Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

Sülh prosesinin paradoksları
“Birgə yaşamaq üçün hansısa formul tapa bilsək, bu, Rusiyanın təsirinə ən böyük zərbə olacaq”

Politoloq və ekspertlərin Azərbaycan və Ermənistan arasında 2023-cü ildə sülh müqaviləsinin bağlana biləcəyi ilə bağlı nikbin proqnozları özünü doğrultmadı. Bütün ümidlər 2024-cü ilədir... 

Ermənistandan olan politoloq, təhlükəsizlik üzrə ekspert Areq Koçinyan Bakı və İrəvan Mətbuat Klublarının birgə təşəbbüsü çərçivəsində “Təmas xətti” silsiləsindən növbəti verilişdə sülh danışıqları prosesinin hazırkı mərhələsinin paradoksları ilə bağlı sualları cavablandırıb.

Dekabrın 26-da MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev sessiyalar arası fasilə zamanı söhbət ediblər. Bu, son yarım ildə iki lider arasında ilk üzbəüz görüş idi. Düzdür, Rusiya prezidenti Putinin mətbuat katibi xüsusi diqqətəlayiq heç nə baş vermədiyini və bunun sadəcə olaraq “ayaqüstü qısa təmas” olduğunu söylədi. Lakin cəmi bir neçə gün sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirdi ki, İrəvan Bakının sülh müqaviləsi ilə bağlı son təkliflərinə cavab verib və artıq şifahi şəkildə razılaşdırılmış bəzi məsələlər hələ də yazılı məktubda əksini tapmayıb.

Bu suallar hansılardır? Bu suallar Əliyevlə Paşinyan arasında Sankt-Peterburqda “ayaqüstü təmaslar” zamanı razılaşdırıla bilərdimi? Və sülh danışıqları məsələsində 2024-cü il üçün hansı perspektivlərimiz var?

“Problemi həll etmək istəyirsinizsə, onun aydın konturları olmalıdır”

Areq Koçinyan qeyd edir ki, bu görüş liderlər arasında son 6 ayda ilk üz-üzə söhbət olmasına baxmayaraq, iki ölkə nümayəndələrinin birbaşa təmas qurduğu yeganə format deyil. Ekspert ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Administrasiyası ilə Ermənistan Baş naziri Nikol Paşinyanın ofisinin qəbul etdiyi birgə bəyanatı xatırladıb.

“Onlar hələ kağıza köçürülməmiş şifahi razılaşmaların olduğunu deyəndə, ölkə liderləri arasında təmasları yox, məhz belə görüşləri nəzərdə tuturlar. Düşünmürəm ki, Sankt-Peterburqda keçirilən görüşdə 2024-cü il üçün konkret nəsə müzakirə olunub. Belə bir ifadə var: problemi həll etmək istəyirsənsə, onun aydın konturları olmalıdır. Məqsəd budur: sülh müqaviləsini imzalamaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə başlamaq. Amma prosesin başqa formulu da var: Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanması, sazişin imzalanmasından xeyli uzun və mürəkkəb prosesdir. Erməni və Azərbaycan xalqları arasında münasibətlərin normallaşması üçün onilliklər lazım olacaq”, - ekspert hesab edir.

İndi tez-tez belə bəyanatlar eşidilir ki, Ermənistan Rusiyadan uzaqlaşır, Azərbaycan isə əksinə, ona yaxınlaşır. Amma eyni zamanda, Ermənistan KTMT və Aİİ-nin üzvüdür, Azərbaycan isə Rusiya ilə bir yerdə bu təşkilatların heç birində təmsil olunmur və bu, ona daha müstəqil siyasət yürütmək imkanı verir. Ermənistan doğrudanmı Rusiyanın təsir dairəsindən uzaqlaşır? Erməni siyasətçilərinin açıqlamaları reallığa uyğundurmu, yoxsa biz burada da oxşar vəziyyətlə üzləşirik: sözlə bir şey, həqiqətdə isə hər şey başqa cürdür?

“Ermənistan, Azərbaycan və Türkiyənin birgəyaşayış formulunu tapmaq mümkün olsa...”

Areq Koçinyanın sözlərinə görə, Rusiya Federasiyasının Ermənistanda sadəcə olaraq nəhəng təsiri var və bu, ictimai həyatın bütün sahələrində hiss olunur. Amma Rusiyanın ölkədə mövcudluğunun qiymətləndirilməsi dəyişib.

