Moskvanı qəzəbləndirən bəy, Kürdə ölüm riski, zibillikdən çıxan kadr – BİR FİLMİN HEKAYƏTİ
Xalq yazıçısı filmin ekrana çıxmasına niyə icazə vermirdi?
10 Noyabr 2025
“Dəli Kür” filmini 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırıb. Sevdiyimiz filmlərdən biridir. 50 ildir ki, eyni maraqla izlənilir. Əsərin müəllifi İsmayıl Şıxlı olsa da, filmin ssenari müəllifi İsa Hüseynovdur.
Hüsü Hacıyev küçəsindəki Yazıçılar binasının həyətində yaradıcı müzakirələr tez-tez olurdu. Belə müzakirələrin birində “Dəli Kür” filminin çəkiləcəyini eşidən yaxın dostu İsa Hüseynov İsmayıl Şıxlıya deyib ki, ssenari yazmaq sənlik deyil, özüm yazacağam.
O dövrdə kinostudiyanın baş redaktoru olan və “Nəsimi”, “Tütək səsi” filmlərinin ssenari təcrübəsinə malik İsa Hüseynov İsmayıl Şıxlını prinsipə salıb. Köhnə dostların bu dialoqu nəticəsində İsmayıl Şıxlı ssenarini qısa zamanda yazıb. Sonradan İsa Hüseynov deyirmiş: “İsmayıla qalsa, tənbəllik edib yazmayacaqdı. Bilə-bilə elə etdim ki, tez yazsın.”
Azərbaycan kişisinin obrazını gürcü oynaya bilmə
İlkin ssenariyə görə, film iki seriyalı və rəngli olmalı idi.
Cahandar ağa obrazına uzun müddət aktyor axtarışı gedib. Gürcüstandan da aktyor dəvət olunub. Filmin rejissoru Hüseyn Seyidzadə həmin aktyoru bəyənib, amma “Azərbaycanfilm”in o vaxtkı rəhbəri Adil İsgəndərov belə bir Azərbaycan kişisinin obrazını gürcü aktyorun canlandırmasının qəti əleyhinə olub. Hətta deyib: “Fakturam uyğun gəlsəydi, özüm çəkilərdim. Heyf ki, boyum alçaq, enim çoxdur.”
Nəhayət, Gəncə teatrından Ələddin Abbasov tapılıb və dəvət olunub.

Obraza namizədlərdən biri olan Həsənağa Salayevin isə Cahandar ağa üçün özü yox, səsi seçilib. Beləliklə, obrazı Ələddin Abbasov oynayıb, amma Həsənağa Salayev səsləndirib.
Əsərdə Cahandar ağanın iki oğlu var idi, ssenariyə görə də iki olmalı idi. Lakin Moskva senzurası əvvəlcə filmi iki seriyadan birə endirib və ağ-qara variantda çəkilməsində israr edib. Açıqca da bildiriblər: “İki seriyalı rəngli film sizlik deyil”. Nəticədə, Cahandar ağanın iki oğlundan bir “birləşmiş” obraz yaradılıb.

Film çəkilib və bütün “əl gəzdirmələrdən” sonra bir saat qırx dəqiqəlik variant qalıb. Moskva bu dəfə də filmin üzərində “mübarək əlini” işə salıb.
Filmin zibil yeşiyindən çıxan hissəsi
Əsərdə Cahandar ağa kazaklarla torpaq üstündə döyüşüb həlak olur. Ssenaridə də, filmdə də belə idi. Amma Moskva filmi məhz buna görə qəbul etməyib: “Siz nə karəsiniz ki, bir nəfər kazaklara qarşı vuruşsun, özü də qəhrəman olsun?” Hüseyn Seyidzadə həmin hissəni kəsib, plyonkanı zibil yeşiyinə atır. Vaxt az olduğundan səhnəni başqa çəkilişlə əvəz etməyə də imkan vermirlər. Beləcə, filmin sonluğu qəribə bir hal alır: Cahandar ağa elə-belə gəzərkən havayı gülləyə tuş gəlir — guya Allahyarın gülləsinə.
Hüseyn Seyidzadənin zibil qutusuna atdığı həmin hissəni isə filmin operatoru Yuri Vornovski götürüb saxlayır. İllər sonra o, həmin hissəni film fonduna qaytarır. Bəzi telekanallar bu hissəni əlavə etməklə filmi nümayiş etdirirlər.
İsmayıl Şıxlı yarım il filmin belə “əl gəzdirmələr”dən sonra ekranlara çıxmasına razı olmayıb. Çəkiliş qrupu ondan xahiş edib ki, qoy film prokata çıxsın, zəhmət haqlarını ala bilsinlər. Buna görə yazıçı razılaşıb.
Filmin əvvəlində Gülağa Məmmədovun ifa etdiyi məşhur “Ana Kür” mahnısı səslənir. Əslində, şeirdə “Dəli Kür” idi. Cahangir Cahangirov musiqini yazanda söz musiqiyə yatmadığı üçün “Dəli”ni “Ana” ilə əvəz edib. Beləcə, “Dəli” “Ana”ya çevrilib.
Mahnı verilən səhnə ilə film başlayır. Mahnı Kürə qovuşur və axır. Kürü necə çəkmək barədə çox düşünülüb və vertolyotla çəkiliş qərara alınıb. Lakin vertolyotun silkələnməsi səbəbindən kadrın korlanması qorxusu var idi. Buna görə Hüseyn Seyidzadə həmin çəkilişdə iştirak etməyib; bu riski İsmayıl Şıxlı, operator və pilot öz üzərlərinə götürüblər.
Kadrın ideal alınması üçün vertolyotun mühərriki bir anlıq dayandırılmalı idi. Bu isə qəzanın qaçılmaz olması demək idi. Pər ağır olduğundan vertolyot dərhal çevrilə bilərdi və belə halda paraşüt də kömək etməzdi. Üç nəfər bu riskə gedib və nəticədə mükəmməl bir kadr alınıb.
Filmdə ilk dəfə Novruz bayramı əhatəli şəkildə təsvir olunub.
Mollaxana epizodu çəkilərkən İsmayıl Şıxlının oğlu — bu yazının hazırlanmasında bizə yardımçı olan Elçin Şıxlı — çəkilişlərə baxmağa gəlibmiş. Rejissor onu görən kimi deyib: “Qrimləyin, gətirin bura.” Beləliklə, “Əqrəb!” qışqırıb dolaba çıxan uşaq Elçin Şıxlıdır.
Həmin uşaqlar arasında Qorxmaz Əlili və rejissor Cahangir Mehdiyev də olub.