Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

Medianı Mişanın barmaqlarına necə “dolamaq” olar?
Azərbaycan-Ermənistan münasibətlərinə dair xəbərlərdə faktların yoxlanması zərurəti

...Konfransın qızğın vaxtında əslən Qarabağlı erməni jurnalisti söz aldı və hazırda Xankəndidə yaşayan Mişanın barmaqlarını Azərbaycan hərbçilərinin balta ilə kəsdiklərini dedi. 2023-cü ilin noyabr ayı idi, erməni əhali Qarabağı təzə tərk etmişdi, Azərbaycan rəsmilərinin Bakıya tabeçiliyi qəbul edərək evlərində qalmaq çağırışına cəmi bir necə adam cavab vermişdi, onlardan da biri “Mişa” deyilən Qriqoryan Muşeq idi. Buna görə məlumat beynəlxalq tədbir iştirakçılarının heyrətinə və hətta hiddətinə səbəb oldu... 

***

Sülhə yaxın olmağımıza baxmayaraq, Azərbaycan-Ermənistan münasibətləri Cənubi Qafqazın hələ də ən mürəkkəb və həssas problemi olaraq qalır. Tarixi ziddiyyətlərin, son onilliklərdə isə qanlı müharibələrin təsiri altında təşəkkül tapmış bu münasibətlər həm daxili, həm beynəlxalq informasiya mühitində ciddi dezinformasiya dalğaları ilə müşayiət olunur. 

Uzun qarşıdurma şəraitində informasiya müharibəsi həmişə fiziki qarşıdurma qədər əhəmiyyət daşıyır. Feyk xəbərlər (yanlış və ya saxta iddialar), dezinformasiya kampaniyaları çox vaxt emosiyaları coşdurmaq, tərəflər arasında gərginlik yaratmaq, beynəlxalq ictimaiyyəti aldatmaq və ya daxildə cəmiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi ilə yayılır. Belə hallarda faktların yoxlanması, düzəliş və təkziblərin vaxtlı-vaxtında  auditoriyaya çatdırılması vacib rol oynayır.

Təkziblərin olması niyə vacibdir?

1. Bu, qarışıqlığı aradan qaldırır və reallıqla əlaqəni bərpa edir. Saxta xəbərlər informasiya boşluğu yaradır, insanlar nə baş verdiyini dəqiq anlaya bilmirlər. Təkzib olduqda reallıq üzə çıxır, yalan iddiaların təsiri ən azı məhdudlaşır. 

2. Bu, ictimai etimadın saxlanması və psixoloji sabitliyin qorunmasını təmin edir. Münaqişə zamanı etimadsızlıq və qorxu hissi yaranır. İnsanlar nəyə inanmalı, kimə etibar etməli olduqlarını bilmirlər. Xüsusilə dövlət orqanları, etibarlı media tərəfindən təkzib verildikdə, ictimaiyyətin informasiyaya güvəni artır.

3. Təkzibin zorakılıq hallarının qarşısının alınmasına ciddi təsiri olur. 
Yanlış xəbərlər cəmiyyətdə nifrət və düşmənçiliyi alovlandırır, insanı qarşı tərəfə eyni tərzdə cavab verməyə sövq edir: “Qoşunlar sərhədə yığılır, bizə hücum edəcəklər, onları qabaqlamalıyıq” və s. Bu cür feyklər nəticəsində yaşanan stress həm hərbçilərin, həm mülki şəxslərin yanlış reaksiyasına səbəb ola, hətta provokasiyalara gətirib çıxara bilər.

4. Diplomatik vəziyyətin və beynəlxalq reputasiyanın qorunması vəzifəsi də lazımi hallarda təkziblərin verilməsini tələb edir. Ölkənin münaqişə zəminində atdığı addımlar barədə (məsələn, yuxarıdakı şəkildə göstərildiyi kimi, hərbi əməliyyatlarda qadağan olunmuş silahlardan istifadə haqqında) xəbərlər humanitar təşkilatların, hüquq institutlarının və bütövlükdə beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır. Belə yalan məlumat geniş yayılarsa, ölkənin imici zədələnə, ittihamlar arta, hətta sanksiyalardan söz açıla bilər. Təkzib bu riskləri azaldır.

Xüsusilə 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin iyununda sərhəddəki toqquşmalar və həmin ilin payızında genişmiqyaslı müharibə zamanı yayılan xəbərlər, görüntülər və video materiallar tez-tez ya kontekstdən çıxarılır, ya da ümumiyyətlə saxtalaşdırılırdı. Amma bu o demək deyil ki, sülh dövründə feyklərin törətdiyi təhlükə azalır. 