“Bu hərtərəfli mövcudluğun kökündə Rusiyanın Ermənistanın təhlükəsizliyinin təminatçısı olması və erməniləri “qəddar türklərdən” qoruyacağı tezisi dayanırdı. Erməni ictimai-siyasi elitası onilliklər ərzində Rusiyanın iqtisadiyyatda, energetikada, informasiya sahəsində və infrastrukturda mövcudiyyətinin artmasına razılaşaraq, bunun əvəzində təhlükəsizlik əldə edəcəyimizə və qorunacağımıza inanırdı. NDİ (ABŞ-ın Milli Demokratiya İnstitutu – red.) bu yaxınlarda Ermənistanda keçirdiyi sorğunun nəticələrini təqdim edib. Ən maraqlısı odur ki, 2017-ci ildə əhalinin təxminən 80%-i Rusiyanı müttəfiq hesab edirdisə, indi ermənilərin yarıdan çoxu belə düşünmür, təxminən 40%-i isə ümumiyyətlə, Rusiyanı təhlükə hesab edir. Rusiyanın Ermənistandakı mövcudluğu ilə bağlı qiymətləndirmə dəyişib. Təbii ki, söhbət Rusiyadan tam qopmaqdan, münasibətləri redaktə etməkdən getmir, söhbət vahid istiqamətdən - təhlükəsizlikdən gedir. Artıq bir ilə yaxındır ki, Ermənistan KTMT-nin heç bir tədbirində iştirak etmir, üstəlik, daimi nümayəndəsini geri çağırıb və yenisini təyin etməyib. Deyə bilərik ki, KTMT-də belə bir prosedur olmasa da, Ermənistan əslində bu təşkilata üzvlüyünü “dondurub”. Məncə, məntiqi nəticə Ermənistanın bu strukturdan çıxması olacaq. Bunu etmək üçün ölkənin imkanı, resursları və iradəsi varmı? İndi var və bu, 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində olduğundan daha böyükdür. Düşünürəm ki, son arqument Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması olacaq. Ermənistan, Azərbaycan və Türkiyənin birgə yaşaması üçün hansısa formul tapa bilsək, bu, təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda Rusiyanın təsirinə ən böyük zərbə olacaq”, - politoloq əmindir.

Sülh müqaviləsi Rusiyanı regionda çox ciddi təsir rıçaqlarından məhrum edə bilər. Ermənistan açıq şəkildə danışıqların Qərb platformasında aparılmasına üstünlük verir. Ümumiyyətlə, bu, Azərbaycanın da maraqlarına cavab verir. Amma Azərbaycan tərəfi əmindir ki, bəzi Qərb dövlətlərinin, konkret olaraq Fransanın fəaliyyəti, Ermənistana birtərəfli diplomatik və hərbi-texniki dəstəyi, Parisin regionda nüfuzu getdikcə zəifləyən Rusiyanın yerini tutmaq cəhdidir. Azərbaycan sülh müqaviləsinin imzalanması düsturunu sadələşdirməyi və bunu vasitəçilərsiz etməyi təklif edir. Bu, bölgənin gələcəyi, özünü mümkün risklərdən sığortalamaq baxımından cəlbedici görünür. Bəs Ermənistanın bu sadələşdirilmiş sülh düsturu ilə razılaşmasına nə mane olur?

“Hazırda kənardan heç bir təminat olmadan imzalanacaq sülh müqaviləsi Ermənistan üçün kifayət qədər təhlükəli görünür”

Areq Koçinyan Bakının Fransaya münasibətindən bir qədər təəccüblənir: Azərbaycanın Türkiyə kimi müttəfiqi varsa, Parisin siyasətindən şikayətlənməyə ehtiyac yoxdur.

Erməni politoloq deyir: “Bir tərəfdən bu, doğrudur: nə qədər çox vasitəçi, oyunçu olarsa, bir o qədər çox maraq, öz mənfəətinin güdülməsi və əlbəttə, çətinliklər olacaq. Amma 2020-ci ildəki məğlubiyyətdən sonra Ermənistan tərəfində müəyyən narahatlıqlar var. Yəni, vasitəçilər və təminatçılar olmadan müqavilə imzalansa, Azərbaycan öz şərtlərini zorla və ya güc tətbiq etmək hədə-qorxusu ilə diktə etməyə başlaya bilər. Ermənistanla Azərbaycan arasında güc paritetinin olmadığı indiki zamanda kənardan heç bir təminat olmadan sülh müqaviləsinin imzalanması Ermənistan üçün kifayət qədər təhlükəli görünür. Bu məsələnin nəzəri cəhətdən ikinci həll variantı Ermənistan və Azərbaycan arasında hərbi potensialın müəyyən paritetini bərpa etmək olardı. Belə olan halda, Ermənistana xarici oyunçuların bu qədər iştirakı və bu qədər çəkindirici faktorun nə üçün lazım olacağına heç bir səbəb görmürəm. Bundan əlavə, fikrimcə, davamlı sülhün yeganə təminatı məhz hərbi paritetdir”.

