Mikayıl Xıdırzadə – 110

Görkəmli riyaziyyatçı alim, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı Mikayıl Xıdırzadənin 110 illiyidir.

Mikayıl Xıdırzadə 1911-ci ildə Gədəbəyin Miskinli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. Bu universitetə daxil olan ilk azərbaycanlıdır.  

1937-ci ildə ali təhsilini bitirdikdən sonra M. Xıdırzadə Bakıya dönmək istəyir, lakin müəllimləri ona icazə vermir. Mikayıl müəllim ona vətəndə daha çox ehtiyacın olduğunu və dönməsinin vacib olduğunu bildirir. 1937-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində müəllim, 1938-ci ildən isə dekan kimi çalışır. O, fakültənin ilk azərbaycanlı dekanı olub. M.Xıdırzadə az müddətdə xeyli riyaziyyatçı yetişdirib. Onun ən məşhur tələbələrindən biri Azərbaycan SSR EA-nın müxbir üzvü, professor Qoşqar Əhmədov olub. 

1937- ci il və sonrakı illər Azərbaycanın vətənpərvər ziyalıları üçün çox ağır illər idi. O dövrdə baş verən hadisələr Mikayıl müəllimdən də yan keçməyib, onun da adını repressiyaya məruz qalacaq elm xadimlərinin siyahısına əlavə edirər. M.Xıdırzadə düşünür ki, vətən xaini damğası vurularaq ölməkdənsə, qəhrəman kimi ölmək şərəflidir. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayarkən səfərbərliyə cəlb olunmamaq hüququna malik olmasına baxmayaraq, Mikayıl Xıdırzadə könüllü ordu sıralarına yazılıb və cəbhəyə yollanıb. Özünü rəşadətli döyüşçü kimi göstərərək topçu bölüyünün komandiri olub və bir neçə orden və medalla təltif edilib. Mikayıl Xıdırzadə 1944-cü ildə Belarusiyanın Vitebsk şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, Vitebsk şəhəri, Oktyabr sovetliyi ərazisində dəfn edilib. Ölümündən sonra Sovet İttifaqı Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ordenlə təltif olunub. 

29 sentyabr 2012-ci ildə Gədəbəy rayon Mədəniyyət Evində Mikayıl Xıdırzadənin 100 illik yubleyinə həsr edilmiş tədbir keçirilib. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Gədəbəy şəhərinin küçələrinin birinə Mikayıl Xıdırzadənin adı verilib. Oxuduğu Miskinli kənd 1 saylı tam orta məktəb Mikayıl Xıdırzadənin adını daşıyır.