Logo
news content
User
Kateqoriyalar

Xəbər

Konqres azərbaycanlı məmurlara qarşı sanksiyalar haqqında qanun layihəsi hazırlayır

Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Bu barədə Turan-ın Vaşinqtondakı müxbirinə Konqresdəki mənbələrdən məlum olub.

Bu qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan" 40-dan çox Azərbaycan məmuruna - hərbiçilərə, hakimlərə, müstəntiqlərə və yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur. Onlar arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri var.

Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq. 

Bu qanun layihəsinin qəbul edilməsi "Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqla" izah olunur.

Xüsusən, Qubad İbadoğlu da daxil olmaqla, müxalifət liderlərinin, fəalların və hökuməti tənqid edənlərin həbs edilməsi xatırladılır.

Müəlliflər qeyd edirlər ki, 6 mart 2024-cü il tarixində Azərbaycan hakimiyyəti Azərbaycanda müstəqil KİV-lərin davam edən təqibi çərçivəsində Bakıda altı jurnalisti saxlayıb və onlara qarşı əsassız qaçaqmalçılıq ittihamı irəli sürüb.

Qanun layihəsində həmçinin erməni əsirlərin hüquqlarının pozulduğu deyilir. Bu, "Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur", deyə sənəddə bildirilir.