Təcrübə göstərir ki, dünyada demək olar, hazır təminatlar praktiki olaraq yoxdur: təminatlar bəzən sıfırdan yaradılır və tərəflər özləri bir-birinə təminat verməyi öyrənməyənə qədər, heç nə olmayacaq. Xarici qüvvələr bir vaxtlar Sovet İttifaqının dağılmasından sonra əlində olan nüvə silahından imtina edəndə Ukraynaya da oxşar təminat vermişdilər. Amma böhran baş verən an bu sənədi heç kim xatırlatmadı. Bizim isə burada başqa bir vəzifəmiz var: tərəflərin hansısa mərhələdə daha konkret olaraq razılaşacaqları kommunikasiyaların açılması. Hazırda Zəngəzur/Mehri yolu ətrafında yaranmış vəziyyət sülh danışıqları prosesinin daha bir paradoksudur. Onun iqtisadi faydası, xeyri göz qabağındadır - o cümlədən sülh üçün gələcək zəmanətlər yaratmaq mənasında. Axı bu yol təkcə iki dövlətə xidmət göstərməyəcək, həm də beynəlxalq əhəmiyyət kəsb edəcək. Lakin Ermənistan tərəfindən bu istiqamətdə konkret addımlar atıldığı görünmür. Ermənistanın Rusiya tərəfinin yola nəzarət etmək istəməsi ilə bağlı narahatlığı başadüşüləndir. Amma Azərbaycan lideri dəfələrlə bəyan edib ki, biz bu məsələnin həllində Ermənistanın üstünlük verdiyi variantı qəbul etməyə hazırıq. Vəd etdiyi aşkar faydalara baxmayaraq, bu məsələ niyə bu qədər çətin oldu, niyə həll edilmir?

“Tərəflərdən biri hər şeyi və dərhal istəyirsə, təcrübə göstərir ki, heç nə əldə etmir”

Ekspertin sözlərinə görə, artıq Ermənistan təhlükəsizlik xidmətinin tərkibində təkcə bu yolun deyil, digər məsələlərin təhlükəsizliyi ilə məşğul olacaq xüsusi bölmə yaradıb. “Bununla yanaşı, Ermənistan hökumətinin “Sülh qovşağı” adlı təşəbbüsü də var idi. Bu, prinsipcə, eynilə Mehri yolunun reallaşdırılması deməkdir, hətta onun 5 dəfə genişləndirilmiş formasıdır. Yəni, bunlar Ermənistanın şərqini qərbi ilə birləşdirən beş yoldur və prinsipcə, Azərbaycanı Türkiyə ilə birləşdirə bilər. Fikrimcə, bir yol və bəzi müstəsna iqtisadi üstünlüklərdən danışmaqdansa, bu, daha perspektivli həll paketidir. Üstəgəl, gələcəkdə bütün infrastrukturun idarəetmə rejiminin sadələşdirilməsi imkanları yaradır. Siz təkcə bu yolla rüsumsuz, nəzarətsiz, gömrük ödəməsi olmadan keçməyi tələb edə bilməzsiniz. Bu o demək deyil ki, buna nail olmaq mümkün deyil. Əlbəttə, gələcəkdə mümkündür. Niyə avropalılar buna gələ bilirlər, amma biz sizinlə gələ bilmirik? Ancaq buna çatmaq üçün hələ çox uzun yol var. Tərəflərdən biri hər şeyi və dərhal istəyirsə, təcrübə göstərir ki, heç nə əldə etmir”.

Sülh prosesi həqiqətən də çoxlu suallar doğurur və əksəriyyəti bir-birinə inamsızlığa, keçmişin kədərli təcrübəsinə əsaslanan paradoksları ortaya çıxarır. Lakin elə problemlər var ki, onlar sadəcə masa arxasında hərtərəfli müzakirəni deyil, dərhal həllini tələb edir. Ümid edək ki, iki ölkənin liderləri və uzun illər davam edən müharibəni dayandıra bilən xalqlar məsələni məntiqi nəticəyə çatdırmaq və düşmənçiliyə son qoymaq üçün kifayət qədər güc və cəsarətə malik olacaqlar.

(Verilişin tam versiyasına Pressklub TV kanalında aşağıdan baxa bilərsiniz:)