Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qara qızıl" azalmaqda davam edir və qiymətdən düşür

Dekabrın 12-də Azərbaycan neftinin bir bareli 65 dollardan belə aşağı satılıb. Neftin qiyməti düşməkdə davam edir. Bu ilin büdcəsində neftin bir barelinin ixrac qiyməti 70, gələn ilin büdcəsində isə 65 dollar götürülüb.

Qiymətlə yanaşı, hasilatda da düşüş davam edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23 milyon 43 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 milyon ton və ya 4.6 faiz azdır.

Ölkədə neft hasilatının pik dövrü 2009-cu ildə olub - 50.9 milyon ton.

Aparılan hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82.87 ABŞ dollarına bərabər olub. Bu il isə bu rəqəm, hələlik, 70 dollardan cüzi artıqdır.

Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür. İqtisadçıların fikrincə, nə qədər ki Azərbaycanda qeyri-neft sektoru real şəkildə inkişaf etməyib, "qara qızıl"ın hasilatının azalması və dəyərinin düşməsi ciddi böhrana yol aça bilər.

Qeyd edək ki, "Brent" neftin fevral fyuçersləri də Londonun "ICE Futures" birjasında 0,29 dollar (0,47%) ucuzlaşaraq bir barrelə görə 60,99 ABŞ dollarına enib.

"WTI"ın yanvar fyuçersləri "NYMEX" birjasında 0,28 dollar (0,43%) ucuzlaşaraq bir barrelə görə 57,32 dollara düşüb.

Neft kotirovkalarına əsas təzyiq dünya bazarında təklifin tələbi üstələməsi riski yaradıb.

Beynəlxalq Enerji Agentliyi 2026-cı ildə neft təklifinin sutka ərzində tələb olunan həcmi sutka 4 milyon barrel üstələcəyi barədə proqnozu təsdiqləyib. Bu isə dünya ehtiyatlarının dördillik maksimuma qalxması deməkdir.

Treyderlər vəziyyəti geosiyasətə uyğun qiymətləndirirlər, çünki Rusiya-Ukrayna münaqişəsinin nizamlanması situasiyanı dəyişə bilər və Rusiya dünya bazarına neftdaşımaları bərpa edər.