 

Və belə bir tədbirdə SÜLH MÜQAVİLƏSİNİN bağlanması həm simvolik məna daşıyar, həm də münaqişə aparan bütün xalqlara, dövlətlərə bir çağırış olar. 

Amma bunun üçün Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıya gəlməsi lazımdır. 

Niyə də yox?

Axı belə bir təcrübə Türkiyə prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində yaşandı. Nikol Paşinyan dəvət olundu və iştirak etdi. 

Təsəvvür edin, Bakıda BMT Baş katibinin iştirakı ilə Sülh müqaviləsi və ya niyyət protokolu, ümumiyyətlə, sülhə aparan hansısa sənəd imzalanır. Heç kəsin çətirinin altında yox, iki xalqın və iki dövlətin iradəsi ilə.

Doğrudur, bugünkü reallıqlar vəziyyətin sülh üçün əlverişli olmadığı qənaəti yarada bilər. Amma cücəni payızda sayırlar axı. Payıza isə hələ vaxt var. Ona qədər çox dəyişiklik ola bilər. 

Sözsüz ki, öndə narazılıqlar dolu bəyanatlar olsa da, alt qatda ikitərəfli təmaslar var. Xarici işlər naziri Tehrandakı səfirliyimizdə şəhid olan əməkdaşın xatirə günündə bunu açıq mətnlə dedi. Və hətta yaxın günlərdə iki ölkənin baş nazir müavinlərinin görüşünün olacağı bildirilib. İkitərəfli təmaslar varsa, demək, proses gedir.

Payızda sayılacaq cücələr

İkitərəfli təmasların bir nəticəsi olmalıdır. Dedim ki, cücəni payızda sayarlar. Bəlkə o cücələrin yanında bir çəllək də olsun!? Ermənistanın baş nazirinin özü ilə Bakıya gətirəcəyi Sülh çəlləyi. Çəlləkdəki konyakdan hamıya pay düşər. ABŞ-a da, Rusiyaya da, Avropaya da, başqalarına da. Amma bir şey var ki, bu konyak 25 ildən artıqdır, o çəlləkdə gözləyir. Çox tündləşib. Ehtiyatı əldən vermək olmaz.