
Ayaz Salayev: “Məni Qarabağdan başqa heç nə düşündürmürdü...” – MÜSAHİBƏ
Tanınmış kinoşünas qalmaqallı açıqılamasından, müasir kinonun vəziyyətindən və planlarından danışdı
01 May 2025
Rejissor, ssenarist, kinoşünasdır. 1960-cı ildə Bakıda, ziyalı ailəsində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsində təhsil alıb. 1983-cü ildə Azərbaycan Televiziyasında, o vaxtı heç kimin gözləmədiyi və heç kimə bənzəməyən, dünya kinosuna fərqli baxışla çıxış edən və ilk çıxışından da tamaşaçının rəğbətini qazanan “Retro” verilişinin müəllifi və aparıcısı olub. Bu yerdə kimdən söhbət getdiyi anlaşıldı, yəqin. Ayaz Salayev Moskvada aspiranturada təhsilini davam etdirib və həmin institutda “Müasir film” fənnindən dərs deyib.
Azərbaycan Elmlər Akademiyasında və “Azərbaycanfilm”də redaktor vəzifəsində çalışıb. “İnternyus-Azərbaycan”da işləyib. Almaniya-Rusiya istehsalı olan “Mühacir” (2010, rejissor Yevgeni Epşteyn) filmində çəkilib.
1984-1991-ci illərdə öz ssenarisi əsasında çəkdiyi “Ordubad”, “Təkulduz”, “Ata”, “Fərqlənmə” sənədli filmlərinin arasında məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın atası haqqında xatirələrinin əsasında yaradılmış tammetrajlı “Ata” sənədli filmi professionallığı ilə seçilir.
1995-ci ildə “Yarasa” bədii filmini çəkib. Fransada Avropa filmlərinin beynəlxalq festivalında baş mükafata layiq görülən film 25 ölkənin beynəlxalq festivallarında nümayiş olunaraq, daha çox mükafatlar qazanıb.
Ayaz Salayev Azərbaycan Professional Kinorejissorlar Gildiyasının yaradıcılarından və təşkilatçılarındandır. Gildiyanın 27 dekabr 2024-cü il tarixli konfransında İdarə Heyətinin Sədri seçilib. ADMİU-də dərs deyir. Əməkdar incəsənət xadimidir. Bütün bunlar və qalanları barədə Pressklub.az-a özü danışır...

- Kino və siz mövzusunda danışmaq, daha doğrusu, Sizi danışdırmaq istəyirəm. Əvvəlcə kino sizin uşaq dünyanızda, uşaq aləminizdə, kino haqqında təsəvvürləriniz, ilk baxdığınız filmlər və sair... ondan başlayaq.
- 1960-cı ildə doğulmuşam. Çox yaxşı da yaddaşım var, 1964-65-ci ildən, 4-5 yaşımdan baxdığım filmlər yadımdadır. O vaxtlar əyləncə sənayesi çox zəif, demək olar, yox səviyyəsində idi. Yeganə əyləncəmiz kino olardı. Dəmir pərdə var idi, indiki nəsil onu bilməz, hər kinoya baxa bilməzdik. Xarici ölkəyə getmək qeyri-mümkün idi. Nadir hallarda SSRİ-nin sərhədini keçmək olardı. Kino olmadığımız, görmədiyimiz başqa bir, dünyaya pəncərə idi. Ona görə də xarici filmləri daha çox sevirdik, orda görmədiyimiz həyatı görə bilirdik. Həqiqətən, ənənəvi olmayan filmə baxanda o gün bizim üçün bir bayram ab-havası olurdu. Həyatda elə bil nəsə dəyişirdi. Mən onu izah edə bilmirəm, amma həqiqətən yadımdadır. Xüsusilə, təbii ki, ABŞ, qərbi Avropa üstünlük təşkil edirdi. Bu filmlər unikal, fərqli ab-hava yaradırdı. Televiziyanın özü o qədər inkişaf eləməmişdi, yəni tok-şou filan kimi şeylər yox idi, ən maraqlı şey filmlər idi. Bu gün artıq dəmir pərdə yoxdur, dünya açıq, əyləncə sənayesi inkişaf edib, lakin yenə də kino əhəmiyyətini itirməyib.
- Bəs, hansı yaşda, nə vaxt düşündünüz ki, kino adamı olacaqsınız?
