Ağrının alqoritmi, yaxud güzgüdə əks olunmayan işıq
“Apatiya” filmi qaranlığın şəklini necə və niyə çəkib?
12 Fevral 2024
Başımdan bir ağrı qopdu, sonra bütün vücuduma ağırlıq çökdü. Ağırlıq ağrıya döndü. Haram ağrıyırdı, bilmirdim, sadəcə ağrıyırdım. Elə bil, pis iş tutmuşdum, ürəyim bulanmağa başlayanda film də başa çatdı. Müzakirəyə qalmasam dostların inciyəcəyini, bu cür çıxmağın etik olmadığını bilsəm də, özümü çölə atdım... boğulurdum...
Yaxşısı budur, əvvəldən başlayım. Elə “Alov qüllələri”ndən. Hər şey çox gözəl idi. Dəvətnaməyə 19.30 yazılmışdı, 20.30 olmasına rəğmən, hələ gözləyirdik. Sonra dedilər ki, film 21.00-da başlayacaq. Hamı orda idi, nə vaxtsa, hardasa iş yoldaşı olanlar, yazanlar, yazılanları oxuyanlar, bir-birinə kino linki atanlar görüşür, gəzişir, söhbət edir, çay, qəhvə içirdik. Bir sözlə, öz qabımızda idik, belə gözləməyin nəyi pisdir ki, əksinə, bu ünsiyyətə, belə bayrama hamımızın ehtiyacı var. Heç o boyda, kənardan baxanda adamı vahiməyə salan “Alov qüllələri”nin “Park cinema”sında üst paltarlarımızı asmağa qarderobun olmaması da əhvalımızı korlamadı. Yer tapan tapdı, tapmayan paltarı qoltuğunda fırlanırdı. Kinoteatrın özü isə çox xoşuma gəldi, rahatdır.
Hikmət Rəhimovun “Apatiya” filmindən danışıram. Klassik dramaturgiyanın prinsiplərinə görə, hadisələr eyni məkan və zaman daxilində cərəyan edir.
Bugünkü cəmiyyətin reallığı bir ailənin timsalında təsvir olunur. Balaca, kasıb bir otaqda ata, ana və övlad yaşayır. Yaşayır deyəndə ki, televizorda realiti-şoulara baxır, əlinə düşəndən yeyir, yuyub-yığışdırır, uzanıb yatır, səhər bu monoton həyat təkrarlanır və bunlar hamısı didişmə, söyüşmə ilə müşayiət olunur. Evdə heç bir hiss yoxdur - nə sevgi, hə hörmət, nə məsuliyyət, nə qayğı... Bütün bunların yerini mənasızlıq, laqeydlik doldurub. Nə baş verirsə-versin, mənasızdır və əslində heç nə baş vermir. Apatiya vəziyyətidir.
Ata iş tapıb işləməyə cəhd belə göstərmir. Gözlərindəki qalın şüşəli optik eynək həm də onun dünyaya necə baxdığının göstəricisidir. Dünyadan bixəbərdir, görmür. Bir qəpik qazancı yoxdur, amma qarşısındakı külqabı siqaret kötükləri ilə doludur. Çörək almağa da çıxmır, siqaret çəkir, televizora baxır, yeyir, yatır, bir də tualetə gedir.
Qadın həyatı ilə barışıb. Uşaq yalnız susur. Onun həyata, gələcəyə nəzəri otağın divarına çəkdiyi ailə, təbiət rəsmləri ilə təsvir olunur. O, danışmır, çəkdiyi şəkillər danışır, uşağın sevgi, qayğı, ailə mühitinə həsrətindən, psixoloji durumundan bəhs edir. Əslində, evdə heç kim danışmır, ancaq kişi qazanc arxasınca Bakıya gəlib onlarda gecələyən qaynı ilə dalaşır, qadın ağlayır...
Bir də Xoşqədəmlə Elgizin verilişlərinin qulaqbatırıcı hay-küyü eşidilir. Səhər, axşam, günorta, hər vaxt, evdəkilər yatır-durur, televizor işləyir və yalnız o iki veriliş gedir.
Bu adamları həyata heç nə bağlamır, həyat yoxdur onlar üçün, bitib. İşsizlik problemi, təhsilsizlik və təhsil sahəsindəki boşluqlar, rüşvətxorluq, narkomaniya, azyaşlının nikaha cəlb olunması, valideyn özünə deyil, məktəbdən ayırdığı övladına iş axtarır, mədəniyyətin kasadlığı, sevgisizlikdən doğan aqressiya. Bir tərəfdən də Xoşqədəmlə, Elgiz... Qısası, günümüzün bütün problemlərinə güzgü salınıb.
Əvvəldə “Parazit” filmini xatırladım, sonra Raskolnikov düşdü yadıma. İlk dəfə “Cinayət və cəza” filminə baxanda bu hissləri yaşamışdım, dəhşətə gəlmişdim.
Az maliyyə ilə, texniki çatışmazlqılarla tam kino estetikasında bir film gətirilib ərsəyə. Aktyorlar işlərinin öhdəsindən məharətlə gəlirlər. Hə, onu da deyim ki, teatr qarderobdan başladığı kimi, rejissorun işi aktyor seçimindən başlayır, yəni bünövrə odur. Onu düzgün etdisə, uğurun 50 faizini qazanıb, demək. Ata obrazını yaradan Tural Baxışı filmin sonuna qədər tanımamışam, daha doğrusu, obrazını o qədər məharətlə yaradır ki, onu yaradanın fərqinə varmamışam. Ana obrazında Şəhla Əliqızını isə tanısam da, onu indiyə qədər tanımadığımın fərqinə vardım. Daha doğrusu, onu mənə Hikmət Rəhimovun tanıtdırdığını anlamışam. Akademik Dram Teatrının səhnəsində onlarla obrazda görmüşəm bu aktrisanı, birini də xatırlamıram. O isə çox cəsarətli və istedadlı aktrisa imiş. Həm də komplekssiz. Onu ekranda necə görünəcəyi, əynindəkilərin necə olduğu, əyninin olub-olmaması deyil, obrazı necə yaratması maraqlandırır. Bir teatrda işlədiklərindən rejissor bunun fərqində olub, demək. Eyni fikri qadının qardaşını oynayan aktyor barədə də deyə bilərəm. Onu öldürməsi üçün qarşısındakını deyil, tamaşaçını da boğaza yığmağı bacardı.
