Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda Başkənd kəndini almağa ümid edirlər

İlk dəfə olaraq Ermənistan rəhbərliyi 1992-ci ildə Azərbaycan ordusu və hərbçilər tərəfindən nəzarətə götürülmüş Başkənd (Artsvaşen) kəndinin ərazisinin bu ölkəyə qaytarılmasından danışmağa başlayıb.

Biz eksklav, anklav mövzusundan imtina edə bilmərik. Bu barədə baş nazir Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, "Artsvaşen Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsidir və onlar bu məsələ ilə məşğul olmaq barədə razılığa gəliblər".

Paşinyanın danışıqlarından belə çıxır ki, Bakı kəndin Ermənistana verilməsinə razı olmayıb. "Bilirsiniz ki, Ermənistan Respublikası bu məsələdən imtina edə bilməz, çünki Artsvaşen bizim ölkəmizin suveren ərazisinin bir hissəsidir.

Biz eksklavın mövcudluğunu de-yure əsaslandırmaq niyyətindəyik. Artsvaşen demarkasiya prosesindədir və Ermənistan Respublikası hökumətinin belə əsaslandırması var, bundan sonra Artsvaşen ətrafında demarkasiya prosesi həyata keçiriləcək, görək, hansı qərarlar olacaq",- Paşinyan bildirib.

O, Bakı ilə danışıqlarda razılaşdırılmış mühüm vəziyyəti açıqlayıb. Baş nazirin sözlərinə görə, mübahisəli kəndin qaytarılmasının Bakı tərəfindən təsdiqindən əvvəl ilkin tədbir kimi dörd kəndin (Qazax rayonu - red.) demarkasiyası həyata keçirilir.

Sovet dönəmində Ermənistan SSR-in Azərbaycan SSR ərazisindəki anklavı olan Başkənd kəndi (Artsvaşen) hazırda Azərbaycanın Gədəbəy rayonuna aiddir. Kəndin mənsubluğunu mübahisələndirən Ermənistan inzibati-ərazi bölgüsünə görə, Başkənd Ermənistanın Geqarkunik vilayətinə məxsusdur. Başkənd anklav (eksklav) ərazilərindən ən böyük kənddir (40 km.).

Regionda dörd kəndi Azərbaycana vermək istəməyən ermənilərin kütləvi etirazları davam edir. Mitinqçilər Azərbaycan texnikası və sərhədçilərinin həmin kəndlərə gedəcəyi yolları avtomobillərlə bağlayıblar. Aprelin 20-də etiraz edən ermənilər Voskepar kəndinə gedən yolda piketi dayandırıblar, ancaq Ermənistanın Tavuş vilayətinin Kirants kəndində piket təşkil edərək yolu bağlayıblar.  Sakinlər bildirirlər ki, iki ölkə arasında sərhədin müəyyən edilməsi nəticəsində ermənilərin bəzi evləri dağıdılacaq, məktəb və kilsə Azərbaycan ordusunun mövqelərinin yaxınlığında olacaq. Yerevanda həmin evlərin sahiblərinə başqa yerdə ev tikmək üçün pul kompensasiyası vəd edilib. Azərbaycan ərazisindən yan keçməklə yeni yollar tikiləcək. Aprelin 20-də Ermənistan polis qüvvələri piketçilərin bağladığı yolu açmağa çalışıb.

Bundan əvvəl Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası məsələləri üzrə komissiyaları iclasın yekunlarına dair press-reliz yayaraq bildiriblər ki, Ermənistanın Bağanis, Azərbaycanın Bağanis Ayrım, Ermənistanın Voskepar, Azərbaycanın Aşağı Əskipara, Ermənistanın Kirants, Azərbaycanın Heyrimli, Ermənistanın Berkaber, Azərbaycanın Qızılhacılı kəndlərinin ərazilərində sərhədlərin delimitasiyası ilkin olaraq razılaşdırılıb.

Faktiki olaraq bu, Azərbaycan SSR-in tərkibində olan, 1990-cı illərdən isə Ermənistanın nəzarəti altında olan dörd kəndin Azərbaycanın nəzarətinə keçməsi deməkdir. (Turan)