- Həqiqətən, mənə elə gəlir ki, lap əvvəldən. Hamı, dostlarım da deyirdi ki, sən kinonu hamımızdan yaxşı bilirsən. 12-13 yaşımdan artıq bu barədə düşünürdüm. Mənim üçün birmənalı şəkildə bəlli idi ki, məktəbi bitirəndə Moskvaya Kinematoqrafiya institutuna gedəcəm və getdim. Çox təmtəraqlı sözlərdən çəkinirəm, amma həqiqətən səmimi deyirəm ki, kino mənim həyatımdır. Sırf kino yox. Poeziyanı da, ədəbiyyatı, təsviri sənəti də çox sevirəm, musiqini bir o qədər də yox. Kino mənim üçün ilk növbədə dünya mədəniyyətinin bir hissəsidir. Mən təkcə kinoman deyiləm, kino həvəskarı deyiləm. İncəsənətin digər növləri, tarix, insan taleyi, bunlar da məni çox maraqlandırır. Kino bu ümumi həyatın bir hissəsi kimi maraqlıdır.
- Yolunu tutub getdiyiniz bir ustad varmı kino sahəsində? Rejissor da ola bilər, operator da, yaxud öz ixtisasınızda – kinoşünas...
- Mən kinoşünaslıq fakültəsini bitirmişəm. Filmlər çəkirəm, amma əfsus, rejissor kimi bir ustadım olmayıb. Elə ona görə mən rejissorluq dərsi deyə bilmərəm. Çünki o məktəbi keçməmişəm. Amma kinoşünaslıqla məşğul olub-olmamağıma baxmayaraq, o sahədə dərs deyə bilərəm. Məktəb mənsubiyyəti çox böyük bir rol oynayır. Mənim müəllimlərim kinoşünaslar olub. Ən yaddaqalan, Moskva Kinematoqrafiya İnstitutunda mənə dünya ədəbiyyatından dərs deyən Maxmudski soyadlı müəllimim olub. 3 il bizə Homerdən tutmuş, Kafkaya qədər bütün dünya və Avropa ədəbiyyatını mənimsədib. Onun hər kəlməsi dünyaya açılan bir pəncərə idi. Məhz onun sayəsində, kinoda da Eyzenşteynin irsi sayəsində mən həmişə kinoya bir dünya mədəniyyəti baxımından yanaşırdım.
- Bəs niyə kino çəkdiniz, Ayaz müəllim?
- Siz sualı çox düzgün ifadə etdiniz. Çünki bəzən soruşurlar ki, “nəyə görə rejissor olmaq istədiniz?” Yox, bu, rejissor olmaq istəyi deyil. Əvvəl məndə kino çəkmək istəyi yarandı. Orta məktəbdən sonra hiss edirdim ki, çox tezdir, film çəkmək üçün gərək müəyyən həyat təcrübən olsun. Ona görə kinoşünaslıq fakültəsinə daxil oldum. Artıq 30 yaşıma yaxınlaşanda gördüm ki, məndə film çəkmək tələbatı çox güclüdür. İlk dəfə “Debüt” studiyasına getdim, rəhmətlik Eldar Quliyevin yanına, o da mövzu təklif etdi. Tağıyevin qızı Sara xanım haqqında sənədli film çəkdim və sovet dövründə bu, ilk və bəlkə də yeganə antisovet filmi oldu. Tağıyev mövzusunda ilk dəfə sovet dövründə 1987-88-ci illərdə, hələ Sara xanım sağ idi, film çəkildi. Ondan sonra bir gündə məndə bədii film ideyası yarandı. Düşündüm ki, bunu mütləq reallaşdırmalıyam. İdeya yaranandan 4, ya 5 il sonra o filmi çəkə bildim. Amma mən bilirdim ki, artıq məqsədim budur, film çəkmək. Moskvada aspirantura oxuyanda həm də dərs deyirdim, orda məni hətta saxlayırdılar dərs deməyə. Amma qayıtdım. Qayıtmağımın bir neçə səbəbi var idi, əsas səbəb o filmi çəkmək istəyi idi. Ümumiyyətlə, rejissor öz ölkəsində film çəkməlidir. Bəzən rejissorlar başqa ölkəyə köçür və çox nadir hallarda orda nəsə alınır. Var belə misallar - Çexoslovakiyadan Milos Forman, Polşadan Roman Polanski köçdülər Hollivuda və orda daha çox yüksəldilər. Hitlerin Fransanı işğal etməsindən sonra, məsələn, Julien Duvivier, Almaniyadan Fritz Lang, onlar da Hollivuda köçüblər, orda çox gözəl əsərlər yaradıblar, amma bu, nadir hallarda olur.
