Tehran “keçi” axtarışında
Dairə daraldıqca İran hakimiyyəti günahkarlar axtarışını gücləndirir
03 Noyabr 2025
İranda siyasi, iqtisadi, sosial, hərbi və başqa sahələrdə vəziyyət ağırlaşdıqca tutduğu vəzifədən asılı olmayaraq, az qala hər kəs suçlu, təqsirkar axtarır. Adi vətəndaşların yaranmış vəziyyətə görə hakimiyyəti bütün mənalarda günahkar bilməsi təbiidir. Hakimiyyətin birincisi, ali rəhbər Seyid Əli Xamenei zərbədən yayınmaq üçün diqqəti ABŞ Prezidenti Donald Trampın, yaxud İsrailin Baş naziri Benyamin Netanyahunun üzərinə yönəldir. Sanki İranda İslam Respublikasının qurulmasına mane olan bunlardır. Xamenei son günlər zənginləşdirilmiş uran, nüvə sənayesi ilə bağlı avantürist açıqlamaları ilə İranı daha pis vəziyyətə sürükləyir.
Yaranmış vəziyyət İran hakimiyyəti, yaxud siyasi elita içərisində qalmaqala səbəb olur. Xamenei müxtəlif bəhanələrlə yerli və beynəlxalq ictimaiyyətin qınağından yayınmağa səy göstərsə də, göstərdiyi çıxış yolu İran üçün ümidverici görünmür.
Bu günlərdə İran parlamentinin Tehrandan olan nümayəndəsi Həmid Rəsai keçmiş prezident Həsən Ruhaninin məsuliyyətə cəlb olunmasını tələb edərək, deyib: “ABŞ-yə qarşı 8 illik gərginliyin nəticəsi (Ruhaninin prezidentlik müddəti - S.S.) sanksiyaların artırılması oldu. Keçmiş prezidentin bu cür açıqlamalar verməkdə məqsədi administrasiyasının zəif və zərərli fəaliyyətinin nəticələrindən ictimai rəyi yayındırmaqdır”.
O, İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamrza Möhsün Ejeiyə müraciət edərək, deyib: “Həsən Ruhaninin səkkiz il ərzində etdiyi qanun pozuntuları ilə bağlı iş niyə araşdırılmır? Doktorluq dissertasiyasındakı plagiat işi ilə bağlı niyə heç bir tədbir görülməyib?”
Rəsainin çıxışı bitdikdə bir neçə millət vəkili Həsən Ruhaniyə ünvanlanmış şüar səsləndiriblər: “Feriduna ölüm olsun!”
Əvvəlcə Feridun məsələsinə aydınlıq gətirək. İranın əfsanəvi qəhrəmanıdır. Fars ədəbiyyatında zəfər, ədalət və comərdlik simvolu sayılır.
Rəvayətə görə, atası Cəmşidin soyundan, anası Fəranəkdir. Feridunun 500 il yaşadığı deyilir. Onun Selm, Tur və İrəc adlı üç oğlu var imiş. Oğullarını Yəmən şahının qızları ilə evləndirdikdən sonra ölkəsini bu üç oğlu arasında bölüşdürüb. Turanı Tura, İranı İrəcə, Rumu (Anadolu) isə Selmə verir. İrəci qısqanan Tur və Selm qardaşlarını öldürürlər. İrəcin oğlu Mənuçehr əmilərini öldürərək, atasının intiqamını alır. Deputatların iddiasına görə, Həsən Ruhani Feridun kimi ölkəni parçalayır.
Tehranın parlamentdəki nümayəndəsi Əmir Hüseyn Sabeti keçmiş prezidentin həbsini istəyib: “Həsən Ruhaninin əsl yeri həbsxanadır”.
Daha bir deputat, Kamran Qəzənfəri 11-ci və 12-ci hökumətlərin başçısı Həsən Ruhaniyə dair məclisə edilən əvvəlki şikayətlərlə əlaqədar bildirib: “Ruhaniyə qarşı bəzi ittihamlar sübuta yetsə, onun hökmü edam olacaq”. Deputatın sözlərinə görə, keçmiş prezidentinin “yerdə fəsad” ittihamı sübut edilərsə, ölüm cəzasına məhkum ediləcək.
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf İranın keçmiş prezidenti Həsən Ruhani və onun dövründə xarici işlər naziri olmuş Məhəmməd Cavad Zərifi tənqid edərək, onları Rusiya ilə İranın əməkdaşlığına zərər vurduqlarının deyib. Parlament sədri Həsən Ruhani və Məhəmməd Cavad Zərifi Tehranla Moskva arasındakı "mütərəqqi" münasibətlərə zərər vurmaqda günahlandırıb: “Rusiya ilə strateji əməkdaşlıq yolumuz inkişaf etdiyi bir vaxtda, onlar mövqeləri ilə bu yola zərər vurublar”.