Filmin qəhrəmanı evinə sığınsa da, özünü qonaq kimi aparmayan, üstəlik, hər addımda onu təhqir edən qaynını xüsusi amansızlıqla qətlə yetirir. Həm də öz övladının gözləri qarşısında, onun dayısını, üstəlik də uşağı da hədələyir ki, susmasan, səni də doğrayacam. Bu qədər qəddar. Hamı günahkardır, amma heç kim də günahkar deyil, hər birinin müdafiə üçün arqumenti var.
Bir tərəfdən də Xoşqədəmlə, Elgiz...
Azər Aydəmir süjetə qətlə yetirilənin gələcək kürəkəni obrazında daxil olur. Onun gəlişi filmə daha bir rəng qatır. Cəmiyyətin daha bir yaralı tərəfini – Rusiya bazarlarında “yaşayan”, yaşı 40-ı haqlamış qayıdıb qızcığazla evlənib, onu da götürüb qayıtmağa hazırlaşan, toyuna da bu alqoritmin bir hissəsi kimi baxan daha bir apatik canlanır qarşımızda.
Mən gözlədim ki, filmin sonu uşağın hayqırtısı ilə bitəcək. Heç olmasa, uşaq o susqunluğu çıxaracaq içindən, heç olmasa, o xilas olacaq, içinə aqressiya yığışmayacaq. Bütün bunların gələcək nəslə təsiri vurğulanacaq. Yox, rejissor mən düşünən kimi düşünməyib; bu, bir tərəfdən yaxşıdır ki, tamaşaçı gözlədiyinin əksini görür. Demək, rejissor heç bir ehtimala yer qoymur, amma o sonluq bayaq qeyd etdiyim güzgü effektini pozur. Müəllif güzgü saldığı bütün problemləri qaranlıqda da saxlayır, bir işıq ucu göstərmir. Ya da bəlkə o güzgü çox dərində, məsələn, uşağın qəlbində gizlədilən, üstü basdırılan işığı əks etdirə bilmir... Sonluq daha bir faciənin başlanğıcından xəbər verir. Heç olmasa, güzgüdə zərrə qədər işıq əks olunmalı idi, axı...
Bütün qaranlıqların içində iynə ucu boyda olsa da bir işıq ucu var, onu tutub gedirsən, gedirsən ki, işıqlığa çıxasan, yoxsa qaranlıq adamın axırına çıxar. Elə işığı olmayan sənət də. Sənət işığı sevir. Kino estetik sənətdir. Məişətin bütün eybəcərliklərini reallığı göstərirəm müdafiəsi ilə, çılpaqlığı ilə ekrana çıxartmaq tamaşaçıda ikrah yaradır. Tualeti, obrazın necə gücənib ayaqyoluna getməsini, yaxud seksual ehtiyacını o cür eybəcərliklə ödəməsini göstərmək kino dili demək deyil. Onu daha etik və estetik “dillə” vermək olardı, məncə. Hikmət Rəhimovun birinci, “Çılpaq” filmində də qəhrəmanın çölün düzündə təbii ehtiyacını ödəyib, yarpaqla silindiyi səhnə kino estetikasına ziddir.
Düşüncə, mövzu tapıntısı, az vəsaitlə çox iş görmək və sevərək etmək, hamısı təqdirəlayiqdir, bir az o düşüncəyə aydınlıq da gəlsə... kinomuz üçün bu imza ilə gələcək görünür.
Müəllif kinosuna dəstək üçün daha dərinə getmək istəmirəm. Nə mədhiyyə, nə də tənqid fikrim olmadı, pisi pis, əyrini əyri, düzü həmvar yazım dedim... Mədhiyyə düşmən işidir. Elə tənqid də. Sənət tənqidi sevmir, tənqid qol-qanad qırmaqdan qeyri bir işə yaramır, mən tənqid etmədim, təqdir etdim ki, ardı gəlsin, amma lütfən, bir az hava yeri, zərrə qədər işıq ucu olsun.
***
Başımdan bir ağrı qopdu, sonra bütün vücuduma ağırlıq çökdü. Ağırlıq ağrıya döndü. Haram ağrıyırdı bilmirdim, sadəcə ağrıyırdım. Elə bil, pis iş tutmuşdum, ürəyim bulanmağa başlayanda film də başa çatdı. Müzakirəyə qalmasam dostların inciyəcəyini, bu cür çıxmağın etik olmadığını bilsəm də, özümü çölə atdım... boğulurdum... Cəmiyyətin ləkəli üzünə tutulan güzgü tərtəmiz idi...
P.S. Mədəniyyət ziyafətinə, dəvətə və bütün maneələrə rəğmən sevdiyi işlə məşğul olub, o sahədə istədiklərini həyata keçirdiyinə görə, müəllifə təşəkkür edir və uğur arzulayıram. Təki yaxşı, ya pis, addım atılsın, zamanla yanlış addımlar da düzələr, bircə hərəkət olsun.