Logo
news content

Jurnalist əxlaqı və riyakarlıq
İsveç jurnalistlərinin Azərbaycana səfərinin əks-sədası haqqında

2020-ci ilin oktyabr ayının ortası idi. Azərbaycan ordusu Qarabağda tarix yazırdı. Həm jurnalist, həm də vətəndaş kimi 30 illik həsrəti qələmə alıb, sosial şəbəkədəki profillərimdən şəhərlərin, kəndlərin alınması haqqında hər gün İsveç və Azərbaycan dillərində paylaşımlar edirdim. İsveçin açıq ictimai kanalında (Öppna kanalen) 2019-cu ilin yanvarından fəaliyyət göstərən həftəlik proqramımızı da tam müharibə ovqatına, müharibə xəbərlərinə kökləmişdik. Bakıdan, Press Klubdan xəbərlər ingilis dilində çəkilib gəlir, bəzi videolar oradan göndərilir, qalanlarını da biz İsveçdə hazırlayıb, arxasına filmlər calayıb, bir saatlıq proqramı Öppna Kanalendə göstərirdik. Son dövrlər işimizi Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın 30-dan çox kütləvi informasiya vasitələrinə verdiyi ingilis dilində müsahibələr asanlaşdırmışdı. Onlar bizim proqramın da tərkib hissəsinə çevrilmişdi. Müharibənin gedişatını, Azərbaycanın mövqeyini ölkənin birinci şəxsinin dilindən eşitməkdən maraqlı nə ola bilərdi? Xarici jurnalistlərin bəzən kəskin, açıq suallarına Prezidentin dolğun cavabları çoxlarının diqqətini cəlb edirdi. Həftəlik proqramımızın auditoriyası 2 milyona çatmışdı. Bizə ayrılmış vaxtdan səmərəli istifadə edirdik. ….

Həmin ərəfədə həm sosial şəbəkələrdən, həm də poçtuma təxminən bu məzmunda məktublar gəlirdi: “Rahim, sən İsveçdə jurnalist kimi XİN-də və  Parlamentdə qeydiyyatdan keçmisən. Paylaşdığın statuslar, televiziya verilişləri sənin tərəfsiz jurnalist olduğuna şübhə yaradır. Öydüyün Azərbaycan ordusu Dağlıq Qarabağ ərazisində kilsələri partladır, doğum evlərini bombalayır...” Və s. və i.a. Özü də bunları yazanlar əsasən ermənilər deyil, isveçlilər və avropalılar idilər.

Müharibə zəfərlə bitdi. Qarşıma məqsəd qoydum ki, isveçli jurnalistləri Azərbaycana aparıb, reallığı onlara göstərim. 

Jurnalistlərin Bakıdan Ağdama səfərindən sonra Press Klubun rəhbəri Arif Əliyev “Cəhənnəmin installyasiyası” adlı bir məqalə yazmışdı. Onun ingilis dilinə tərcüməsini istədim və “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması” Ağdam haqqında Arif bəylə birlikdə “İnstallation of Hell” adlı sənədli film hazırladım.  Əvvəllər İsveçin SVT-UR kanallarında işləmişdim, dostlarım var idi. Dostlarımla əlaqə saxlayıb 4 nəfər jurnalistdən ibarət heyətin Azərbaycana səfərlərini təşkil etmək niyyətində olduğumu bildirdim. Əlbəttə ki, təkbaşına bunu edə bilməzdim. Müəyyən maliyyə dəstəyinə ehtiyac vardı, üstəlik ayrı-ayrı dövlət strukturları və jurnalist təşkilatları ilə görüşlərlə, Qarabağa səfərlə bağlı müxtəlif məsələləri həll etmək lazım idi. Bunun üçün Press Klubla əlaqə saxladım. Dəstək alacağımı bildikdən sonra yenidən isveçli jurnalistlərə döndüm. Onlara Ağdam haqqındakı “İstallation of Hell” filmini göndərdim, verilən sualları cavablandırdım. Səfərin əsas məqsədinin Qarabağa getmək olduğunu dedim. Özləri səfərdə iştirak etmək istəyənlərdən ilk olaraq fotoqraf Mikael Silkeberqlə görüşdüm. Mikaelin sərgilərini həm Stokholmda, həm başqa ölkələrdə dəfələrlə görmüşəm. O, Qarabağ sərgisi də təşkil etməyi planlaşdırdığını söylədi. Jurnalistlər Maria Bertell, Agneta Nordin, Deniz Merdol həmçinin regionla maraqlandıqlarını bildirdilər. 