- Çox gözəl məqama gəldik. Dediniz ki, rejissor öz ölkəsində film çəkməlidir. Filmin mövzusu, təfsilatı, hətta rejissorun qəhrəmanı öz ölkəsinin adamı olmalıdır, düzdür?
- Bəli, bəli. Mən elə düşünürəm ki, rejissor öz torpağından bitməlidir... Bitməlidir dedim, əslində bişməlidir demək istəyirdim...
- Əslində, düz dediniz, həm də bitməlidir...
- Öz ölkəsində püxtələşməlidir. Böyük rejissorların yaradıcılığına baxın, Fellininin qəhrəmanları xalis italyanlardır, Berqmanın qəhrəmanları isveçlərdir, Kurosavanın qəhrəmanları yaponlardır. Mən başqa cür düşünmürəm. Rejissor ancaq öz torpağında, öz məkanında film çəkə bilər. Yenə deyirəm, müstəsna rejissorlar var, amma bir qayda olaraq yox. Polşa istehsalı olan “Kül və almaz” filmi, Ancej Vaydanın filmi, Zbiqnev Sibulskinin ifasında baş qəhrəman Matsek Çełmitski. Hər bir polyak baxır və deyir ki, “bu mənəm”. Gürcü filmi “Əsgər atası”, Serqo Zakariadzenin ifasında Maxaraşvili, hər bir gürcü baxıb deyir ki, “bu mənəm”. “Kalina krasnaya” filmi, Vasiliy Şukşinin ifasında. Hər bir rus baxıb deyir ki, “bu mənəm”. Litva filmi “Heç kim ölmək istəmirdi”, baş qəhrəman Banionisin ifasında. Litvalı baxıb deyir ki, “bu mənəm”. Yəqin məni başa düşdünüz. Bizdə belə bir qəhrəman var? Hər bir azərbaycanlı baxsın desin ki, “bu mənəm”.
- Bəs sizin filmlərinizdə niyə yoxdur?
- Yox, qətiyyən mümkün deyil. Heç mən o məqsədi qabağıma qoymamışam, bacarmaram. Amma belə bir qəhrəman bilmirəm nə vaxtsa yaranacaq, ya yox.
- Hələ ki, yoxdur Azərbaycan filmində.
- Yox.
- İlk çəkdiyiniz filmlər, sizin qəhrəmanlarınız kimdir, onlardan bir az danışaq.
- İlk bədii filmim “Yarasa” idi. O filmə qədər mən bir gün bir aktyorla işləməmişəm, bədii film çəkməmişəm. Bir sənədli film çəkmişəm, amma o məktəbi keçməmişəm. Özümü tərifləməyi sevmirəm, amma film 11-cü sinif Azərbaycan tarixi dərsliyindədi, məktəbdə keçirlər. Müstəqillik dövründə ilk beynəlxalq kinofestivalda Fransada Qran-Pri alıb. Kinonun yüz illiyində kinonun vətəni olan Fransada müsabiqədə - o müsabiqədə ki, Almaniya, İtaliya, Türkiyə, İspaniya, Böyük Britaniya kimi bütün qabaqcıl kinematoqrafiya ölkələri vardı - Azərbaycan Qran-Pri almışdı. 1996-cı ildə Berlin festivalından səyahətini başladı. Yenə deyirəm, mən özümü reklam etməyi sevmirəm, amma sual verirsiniz, deyirəm. Məndə bir günün içində bu filmin ideyası yaranıb.
- Deyirsiniz ki, rejissor kimi müəlliminiz yoxdur. Belə çıxır, rejissor kimi yetirməniz də olmayacaq.
- Yox, qətiyyən. Mən rejissorluq dərsi demirəm, deyə də bilmərəm. Mən kinoşünaslıq məktəbi keçmişəm. Məktəb mühüm amildir. Bunu hamı bilməlidir. Çox nadir hallarda, ancaq bir dahi özü özlüyündə, məktəb keçmədən əsər yarada bilər. Ümumiyyətlə, məktəb mənsubiyyəti son dərəcə mühüm bir şeydir.
- Dünya kinosunun bugünkü vəziyyəti necədir?
