Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstintaq Ələsgər Məmmədlinin müalicəsi məsələsini həll edəcək?

Bu gün Xətai Rayon Məhkəməsində Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına keçirilməsi haqqında vəsatətinə baxılıb.

İclasdan sonra vəkil Aqil Layıcın jurnalistlərə verdiyi məlumata görə, vəsatət Məmmədlinin səhhətinin pisləşməsi ilə əlaqədar verilib.

"Hazırda onun həbsdən azad edilməsi hüquqi məsələdən daha çox humanitar məsələdir", deyə vəkil bildirib. 

Onun sözlərinə görə, Məmmədlinin qalxanabənzər vəzində şiş var və o, böyüyür. Lakin Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin Tibb İdarəsinə və istintaq orqanına dəfələrlə müraciət olunmasına baxmayaraq, Məmmədlinin ixtisaslaşmış mütəxəssislər tərəfindən müayinəsi və müalicəsi üçün şərait yaradılmayıb. 

Müdafiə tərəfi DİN-ə müraciətində hətta DİN-in hospitalında müayinəyə razılıq verib. Lakin Ədliyyə Nazirliyinin Tibb İdarəsinin 16 aprel tarixli cavabında Məmmədlinin səhhətində problem olmadığı, qalxanabənzər vəzində şiş olmadığı və ambulator və ya stasionar müalicəyə ehtiyacı olmadığı iddia edilirdi, deyə vəkil qeyd edib. 

Layıcın sözlərinə görə, iclasda istintaq tərəfi bu məsələnin 4-5 gün ərzində həllini öz üzərinə götürdüyünə inandırıb. Bununla əlaqədar müdafiə tərəfi vəsatəti müvəqqəti olaraq geri çəkib. 5 gün ərzində məsələ həll olunmasa vəsatət yenidən veriləcək.

Vəkil deyib ki, Məmmədli getdikcə daha da pisləşir və prosesdə çətinliklə nəfəs alırdı. "Şişlə əlaqədar yata bilmir, iştahı yoxdur və çox arıqlayıb", deyə vəkil qeyd edib. 

* 6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın - Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ibtidai həbsə məruz qalıb, iki nəfər isə polis nəzarətinə verilib. 

Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb. (Turan)