Azərbaycan tərəfindən layihəmizin icrasına, görüşlərin təşkilinə kömək üçün Press Klubla, Azərbaycan Jurnalistlər Birliyi ilə yanaşı, Disporla İş üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirmək istəyirəm. Vizaların alınmasına, səfərlə bağlı bir sıra inzibati məsələlərin operativ həllinə görə isə  Azərbaycanın İsveç, Norveç krallıqlarında və Finlandiya Respublikasındakı fövqəladə və səlahiyyətli nümayəndəliyinə xüsusi minnətdarlıq düşür.

Jurnalistlər Bakıda Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsində, Xarici İşlər Nazirliyində, ANAMA-da, İctima TV-də, Multikulturalizm mərkəzində görüşlərdə oldular. Onları “Villa Petrolea”da Nobel qardaşlarının muzeyi ilə də tanış etdik. Jurnalist Maria Bertell qaçqınlar və məcburi köçkünlərlə görüş istədi. Qobu kəndinə getdik. İnsanların həyat hekayələrini dinləyən isveçlilər təsirlənmişdilər. Qaçqınlar işğaldan azad olunmuş evlərinə köçəcəkləri günü gözlədiklərini və köçdükdən sonra isveç jurnalistlərini yenidən öz evlərində görmək istədiklərini dilə gətirdilər.

Əlbəttə ki, səfərimizin kulminasiya nöqtəsi Qarabağa getməyimiz oldu. İşğaldan azad edilmiş əraziyə daxil olanda fərqi dərhal hiss edirsən. Bakıda avtobusumuz “Qənimətlər” parkının yanından  keçəndə: “Bu texnika niyə burdadır?” – soruşan jurnalistlər indi yol qırağında yanıb qalmış hərbi maşınları görürdülər. Xarabalıqlar əhatəsində 7 aya tikilmiş  müasir Fizuli hava limanına döndük, sonra “Zəfər yolu” ilə keçib, Şuşanın girişinə çatdıq. 

Azərbaycan əsgərləri sənədlərimizi yoxlayırlar, mənsə isveçli jurnalistlərə Laçın dəhlizini və “sülhməramlıların” yerləşdiyi ərazini göstərirəm. Mikael şəkillər çəkir. Maria, Agneta və Dənizin suallarına cavab veririk. Şuşada “Xarı Bülbül” mehmanxanasında ayaqüstü çay içib, şəhəri gəzməyə çıxmaq istəyirik. Mehmanxana doludur, Şeyxülislam Hacı Allahşükür Paşazadə və Türkiyə Dəyanət işləri başqanı onları müşayiət edən geniş tərkibli heyətlə buradadırlar. Prezidentin Şuşaya təyin etdiyi xüsusi nümayəndə ilə rastlaşırıq. Uşaqlıqdan tanıdığım Aydın Kərimovla 30 ildən sonra Şuşada görüşürük. 



Biz hosteldə yerbəyer olub şəhərə çıxırıq. Şuşa Dövlət Qoruğunun əməkdaşı Zaur Həsənov və Diaspora İş üzrə Komitənin nümayəndəsi Leyla Qasımova gəzdiyimiz yerlər haqqında ingilis dilində ətraflı məlumatlar verirlər. Üzeyir Hacıbəyov, Xanqızı Natavan və Bülbülün güllələnmiş heykəlləri, dağılmış binalar, tarixi abidələr, Bülbülün ev muzeyi, Gövhər Ağa məscidi...  Bəzi məscidlər donuz tövləsi kimi istifadə olunub... Nəhayət, Cıdır düzü... Ermənilərin yaşadığı Xankəndi də görünür...

