Logo
news content
User
Kateqoriyalar

Analitika

Türkiyə ordusu Suriyada mesaj verir: “Muxtariyyət bitməlidir”
Ankara Suriyada yeni balans yaradır - SDQ-dən Dəməşqə doğru təzyiq xətti

Türkiyə ordusu Suriya ərazisində Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan rayonlara doğru irəliləməyə başlayıb. Rəsmi Dəməşqin nəzarətində olan qüvvələr Türkiyə ordusuna dəstək verir.

KARAR nəşrinin verdiyi xəbərə görə, Türkiyə ordusu Suriya sərhədini keçərək qonşu ölkənin ərazisinə daxil olub. Türkiyə ordusu üç istiqamətdən irəliləyir – Afrin, Ras-əl-Ayn və Hələbin şimalından. 

Mediada yayılan məlumatlara görə, Türkiyə qüvvələrinin əsas hissəsi Mənbic xətti boyunca cəmləşdirilib. Türkiyə ordusuna məxsus kolonlardan biri Deyr-Ballut istiqamətindən Suriyaya daxil olub, bir hissə isə Advaniyə istiqamətindən irəliləyir.

Rəsmi Dəməşqin nəzarətində olan qoşunlar Deyr-əz-Zor bölgəsinə doğru irəliləyirlər. Bildirilir ki, hökumət qüvvələrinin hücumu artilleriya və PUA-ların dəstəyi ilə davam edir.

“MK-Türkiyə”nin baş redaktoru Yaşar Niyazbayev “Vestnik Kavkaza”ya açıqlamasında hərbi əməliyyatın ciddi gizlilik şəraitində aparıldığına diqqət çəkib: Ankara rəsmi olaraq Suriyanın şimalına qoşun yeritdiyini əməliyyat başlayandan bir gün sonra açıqlayıb. Niyazbayevin sözlərinə görə, hətta Türkiyənin xəbər agentlikləri belə, ordunun hər hansı hərəkətindən danışmamağa üstünlük verirlər.

Əgər Türkiyə ordusunun Suriyanın müəyyən ərazilərinə hərbi qüvvə cəmlədiyini qəbul etsək, onun məqsədləri barədə ehtimal yürüdə bilərik. Türkiyənin məqsədi isə illərdir dəyişmir: əsas hissəsini kürdlərin Xalq Özünümüdafiə Dəstələri (YPG) təşkil edən SDQ-ni Suriya ordusuna inteqrasiyaya məcbur etmək”, – Yaşar Niyazbayev bildirib.

Ankara Suriyadakı kürd dəstələrini terror təşkilatı və Türkiyənin təhlükəsizliyinə təhdid kimi qəbul edir. Buna görə də atdığı addımlarla mesaj vermək istəyir ki, Suriya kürdləri muxtar şəkildə mövcud olmaqdan imtina etməli və Dəməşqə tabe olmalıdır”, – redaktor qeyd edib.

Türkiyənin Suriyadakı hərbi əməliyyatının məqsədi nədir? Bu, nə ilə bağlı ola bilər? Kürd silahlı dəstələrinin tərksilah edilməsi, yoxsa onların Dəməşqin tabeliyinə keçməsi? Xatırladaq ki, Reuters agentliyi bundan əvvəl Türkiyənin SDQ-yə ilin sonuna qədər vaxt verdiyini iddia etmişdi.

Yaranmış vəziyyətlə bağlı Pressklub.az-a danışan tanınmış rusiyalı şərqşünas, Yaxın Şərq üzrə ekspert Ruslan Süleymanov bildirib ki, Suriyada kürd silahlı birləşmələri ətrafında vəziyyət həqiqətən də sürətlə dəyişir.

Bu çox məqamlar onu göstərir ki, Türkiyə rəsmi Dəməşqlə birgə hərbi əməliyyata hazırlaşır. Və hətta onu da deyə bilərik ki, Vaşinqtonun da ilkin razılığı var, lakin hələlik yekun qərar verilməyib. Türkiyə rəhbərliyinin əsas məqsədi Suriyada kürd məsələsinin tam həllidir – yəni Suriyadakı kürd silahlı dəstələrinin tərksilah edilməsi və onların Suriyanın milli ordusuna inteqrasiya olunması. Bu isə öz növbəsində Türkiyədə də kürd probleminin tam həllinə xidmət edəcək.

Məhz buna görə, Ankara üçün suriyalı kürdlərlə bağlı məsələ xüsusi əhəmiyyət daşıyır. Son bir il ərzində Türkiyədə kürd probleminin həlli istiqamətində çox mühüm addımlar atılıb: PKK-nın tərksilah edilməsi, təşkilatın özünü buraxdığını bəyan etməsi və qüvvələrinin Türkiyə ərazisindən çıxarılması. Lakin suriyalı kürdlərlə bağlı məsələ sonuncu maneədir – bu maneəni aşmadan Türkiyədə kürd məsələsinin tam həlli mümkün deyil”, – ekspert bildirib.

Onun fikrincə, hələlik yeni hərbi əməliyyatdan qaçmaq və suriyalı kürdlərlə razılaşmanı dinc yolla əldə etmək imkanı qalır.
Dəməşqdəki hakimiyyət də vurğulayır ki, bu məsələnin güc yolu ilə həllini istəmir. Üstəlik, cari ilin martın 10-da kürd silahlı dəstələri (Suriya Demokratik Qüvvələri) ilə Dəməşq hakimiyyəti arasında yazılı razılaşma imzalanıb. Bu razılaşmaya görə,  inteqrasiya prosesi həyata keçirilməli və cari ilin sonunadək başa çatmalıdır. Amma SDQ-nin Suriya ordusuna inteqrasiyası bu ilin sonunadək baş tutmasa belə, məncə, danışıqlar imkanı yenə də qalacaq və suriyalı kürdlərlə ziddiyyətlərin sülh yolu ilə həll olunması şansları saxlanılacaq”, – Süleymanov hesab edir.

Rauf Orucov