Logo
news content
User
Kateqoriyalar

Müsahibə

Bıçaq zərbəsindən qurtulan, “Dədə Qorqud”u əzbərləyən “ömürlük məhkum”... - MÜSAHİBƏ
“Bizi at belində sıraya düzüb dedi ki...”

Xalq artisti, teatr və kino aktyoru, ömrünün 50 ilindən çoxunu Azərbaycan mədəniyyətinə həsr etmiş Rafiq Əzimovun 87 yaşı tamam oldu. Doğum günündə

onunla görüşüb söhbətləşdik. Ömrünü sənətə, səhnəyə həsr etmiş Rafiq Əzimovun adı gələndə ilk yada düşən “7 oğul istərəm” filmi olur, ardınca artıq “Arxadan vurulan zərbə”,  “Ad günü”, “Buta”, “40-cı qapı” və sair. Teatrda isə saysız-hesabsız obrazlar yaradıb. Akademik Milli Dram Teatrı onun ömür boyu dəyişmədən çalışdığı yeganə iş yeridir. 

– Teatr sənəti mənə uşaqlıqdan doğma olub, çünki dram dərnəyinə, xalq teatrlarına getmişəm. Korifey sənətkarlarla birgə çalışmaq arzum olub. Musiqi məktəbinin tar sinfində təhsil almışam, valideynlərim tarzən olmağımı istəyirdilər, amma mən öz istəyimin arxasınca getdim. Gizlicə sənədlərimi o vaxtkı Mirzağa Əliyev adına Teatr İnstitutuna verdim. Tələbə bileti ilə evə gələndə heç nə demədilər. 

İnstitutda Məhərrəm Haşımovun kursuna seçildim. Orada dərs deyən bütün sənətkarlar kurslarına tələbəni özləri seçirdilər. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Rza Təhmasib, Məhərrəm Haşımov. Gözəl təcrübə idi. O sənətkarların kursunu bitirən tələbələr səhnədə onların layiqli davamçıları olurdular. 

İlk addımlar

– Hələ tələbə vaxtlarımda müəllimlərim mənə böyük rollar etibar edirdilər. Kurs işlərinə hazırlıq prosesində Məhərrəm müəllim mənə Şillerin “Qaçaqlar” əsərində baş rolu həvalə etdi. Sabit Rəhmanın “Toy” komediyasında Kərəmov obrazı mənə tapşırılanda isə etiraz etdim ki, mən Kərəmov deyiləm axı. Dedi, Kərəmov olmaya bilərsən, amma biz sənə o obraza daxil olmağı öyrətməliyik. 

Öyrənə-öyrənə gəlib bu yaşa çatdım. Mənim əmək kitabçamda bircə iş yeri yazılıb. Bu səhnədə olduğum sənətkarların hərəsi bir məktəb olub. Fatma Qədri, Ağasadıq Gəraybəyli, Həsənağa Turabov və başqaları ilə tərəf-müqabil olmuşam. 

Arzular…

– “Vaqif” tamaşasında Vidadini oynamışam. Bu da arzum olub. O vaxtkı 26-lar adına Mədəniyyət Sarayında Lütfi Məmmədbəyovun dram dərnəyində həmin rolda Əli Qurbanovu görüb, çox bəyənmişdim. Sazı özü çalırdı. Həmişə arzu edirdim ki, kaş Vidadi rolunu oynayım, sazı da özüm çalım. Həmin gün gəldi, Vaqifi Həsənağa Turabov oynayırdı, Vidadini mən. Tələbələrimdən biri saz gətirdi, bir-iki saat məşq etdim və rejissor Məmmədkamal Kazımovdan xahiş etdim ki, səhnədə divardan butafor saz yox, bu sazı asaq, istəyirəm canlı ifa edəm, amma heç kim bilməsin. Razılaşdı və Vaqiflə şeir deyişməsində sazı götürüb başladım çalmağa. Səhnədəkilər çaşıb qaldılar. Tamaşaçılar da təəccübləndilər, çünki fonoqrama öyrəşmişdilər. 

Təsadüfdən zərurət 

– Mənə heç nə məcməyidə təqdim olunmayıb. Nə qazanmışamsa, öz zəhmətim bahasına olub. İstər teatrda, istərsə də kinoda. Kinoya gəlişim təsadüfi olub. O vaxt filmlərə çəkilməyə kənardan çox aktyor dəvət edirdilər. İlk dəfə kinoya “Leninqradfilm”də çəkilmişəm. Artıq 7 il idi ki, teatrda çalışırdım, Viktor Qolyavkin məni “Mənim əziz atam” adlı filmdə Əziz dayı roluna çəkdi. Lyudmila Qurçenko, Aleksandr Demyanenko ilə birlikdə oynadım. Sonra ardıcıl kinolara dəvət olundum. “7 oğul istərəm” filmindən 2 ay əvvəl cıdıra gedib at sürməyi öyrənmişdik. Tofiq Tağızadə bizi at belində kinostudiyanın həyətində sıraya düzdü və dedi ki, yeddiniz də sınaq çəkilişlərindən keçdiniz. 

 

“7 oğul istərəm” uğurlu alındı, Sonralar “Xatirələr sahili”, “Qızıl qaz”, “Ömrün ilk saatı” və sair filmlərdə çalışdıq. Televiziya tamaşalarında da çox çəkilmişəm. Bu, başqalaşmaq sənətidir və zəhmət tələb edir.

Fövqəladə vəziyyət

– Çəkiliş proseslərində çox maraqlı hadisələr olurdu. “Arxadan vurulan zərbə” filmində Hüseynovun arxadan bıçaqla vurulması kadrı yaxşı yadımdadır. Bıçaq atanı sirkdən gətirmişdilər. 10 metrdən dəfələrlə atdı, bıçaq birbaşa hədəfə dəydi. Amma kadrı çəkəndə, az qala, başıma sancılmışdı. Üçüncü kadrda “əyil” işarəsində, deyəsən, mən də bir az gec əyilmişdim. Çəkiliş dayandı, hamı yığıldı başıma, onda anladım ki, xətadan qurtarmışam. Arif Babayev dedi ki, anan namaz üstündəymiş. 

Hələlik son çəkildiyim film “Buta” olub. İlqar Nəcəfin bu filmində indiyə qədər kinoda çəkildiyim bütün obrazlardan fərqli rola çəkildim. Festivallarda çoxsaylı mükafatlar aldı...

Yenə teatr

– Kino nə qədər maraqlı olsa da, teatr başqa bir aləmdir. Allah Nəbi Xəzriyə rəhmət eləsin. Dədə Qorqudun 1300 illiyinə həsr etdiyi “Burla Xatun” pyesini teatra təqdim edəndə özü dedi ki, Dədə Qorqudu Rafiq Əzimov oynasın. İndinin özündə də o əsəri əzbər bilirəm. Tamaşa uzun müddət səhnədən düşmədi, 1997-ci ildə “ilin tamaşası” seçildi. 

İndi də teatrın repertuarındakı tamaşalarda oynayıram. İlyas Əfəndiyevin “Qarabağnamə”ləri əsasında hazırlanan tamaşa ilə bölgələrə qastrollara gedirik. Son obrazım, hələlik Mehriban Ələkbərzadənin tamaşaya qoyduğu Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərinin tamaşasında qəbilə başçısı obrazı olub. Kiçik roldur, amma çox böyük obrazdır. 

Ramilə QURBANLI