Logo
news content

Yuxulardan və xəyallardan düzəldilən milli kimlik
İran hakimiyyəti öz “tarixi”nə görə şivən salır, başqalarının isə tarixini silib atır

İran cəmiyyəti hakim panfarsist düşüncə sisteminin başqa etnosları aşağılamaq, onları düşmən obrazında təqdim etmək, “öz gözündə çöpü görməyib, özgə gözündə tir axtarmaq” kimi mərəzlərindən yorulmağa başlayıb. Ya da fars şovinist milli-etnik ideologiyası süquta uğrayır.

Ümumiyyətlə, İranda ideoloji boşluq yaşanır. 

Bu günlərdə İrandakı informasiya vasitələrindən birində əhəməni hökmdarı Kirin adının serialda itə verilməsi bağlı bir qrup panfarsçı təəssübkeşin həyəcanlı mövqeyi yayımlanıb. 

Həmin məqalədən bəzi məqamları nəzər yetirək:

“Həvəskar bir televiziya serialında kimsə itinə Kir adını verəndə susduq. İndi də qədim İran simvollarına daş atırıq. Görünür, Kir, nəhayət, qədim İran mədəniyyəti kateqoriyasında öz yerini və statusunu tapır. Qədim İran tarixinin lağa qoyulması, Kirin təhqir edilməsi, Firdovsinin və “Şahnamə”nin dövri olaraq alçaldılması və başqa hərəkətlər bəzi qonşu ölkələrin müxtəlif bəhanələrlə İranın mədəni irsini və şərəfli tarixini müsadirə etdiyi bir dövrdə baş verir”.

Müəllif daha sonra yaxın keçmişdən bəhs edərək, yazıb: “Səkkiz il əvvəl televiziya proqramlarından birində tamaşaçıları güldürmək üçün komedian Rüstəm və Söhrabı (Firdovsinin “Şahnamə”sinin qəhrəmanları - S.S.) lağa qoymaq üçün demək olar ki, vulqar leksika və ədəbsiz sözlərdən istifadə edib. Öz mənafeyi üçün "Şahnamə"yə istinad etdi, ari irqinə toxundu. Qısacası, İran kimliyinin heç bir simvoluna rəhm etmədi".

Fars şovinist siyasi-ideoloji düşüncə sistemi 100 il əvvəl hakimiyyəti ələ keçirdikdən sonra fars olmayanları aşağılamağa, onların ana dilində danışmasını cinayət saymağa və başqa belə qadağalar tətbiq etməyə başladı. Ərazilər, yer adları farslaşdırıldı. Uşaqlara ana dilində ad qoyulması cəzalandırıldı. Ancaq bu məqalənin müəllifi mifik obrazlarla bağlı gülməcələrin yaranmasından qeyzlənib. 

Hətta bunu “ari irqə”, yəni farslara, İran xalqının “kimliyinə” qarşı rəhmsiz davranış olaraq göstərməyə çalışıb. 

Müəllif bildirib ki, indi bu cür addımlar kiber məkanda mürəkkəb bir problemə çevrilib: “Eyni hadisə bu dəfə ölkə televiziyasında İran kimliyinə hücumlar və təhqirlərlə təkrarlanıb”.

“Şahnamə” qəhrəmanları ilə bağlı şarjlara qarşı çıxış edib, bunu Firdovsi ruhuna, farslara təhqir kimi cəmiyyətə, ictimai rəyə sırımağa çalışanlar da tapıldı. 

Müəllif bildirir ki, bir neçə il öncə “Ace” adlı serialın qəhrəmanlarından birinin itinə “Kirayuş” (“Kir”) adı verilib. 

Hicaba  bürünən, din pərdəsi altında panfarsçılığından əl çəkməyən bu siyasi hakimiyyət ölkədə serialda itin adının “Kirayuş” (“Kir”) qoyulmasından ənənəvi olaraq qeyzlənib. Ancaq özünün başqa millətlərə qarşı eyni siyasəti həyata keçirdiyini “unudub”. 

Güney Azərbaycanda qədim tarixi mədəniyyət abidələri dağılır, bəzən “dövlət əhəmiyyətli layihənin planına düşüb” adı altında məhv edilir. İran mətbuatı, türk olmayan başqa etnik qrupların özünü ziyalı, iranlı adlandıran mənsubları da bu kimi hadisələrə reaksiya vermirlər.

Onlar sanki bu işlərin İran dövlətinə, elimi-mədəni ictimaiyyətinə aidiyyəti olmadığını düşünür, yaxalarını kənara çəkir, bir sıra hallarda belə dağıntıları dəstəkləyirlər. Sanki türk tarixinə aid abidələrin qayğısına yalnız türklərin qalmalı olduğunu düşünürlər. 

Bu yaxınlarda məşhur “Persepolis” abidələrinin qorunması ilə bağlı İran KİV-də qalmaqal yaranmışdı. Bu abidəni şibyələrin aşındırdığını bildirmişlər. 

Müəllif İran cəmiyyətinin “Persepolis” abidəsinə laqeyd münasibətini “irsə hörmətsizlik” kimi təqdim edib. Belələrini etnik şüurun olmamasında qınayıb.  