- Müasir kinonu çox da bəyənmirəm. Daha çox kiminsə məsləhəti ilə baxıram, daha çox tələbələrimin, nəvələrimin. Ümid edirəm ki, həmişəlik yox, amma böyük kinonun dövrü gedib. Dahilər kinoda yoxdur. Böyük sənət əsərləri, Fellini, Antonioni, Berqman, Bunuel, Çaplin və s. səviyyədə sənətkarlar artıq yetişmir. Mənim kinoşünas dostum deyirdi ki, Kann festivalında hansı filmin baş mükafat aldığını görsəydin, dəhşətə gələrdin. Mən görməmişəm o filmi, bunu mənə dostum deyib. Məncə, kinoya bəsit adamlar gəlir, dahi adamlar gəlmir. Kinoya münasibət dəyişib. Ümid eləyirəm ki, nə vaxtsa bu vəziyyət dəyişəcək. O ki qaldı dünya kinosuna...və Azərbaycan kinosuna. Kino haqqında biz bir şeyi müəyyənləşdirməliyik. Biz kinodan nə istəyirik? O bizi öz səviyyəsinə qaldırsın, yoxsa bizim səviyyəmizə ensin?
Bəlkə biz düşünürük ki, bizim mədəni, mənəvi, intellektual səviyyəmiz çox yüksəkdir, dərin elmi və mürəkkəb fəlsəfi düşüncələrə sahibik, bunu kinoda görməsək də olar. Biz istəmirik kino bizim səviyyəmizi aliliyə yüksəltsin, bizi kamilləşdirsin, elə bilirik ki, dünya haqqında təsəvvürlərimiz ən ali mərtəbədədir. Elə deyil axı. Kino insanı aşağı çəkməli deyil, yəni məişətə. Kino sizin həyat təcrübənizə nəysə əlavə edir, mənən zənginləşdirir. Sizi mürəkkəbləşdirir. Yalnız mürəkkəb təfəkkürlü insanlar cəmiyyəti formalaşdıra, onu inkişafa apara bilər. Ədəbiyyat, kino, incəsənətin rolu ilk növbədə budur, şüuru inkişaf etdirmək.
Bəlkə də növbəti sualınızı qabaqlayıram, təkcə kinoda, incəsənətdə yox, hər işdə işi qabağa aparan idealistlərdir. O adamlar ki, mənəvi dəyərləri maddi dəyərlərdən üstün tutur. Mən heç kimi ittiham etmək, hökm vermək istəmirəm, amma elə düşünürəm ki, kinoya əsas iki maraqla gəlirlər: maddi maraq, ya da şöhrət üçün. Kinoya zamanı qəlbdən keçirmək məqsədilə gəlmək lazımdır. Kino hər hansı bir xalq, millət üçün güzgüdür. Özünü güzgüdə görməlidir. Özünü deyəndə mən məişət söhbətləri, gündəlik gördüyümüz həyatı nəzərdə tutmuram, mən daxili məzmunu nəzərdə tuturam. Xalqın daxili məzmunu ekranda, ədəbiyyatda öz əksini tapmalıdır. Məsələn, Azərbaycan kinosunda azərbaycanlı nədir? Azərbaycan təfəkkürü nədir? İlk növbədə daxili aləmdən söhbət gedir. Biz nə vaxtsa hansısa bir filmdə azərbaycanlının daxili aləmini görmüşükmü? Onun hisslərini, yuxularını, məyusluğunu? Qəhrəmanın həyatın mənasını tapmaq istəyini? Həqiqəti axtardığını? Müstəntiqin cinayətkarı yox, həqiqəti, həyatının mənasını axtardığını? Belə bir film görmüşük biz?
-Elə bil, bir az yanlış anlaşılır, Ayaz müəllim. Həyatda ən iyrənc şeyləri çəkib göstəririk film kimi və deyirik ki, reallıqdır də, olanı göstəririk...