Son aylarda Həsən Ruhani İslam Respublikasını Qərb, xüsusilə ABŞ ilə danışıqlara çağıran açıqlamalar verib. Bu ilin sentyabrındakı çıxışında o, Ukraynadakı müharibədə İslam Respublikasının Rusiyanı dəstəkləməsinin nəticələrinə dolayı olaraq toxunub: “Avropa Ukrayna məsələsinə görə bizdən qisas almamalıdır. Bu, düzgün deyil”.
Onun sözlərinə görə, Tehran Ukrayna müharibəsinin şiddətlənməsində öz rolunu oynayıb: “İran Rusiyaya hərbi texnika, xüsusilə də kəşfiyyat dronları göndərib. Avropa ölkələri dəfələrlə İslam Respublikasını Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməyi dayandırmağa çağırıb”.
Həsən Ruhaninin keçmiş müşaviri Hesaməddin Aşena “X Network” kanalında Qalibafa cavab olaraq yazıb: “Sizə verilən hər şeyi (hazır mətni nəzərdə tutur-S.S.) ucadan oxumağa dəyməz”.
Zərif, Rusiya və Çinin İranı müdafiə etdiklərinə şübhə ilə yanaşıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə İrana canıyananlıq edərək, BMT Təhlükəsizlik Şurasının nüvə proqramına qarşı İrana tətbiq etdiyi 2231 saylı qətnamənin yenidən tətbiqini “hüquqi tələ” adlandırıb.
Əslində isə o, İranla Avropa “üçlüyü” (Almaniya, Britaniya və Fransa) arasında münasibətin yaranmasını istəmir. Eləcə də Moskva Tehran-Vaşinqton birbaşa əlaqələrinin qurulması əleyhinədir. 12 günlük müharibə Rusiyanın İrana münasibətini bütün çılpaqlığı ilə ifşa etdirmişdi. Odur ki, Qalibaf və deputatların məlum çıxışları daha Rusiyanın maraqlarına xidmət edir. Başqa tərəfdən, Rusiya heç vaxt İranın dostu və müttəfiqi olmayıb.
2015-ci ilin yayında “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya) İranla nüvə proqramına dair sanksiyaları ləğv etmək üçün Əhatəli Razılaşma Müqaviləsi imzaladı. Bununla da İsam Respublikasına tətbiq edilən sanksiyalar aradan qalxdı. Onda Həsən Ruhani prezident, Zərif isə xarici işlər naziri idi. ABŞ-nin indiki prezidenti həmin dövrdə keçirilən seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı bildirmişdi ki, İranın nüvə proqramı şübhəlidir və prezident seçiləcəyi halda o müqavilədən çıxacaq. Elə də oldu. O, 2016-cı ildə birinci dəfə prezident seçiləndən sonra həmin ilin mayında ölkəsini müqavilədən geri çəkdi. Bununla da sanksiyalar yenidən qüvvədə olmuş sayıldı. İrana tətbiq olunan qadağalar bu ilin oktyabrında başa çatırdı. Bu müddətdə qarşı tərəf İranın nüvə proqramına dair şübhələri isbatlamalı idi. ABŞ İslam Respublikasının nüvə obyektlərini vurmaqla bunu isbatladığını bildirdi. Ardınca BMT TŞ 2231 saylı qətnamənin yenidən qüvvəyə minməsi (snapback - tətik) haqqında qərar qəbul etdi.
Tehran hakimiyyəti seytnota da düşə bilər. Çünki Yaxın Şərqdə vəziyyət sürətlə dəyişir. HƏMAS-ın Qəzza zolağında texnokrat hökumətin yaranmasına razılıq verməsi, həm də onun silahsızlaşma ilə bağlı Tramp planına uyğun davranması anlamına gəlir.
Fələstin məsələsi İranın regiona, ABŞ və İsrailə təsir imkanı idi. Digər məsələ isə Livanda “Hizbullah” qruplaşmasının tərksilah olmasıdır. Rəsmi Beyrut bu prosesə razılıq verib. O halda, “Hizbullah” daxildən də sıxışdırılacaq. Başqa sözlə, xarici yardımdan məhrum edilən, daxildən sıxışdırılan bu qruplaşmanın da silahı yerə qoymaqdan başqa çıxış yolu qalmır. İran hakimiyyəti bu kimi təsir vasitələrindən məhrum olduqdan sonra daxilə diqqəti artırmağa çalışacaq. Daxildə isə vəziyyət onun istədiyi kimi deyil. Cəmiyyətlə rejim arasında uçurum dərinləşir. Əvvəllər xaricdəki təhlükə ilə cəmiyyəti təhdid edən Tehran artıq bu mənbələrdən də məhrum olub. Ona görə indi “keçi” axtarmaq zamanıdır. Hələ ki Ruhani ilə Zərifi deyirlər…