Axşam Allahşükür Paşazadə və türkiyəli din xadimləri ilə yeməkxanada rastlaşırıq. Səmimi söhbətimiz olur. Şeyx həzrətləri hər kəslə əllə görüşür. İsveçlilər onun kim olduğunu öyrənirlər və təəccüb edirlər. Hər halda, mən hiss edirəm bunu...

Səhərdir. Dumanlı dağlardan enməyə hazırlaşırıq. Buludlar Şuşadan aşağıdadırlar. Bizə bir mülki geyimdə hərbçi və bir də polis serjantı qoşulur. Evlərinə gedirlər. Yolda isveçlilər hərbçini sorğu-suala tuturlar. Şuşa qəhrəmanıdır, döyüşdə ağır yaralanıb. Hələ də müalicəyə gedir. “Hardandır”, - deyə soruşurlar. Qərbi Azərbaycandan olduğunu söyləyir. Qərbi Azərbaycanın indiki Ermənistan ərazisində yerləşdiyini deyirəm. Münaqişə dövründə Ermənistandan Azərbaycana yüz minlərlə qaçqın gəldiyini izah edirəm. Maşın yolda saxlayır, əsgər və polis sağollaşıb düşürlər. Bizimsə yolumuz Ağdamadır.

Quzanlıdan  Ağdama gedirik. “Cəhənnəmin installyasiyası”, ”Ruhlar şəhəri”, “Qafqazın Xirosiması”. Burada işləyən Faiq adlı gənc mütəxəssis jurnalistlərə şəhərin vəziyyəti və yaxın gələcəyi haqqında ingiliscə müfəssəl məlumat verir. Dağıdılmış abidələr, yollar, teatr, çay evi, İmarət, məscidlər, sıralanmış xaraba evlər, sanki “rəssam” əli ilə “çəkilmiş” viranələr. “Bazar harda idi, görəsən?”, - sual verirəm. Məhşur Ağdam bazarı. İsveçlilərə bazar haqqında da danışıram.  Növbəti dəfə qeyri-ixtiyarı kövrəlirəm. İsveçlilər mənim hisslərimi anlamırlar, deyəsən.



Avtobusda hamıya deyirəm: “Getsəniz, Yerevanda, ya da İsveçdə ermənilərdən soruşun: “Bu evləri necə belə “səliqəylə” dağıtmısınız?” Mikayıl sual verir: “Axı onlar bombayla, silahla dağıdılana oxşamır?” Elədir, oxşamır. “Əllə dağıdıblar, - əlavə edirəm, - qəbirləri də qazıb sümükləri çölə atıblar”. 

Bərdəyə yollanırıq. Yerli icra hakimiyyətinin Şadlinski soyadlı nümayəndəsi bizi qarşılayır. Abbasqulu ağa Şadlinskinin nəslindəndir. Bu gün Bərdənin məruz qaldığı raket hücumunun ildönümüdür. AzTV-nin kamerası buradadır. İsveçlilər müsahibə verməkdən imtina edirlər. Bərdədəki şəhid ailələri ilə görüşürük. 

Səfərimiz başa çatır. Bakıya dönürük, qan testi veririk. Sabahı İsveçliləri Stokholma yola salıram.

İndi İsveçdə bəziləri məni tənqid edir ki, mən “Azərbaycanın təbliğat maşınının bir parçası” olmuşam (?), İsveç jurnalistlərini Azərbaycana aparmışam. Bəli, mən azərbaycanlıyam. İsveçdə yaşayan azərbaycanlı. Əlbəttə, erməni tərəfin ölkəmə yaşatdığı fəlakətləri dünyanın bilməsini istəyirəm. Yalansız və mübaliğəsiz! Bunun üçünsə hər şeyi olduğu kimi göstərməkdən yaxşı üsul varmı? 

İsveçli dostlarıma isə məsləhət görürəm: onlara irad tutan erməni, ya ermənipərəst tanışlarından, həmkarlarından soruşunlar:  “Axı belə bir cənnət guşəni – Qarabağı necə və nəyin naminə cəhənnəmə döndərmək olardı?”. “Jurnalist əxlaqı”, bax, buna deyərlər.  

Rahim Sadıqbəyli,
Stokholm-Bakı
(fotolar müəllifindir)