- O çətin bir iş deyil və kinoda yüz il bundan qabaq olub. Həyat həqiqəti deyil. Həqiqət daxili məzmundur. Söhbət ondan gedir. Kinonu ziyalılar çəkməlidir. Şeiri əzbər bilməyən, simfonik konsertlərə öz tələbatı ilə getməyən insanlar film çəkməməlidir. Onlar kinonu qabağa apara bilməz. Mən elə düşünürəm. Siz, məsələn, simfonik konsertə gedirsiniz. Demirəm ki, uşaqlıqdan konsert sizə bir sevinc gətirib, amma müəyyən bir dövr ərzində sizi inkişaf etdirib. Birdən hiss edirsiniz ki, hansısa klassik musiqi sizin daxili aləminizdə hansısa bir əks-səda yaradır. Bu cür adamlar kino çəkməlidir. Niyə görə biz klassik musiqinin əhəmiyyətini başa düşürük, duyuruq? Kinonun da əhəmiyyətini belə duymalıyıq. Kino xidmətçi deyil, tarixi şəxsiyyət haqqında çəkək, filan mövzuda çəkək. Söhbət ondan getmir. Bu bir insanın bir gün ərzində yaşadığı həyat da ola bilər. Amma həyatımızın daxili məzmununu əks etdirməlidir. Bu, çox çətin bir şeydir. İnsanı heyvandan fərqləndirən onun daxili aləmidir, dərin hissləridir, bəzən çox ziddiyyətli hisslərlə dolu daxili aləmidir. Bilmirəm bizim kinomuzda bu nə dərəcədə olub, var, olacaq.
- Rejissorun nə demək istədiyini kütlə hökmən anlamalıdır? Nöqtəsinə qədər.
- Gəlin bu anlayışı kütlə adlandırmayaq. Tamaşacı da cürbəcür olur. Hər halda, əyləncəli də kino olmalıdır, o öz yerində.
- Cəmiyyət adlandıraq.
- Cəmiyyət, cəmiyyət. Əyləncəli kino da ola bilər və o, özəl vəsaitə çəkilməlidir, amma dövlət tərəfindən maliyyələşdirilən, təşkil olunan kino milli mədəniyyətin bir hissəsi olmalıdır. Bu, ancaq və ancaq sənət əsəri yaratmaq məqsədi daşılmalıdır. Sənət əsəri olmayan film sənət əsəri olan filmdən fərqlənir. O dəqiqə bilinir. Bunun adı nədir? Yenə deyirəm, məktəb. Məsələn, ədəbiyyata baxanda klassik əsər klassik ədəbiyyatın tarixinə daxil ola bilər, başqa əsər daxil ola bilməz. Nəyə görə? Müəyyən bir həyat yolu, məktəb keçəndə sən ayırırsan, bu şah əsərdir, bu klassik əsərdir, bu sənət əsəri olmayan filmdir və s. Hər hansı bir sənət növünün məqsədi sənət əsəri yaratmaqdır. Sənət əsərinin də xüsusiyyətləri olur. Onun əsasında bədii obraz durur. Bədii obrazı 2-3 cümləylə izah eləmək olmur. Surət sözü də bədii obraz anlayışını ifadə eləmir. Bu, sənəti sənət eləyən bir şeydir. Məqsəd bu olmalıdır, pul yox, şöhrət yox. Onlar da çox lazımdır, çox. Sənətdə sən məşhur olmasan, heç nə edə bilməzsən. Ancaq pul və maddi problemlər haqqında düşünsən, yarada bilməzsən. Çox lazımdı, sadəcə söhbət ondan gedir ki, bunlar birinci yerdədir, ya ikinci yerdə.
- Bəzən cəmiyyət rejissoru, onun düşüncəsini qəbul etmir. Təkcə çəkdiyi filmlə bağlı deyil... Bu yaxınlarda sizin başınıza gəldiyi kimi. Ya fikrinizi düzgün çatdıra bilmədiniz, ya da...
- Yox, əksinə, mən fikrimi gözəl çatdırdım ki, belə bir qalmaqal qalxdı. Məhz ona görə. Mən yenə təhsil məsələsini ortaya qoydum. Bəzi insanlar öz təhsilsizliklərini başqalarına bağışlaya bilmirlər, kin püskürürlər. Mən elə düşünürəm. Burda dil, təfəkkür məsələsi var. Bu, uzun-uzadı, başqa bir söhbətin mövzusudur. Bizi bu baxımdan qapalı bir cəmiyyətə çevirmək məqsədi var, çox ayrı və mürəkkəb bir söhbətdir.
- Növbəti filminiz nə olacaq?
- Düşünürəm bu haqda. İstəməzdim hansısa təmtəraqlı şeylər deyim, amma Qarabağ işğal olunan vaxtlar məni bundan ayrı heç nə düşündürmürdü, fikrimi başqa istiqamətə cəmləyə bilmirdim. Bu mövzuda sənədli filmlər çəkirdim və s. İndi mən artıq azadam. Torpaq azad oldu, mən də azad oldum. Artıq sənətə aid mövzular haqqında düşünə bilərəm.
Ramilə Qurbanlı