Sosial şəbəkələr dezinformasiyanın ən çox yayıldığı yerlərdir – insanlar təsdiqlənməmiş sensasiya xarakterli xəbərləri həvəslə bölüşür, şəkilləri və videoları kifayət qədər yoxlamadan tirajlayırlar. Beləliklə, ictimaiyyəti yanlış yönləndirən xəbərlər sürətlə yayılır. Bunların qarşısını almaq üçün faktları yoxlamaq, verilən informasiyanın doğruluğunu müstəqil mənbələrdən istifadə etməklə təsdiqləmək zəruridir.

***

Məqalənin əvvəlində təsvir etdiyim hadisə azərbaycanlı və erməni jurnalistlərin iştirakı ilə Cənubi Qafqaz ölkələri mediasında münaqişənin işıqlandırılmasına dair Brüsseldə keçirilən mötəbər tədbirdə baş vermişdi. Qarabağlı erməni jurnalistin adını çəkdiyi 65 yaşlı Mişanı zalda qiyabi də olsa tanımayan yox idi. Azərbaycanlılara inandığı, soydaşlarına qoşulub Xankəndini tərk etmədiyi üçün Yerevanda media onu pisləyir, Bakıda televiziyalarda müsahibələrini verirdilər. İndi birdən-birə deyirdilər ki, ən son məlumata görə, Azərbaycan hərbçiləri orada Mişanı hansısa işi görməyə məcbur etmək istəyiblər, erməni razı olmayanda isə balta ilə barmaqlarını doğrayıblar.

Bakıdan gəlmiş iştirakçılar nə deyəcəklərini bilmirdilər. Nə deyəsən ki?

Bu vaxt tədbirdəki azərbaycanlı redaktorlardan Qabil Abbasoğlu söz aldı, məlumatın təxribat xarakteri daşıdığını ehtimal etdiyini dedi və bunu yoxlamağa yarım saat vaxt istədi. 

Həmin vaxt ərzində o, Bakıdakı həmkarlarına zəng etdi, onlar da Xankəndi ilə əlaqə saxladılar, Mişanın sağ-salamat, əli-qolu üstündə şəhərdə gəzdiyini xəbər verdilər. Amma bu kifayət etmirdi, məlumatın yalan olduğunu təsdiqləyən daha sanballı sübut – görüntülü material lazım idi. Redaktorun xahişi əsasında jurnalist dostları Xankəndidəki müxbirlərin vasitəsi ilə ona Mişanın özünün məlumatı təkzib etdiyi video göndərə bildilər (https://www.facebook.com/watch/?v=1269692220344920&rdid=1u6SKIBV6lBXwUm6).  

İclasa dönən baş redaktor yenidən söz alıb, məlumatın feyk olduğunu bu dəfə tam əminliklə elan etdi və videonu göstərdi. Gərginliyi aradan qaldırdığı üçün bütün iştirakçılar, o cümlədən Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toyvo Klaar ona təşəkkürünü bildirdi. Hətta yanlış xəbərin müəllifi, Qarabağdan olan erməni jurnalist də özünəməxsus formada minnətdarlıq etdi: “Mənə belə məlumat çatdırmışdılar, yaxşı oldu, biz bu gün bir yerdə dezinformasiyanın yayılmasının qarısını aldıq...”

Qarşılıqlı nifrətin artmasına, düşmənçiliyin daha da şiddətlənməsinə xidmət edən bu dezinformasiyanın qarşısı ən qısa zamanda, elə beynəlxalq konfransın gedişində alınmasaydı da, sözsüz ki, müəyyən müddətdən sonra təkzibini tapacaqdı. Amma gecikmiş addım olacaqdı, çünki artıq kimlərisə inandırmağa və fəsadlar yaratmağa vaxt tapacaqdı.

Anlaşmalar, sərhədlərin delimitasiyası, sülh üçün şəffaflıq lazımdır. Yalan xəbərlər bu prosesləri pozur, güvənsizliyi artırır, tərəfləri durdurur. Yanlış  olanı tapıb təkzib etmək isə inam, açıq ünsiyyət vasitəsilə dialoqun davam etdirilməsinə şərait yaradır.

Regionda davamlı sülh yalnız obyektivlik, hüquqa əsaslanma və qarşılıqlı inamla mümkün ola bilər. Siyasi ritorikalar, manipulyativ kampaniyalar və birtərəfli ittihamlar sülh prosesinə deyil, yeni münaqişə risklərinə xidmət edir.

Faktları yoxlamaq, dezinformasiyaya yol verməmək, yalanı ifşa, yaxud təkzib etmək – informasiya müharibəsində silahsız qalmaq deyil, əksinə, ən güclü silahı əldə tutmaqdır. Erməni və Azərbaycan jurnalistlərinin birgə faktyoxlama komandası yaratmaq məqsədi ilə qarşılıqlı əməkdaşlığı nəinki ikitərəfli münasibətlərin sağlamlaşmasına xidmət edə, hətta regionun informasiya mühitinə kənardan ziyanlı müdaxilələrin gücünü zəiflədə bilər. 

Səlim Səlimov