Beynəlxalq Sülh Araşdırmaları İnstitutu: Qlobal hərbi xərclər 2,4 trilyon dollara çatıb
22 Aprel 2024
2023-cü ildə qlobal hərbi xərclər 2022-ci ilə nisbətən 6,8% artaraq 2,443 trilyon dollara çatıb. Bu, 2009-cu ildən bəri ən böyük artım olub.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında deyilir.
Qeyd olunub ki, müharibə, artan gərginlik və qeyri-müəyyənlik fonunda qlobal hərbi xərclər artır. Belə ki, artım 9-cu ildir ki, davam edib və bütün regionlarda Avropa, Asiya və Okeaniyada, eləcə də Yaxın Şərqdə müşahidə olunub.
2023-cü ildə ümumi hərbi xərclər qlobal ÜDM-in 2,3%-ni təşkil edib. Bu sahədə ən çox vəsait xərcləyən ilk beş ölkə ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı olub ki, bu ölkələr birlikdə qlobal hərbi xərclərin 61%-ni təşkil edib.
Qlobal reytinqin zirvəsində olan həm ABŞ, həm də Çin 2023-cü ildə hərbi xərclərini artıraraq müvafiq olaraq bu sahəyə 916 milyard və 296 milyard dollar ayırıblar.
2023-cü ildə NATO-nun 31 ölkəsinin ümumi hərbi xərcləri 1,341 trilyon dollar olub. ABŞ-ın hərbi xərcləri 2,3% artaraq 916 milyard dollara çatıb ki, bu da NATO-nun ümumi xərclərinin 68%-ni təşkil edir. 2023-cü ildə Şimali Atlantika Alyansının əksər Avropa üzvləri hərbi büdcələrini artırıblar.
Hərbi xərclərə görə ikinci yeri 2023-cü ildə 296 milyard dollar xərcləyən Çin tutur ki, bu da 2022-ci illə müqayisədə 6% çoxdur. Vurğulanıb ki, 29-cu ildir ki, ölkə hərbi büdcəsini durmadan artırır. Bu, indi Asiya və Okeaniyada ümumi hərbi xərclərin yarısına bərabərdir.
Latın Amerikası və Karib hövzəsində hərbi xərclər 2023-cü ildə 2014-cü illə müqayisədə 54% artıb. Mütəşəkkil cinayətkarlığın artması regionun bir neçə ölkəsini cinayətkar dəstələrlə mübarizə aparmaq üçün ordularını gücləndirməyə məcbur edib.
2023-cü ildə Rusiyanın hərbi xərcləri 24% artaraq 109 milyard dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 57% çoxdur. Ötən il hərbi xərclər bütün büdcə xərclərinin 16%-ni, hərbi yük isə ÜDM-in 5,9%-ni təşkil edib.
Keçən il Hindistan ən böyük hərbi büdcəyə malik ölkələr arasında dördüncü yerdə qərarlaşıb: o, hərbi məqsədlərə 83,6 milyard dollar xərcləyib ki, bu da 2022-ci illə müqayisədə 4,2% çoxdur. Braziliyanın bu sahəyə ayırmaları 3,1% artaraq 22,9 milyard dollara çatıb.