Logo
news content

“Atabəylər”in tarix dərsi, yaxud bir dərsin tarixi... - RESENZİYA
İlk bədii-tarixi filmimiz yeni bir yolun başlanğıcı olacaqmı?

Xəbər yayıldı ki, Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi-bədii televiziya filmi çəkiləcək. AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanacaq.

Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulurdu.

Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmalülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq.

Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılmış “Şahdağfilm” prodakşna həvalə olunub. “Şahdağfilm”in yaradıcı heyəti treninqlər üçün bir neçə dəfə qardaş ölkədə olub, “Bozdağ Film” və “Akli Film” kimi tarixi filmlər istehsal edən məşhur prodakşnlarda təcrübə mübadiləsi aparıblar. 

Xülasə, sevindik, düşündük ki, nəhayət, biz də öz tariximizlə bağlı tutarlı bir işin şahidi olacağıq. Övladlarımız gözləri qarşısında canlandırılmış tariximizlə tanış olub, özümüzü sevməyə başlayacaqlar, vətənpərvər ruhda böyüyəcəklər. Evimizdəki ekranlarda Osmanlı tarixi ilə bərabər Azərbaycan Atabəylər tarixi səhifələnəcək və bu, bir başlanğıc olacaq! Məlumatları izləməyə başladıq. Məlumatlar isə gah sevindirici oldu, gah təəssüf doğuran. Axırda müəmmalı bir sükut çökdü...

Nəhayət, Heydər Əliyev Mərkəzində, filmin qala gecəsindəyik. 

Bədii, sənədli  film I Böyük Azərbaycan atabəyi Qara Sunqurla başladı. Gəncə əmiri, Aran hökmdarı, İraq Səlcuqlu dövlətini idarə edən, Gəncəni işğaldan azad edib yenidən yaradan Qara Sunqurun bütün fəaliyyəti ekranda bir neçə səssiz, bir az da səhnələşdirilmiş kadrlarla canlandı. Onun obrazını filmin həm də baş prodüseri olan İlqar Mehti canlandırıb. 

Belə başa düşdüm ki, çəkilməli olan, amma hansı səbəblərdənsə çəkilməyən bədii serialın ilk bölümü həmin bu baxdığımız “Qara Sunqur” hissəsi olmalı imiş. Təsəvvür edin, dövlətçilik tariximizin ilk illərindən, lap elə Qara Sunqur hakimiyyəti vaxtından başlayıb bugünkü Zəfər tarixinə gəlib çıxan bir bədii serial olacaqmış. Amma olmayıb... 

Nə isə, ardınca söhbət keçdi Şəmsəddin Eldəniz (tarixdə Şəmsəddin Eldəgəz də deyilir) dövrünə. Şəmsəddin Eldəniz Gəncə zəlzələsindən istifadə edib şəhərə soxulan, Gəncə qapılarını qənimət götürən gürcü çarının Azərbaycan ərazisinə olan aramsız talançı yürüşlərinin qarşısı alıb, tarixi Gürcüstanın daxili bölgələrinə qədər uğurlu hərbi əməliyyat keçirib. Onun obrazını filmdə idmançı Zabit Səmədov yaradır. 

Sadaladığım tarixi faktlar filmdə ya kadrarxası mətnlə verilir, ya da kiçik səhnələrlə. Bunlar o hökmdarın fəaliyyətinin kiçik xülasəsidir. 

Tamaşaçı isə hər tarixi uğurun vurğulandığı məqamı alqışlarla qarşılayır. Bəlli ki, onun emosiyalarını filmdən çox, tarixi faktlar tərpədir. 

İki saata yaxın çəkən sənədli-bədii film çox maraqlı təşkil olunmuş bir tarix dərsini xatırladır, gözünü qırpmadan dinləyirsən. 

“Müəllim” dərsə yaxşı hazırlaşıb, tarixi faktları həm də səhnələşdirib, bizə tariximizi və qəhrəmanlarımızı sevdirməyi bacarıb. 

Çatışmayan o qəhrəmanların simasındakı hökm verən, tale həll edən, fateh olan qəhrəmana xas qətiyyət idi. Hər ikisi çox humanist görünürdü. Hökmdar xanımına xas qətiyyəti Mömünə xatun obrazında Mehriban Zəkinin simasında sezdim. 

Bir anlıq təsəvvür etdim ki, film eyni ardıcıllıqla Cahan Pəhləvan, sonra Qızıl Arslanla davam edir. Sonra da başqa bir tarixi filmin çəkilişlərinə başlanır, bu dəfə ekranlara Səfəvilər dövrü gəlir. Öz xəyallarımdan sevincək oldum!  

Filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən “İkinciYeniFimi” təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.

Bədii-sənədli filmdə Zabit Səmədov və İlqar Mehti ilə bərabər, əsas rollarda xalq artisti Mehriban Zəki (Möminə Xatun), əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və sair aktyorlar yer alır.

Filmdə 100-dən çox aktyor müxtəlif epizodları canlandırıb, ümumilikdə isə çəkiliş prosesində 500 nəfərdən çox insan çalışıb.

Kadrarxası mətni xalq artisti Fəxrəddin Manafov səsləndirib.

Yaradıcı heyətin də vurğuladığı kimi, görünür, iş əziyyətlə, amma çox böyük həvəs və fədakarlıqla başa gəlib. Görülən iş üçün lazımi qədər vəsait olmayanda, “paraya dəymə, bütövü bölmə, doğra, doyunca ye” prinsipi ilə işləməli olanda əlac fədakarlığa qalır. Onun üçün də gərək gördüyün işə, o iş sənin milli kimliyindirsə, o kimliyə sevgin olsun. Bu işdə bol olan elə o idi – sevgi. Niyyət, təşəbbüs, ideya da alqışa layiqdir. Qoy, bu film o böyük yolun başlanğıcı olsun. Arzulanan serial da çəkilsin. Elə bu filmdən götürüb yola çıxaq. Yaradıcı heyətə sönmədən, usanmadan, dayanmadan irəli getməyi arzulayıram. Hələ yolun başlanğıcındayıq.