Haşiyə: Böyük Kir, II Kir (“Kuruş-e Bozorg”) Əhəmənilər İmperiyasının banisi sayılır. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın fəth edib. 

Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr, bir qrup əyan, ba‏şda Harpaq olmaqla, II Kir ilə əlaqəyə girərək, onun hakimiyyəti ələ keçirməsinə kömək ediblər.

Farslar uzunmüddətli müharibələrdə midiyalıların mövqeyinin zəifləməsindən istifadə edərək, qiyam qaldırmış, özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.

Başqa sözlə, Kir fars şovinistlərinin və xarici tarixçilərin, türk düşmənlərinin şişirtdiyi qədər elə də qüdrətli olmayıb. O, hiylə ilə hakimiyyətə gətirilib. Rza Pəhləvinin də şah olması Kirin imperator olmasına oxşayır. 

Odur ki, İranda panfarsçı düşüncə sisteminin ölkə əhalisini bu hakimiyyət oğrusu ətrafında qurması, əksinə, cəmiyyəti parçalayır. Elə ona görə də serial qəhrəmanı itinə onun adını verib. 

Persepolis  (“Təxt-e Cəmşid”) — Əhəmənilər dövlətinin paytaxtı, tarixi şəhərdir. Hazırda xarabalıq halında olan şəhər İranın Fars əyalətində Şiraz şəhərinin şimal-şərqində yerləşir. Bu əyalətdə qaşqaylar -Azərbaycan türkləri də yaşayır. 

Persepolis təəssübünü çəkən İran mediası və ictimai xadimləri qocaman türk tayfasının milli-mədəni varlığının Tehran hakimiyyəti tərəfindən danılmasına göz yumur. Qaşqayların-azərbaycanlıların milli geyimləri, adət-ənənələri farslaşdırılaraq, başqa farsdilli etnik qrupun adına qeydiyyatdan keçirilib. 

Bu günlərdə daha bir ironik hadisə baş verib. Firdovsini ələ salmaqda ittiham olunan iranlı aktrisa “Şahnamə”dən dissertasiya yazmaqla cəzalandırılıb. İranda klassik fars şairi Əbülqasim Firdovsini ələ salmaqda təqsirləndirilən iranlı aktrisa və yutuber Zeynəb Musəvi onun "Şahnamə" poemasından dissertasiya yazmaqla cəzalandırılıb.

Aktrisanın həyat yoldaşının dediyinə görə, Z.Musəvi bu addımının "cəzası" olaraq Firdovsi Fondunun nəzarəti altında və fondun təsdiqlədiyi professorun rəhbərliyi ilə altı ay ərzində şairin yaradıcılığının fars mədəniyyəti və ədəbiyyatında əhəmiyyəti mövzusunda məcburi dissertasiya yazıb müdafiə etməlidir.

Bundan başqa, aktrisa "Şahnamə"dən istifadə etməklə, bölgə məktəbləri və ya mədəniyyət mərkəzlərində ən azı 120 saat hekayə danışmaq kursları keçməli, bu fəaliyyəti həyata keçirdiyini təsdiqləyən müvafiq sənədləri cəza icra xidmətinə təqdim etməlidir.

Bildirilib ki, Z.Musəvi Firdovsinin "Şahnamə"sinə qarşı təhqiramiz tərzdə çəkilmiş bir neçə dəqiqəlik video yayımlayıb. Məlumata görə, həmin videoçarxı izləyənlərin bir qismi bunu "milli irsə təhqir" adlandıraraq qəzəbləndiyi halda, digər izləyicilər aktrisanın yumor cəsarətini dəstəkləyiblər.

Bu panfarsçı siyasi-milli hakim ideologiyanın çürüklüyünün nümunəsidir. Bir ideologiyanın tarixi hökmdarının adı itə verilirsə, “Şahnamə”sinin Rüstəm, Dastan, Arəş kimi qəhrəmanları lağ-lağı, yaxud, daha yaxşı ifadə etsək, yumor pesonajına çevrilirsə, bu, həmin ideyalar toplusunun əsassız olduğunu göstərir. 

Panfarsizmin əsası Firdovsinin nağıllarına, “Təxt-e-Cəmişid”in hökmdarına söykənir. Bir vaxtlar Sasanilərin sonuncu hökmdarı Yezdəgird də “Ədalətli Ənuşirəvan” kimi cəmiyyətə, Yaxın Şərqə, hətta dünyaya belə sırınırdı. Ancaq tarixdə o, əxlaqsız, harınlamış, ədalətsiz biri olaraq qalıb. 

Yəni İrandakı hakim panfarsçı düşüncə sistemi yalan, saxta tarixə, xülyalara söykənir. Bir zamanlar ermənilər də yuxularına və xəyallarına əsaslanan tarix, milli kimlik və siyasi-ideoloji sistem qurmuşdular. Ancaq hamısı puça çıxdı. Odur ki, fars şovinizminin şişirdilən siyasi ideologiyası da erməniliyin aqibətini yaşamaqdadır…