Logo
news content
User
Kateqoriyalar

Reportaj

Sərsəngin suyu duruldu...
Qarabağda ekoloji tarazılığın qarantı

Sərsəng su anbarına doğru hərəkət marşrutu boyunca yol örtüyünün bərpasının şahidi olursan. Bəzi hissələrdə asfalt yenilənib, bəzi yerlərdə isə torpaq qatının üzərinə çınqıl tökülüb, təmir işləri davam edir. 

Yolun bir hissəsi Ağdərənin Umudlu kəndinə aparır. Bu istiqamətdə yenidənqurma işləri artıq yekunlaşıb: asfalt döşənib, işarələr və yol nişanları qoyulub.

Anbarın yaxınlığındakı Həsənriz kəndində məskunlaşma davam edir. Kənd daxilində gündəlik həyatın izləri – hərəkətdə olan avtomobillər, küçələrdə dolaşan insanlar müşahidə olunur.

Su anbarına yaxınlaşdıqca relyef daha qabarıq nəzərə çarpır. Sıx meşəlik seyrəkləşir, geniş açıq sahələr, çəmənliklər və yamaclar üstünlük təşkil edir. Dağlar anbarın yerləşdiyi dərəni əhatə edir və bu relyef Sərsəng su anbarının təbii sərhədlərini formalaşdırır. Bənd və su səthi məsafədən görünür. Ərazi açıq olduğundan, müşahidə bucağı da genişdir – həm yaxından, həm də uzaqdan bütün panoramı izləmək olur.

Foto: Press Klub

Sərsəng su anbarının birbaşa mənbəyi Tərtərçaydır. Bu çay başlanğıcını Kəlbəcər rayonunun dağlıq ərazilərindən götürür. Onun əsas qolları – Levçay, Ağdabançay və Turağayçay da Kəlbəcərin dağlarından keçərək, Tərtərçaya birləşir.

Bərdə və Tərtər rayonlarından olan fermerlərlə görüşmək və onların fikirlərini dinləmək imkanımız oldu. Hazırda bölgənin əsas su mənbəyi kimi çıxış edən Sərsəngdə toplanan su əvvəlcə Suqovuşan anbarına ötürülür, oradan isə geniş əkin sahələrinin suvarma ehtiyacları ödənilir. Anbarın təmiri və bərpası üçün təxminən 20 milyon manat vəsait ayrılıb və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi artıq işə başlayıb. Bununla belə, anbarda səviyyəni nəzarətdə saxlamaq üçün müəyyən qədər su əkin sahələrinin suvarılmasına yönəldilir.

2023-cü ildə keçirilmiş antiterror əməliyyatından sonra Sərsəng su anbarının texniki vəziyyətinin qiymətləndirilməsi və bərpası məsələsi aktuallaşdı. Rəsmi Bakı uzun illər su anbarının texniki vəziyyətini yerində dəyərləndirmək imkanından məhrum idi. Beynəlxalq müşahidə və monitorinq cəhdləri nəticəsiz qalmışdı. 

Sərsəng su anbarı 1976-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə (o vaxtkı Mardakert) rayonunun ərazisindən keçən Tərtərçay üzərində inşa edilib. Anbar Qarabağ bölgəsinin istər dağətəyi, istərsə Aran rayonları üçün kənd təsərrüfatı baxımından mühüm əhəmiyyət daşıyan su təsərrüfatı obyektidir. Onun ümumi tutumu 560 milyon kubmetr, bəndin hündürlüyü 125 metr, uzunluğu 555 metr təşkil edir.

Arayış: 2018-ci ildə işğal olunmuş ərazilərin ekoloji problemlərini öyrənmək məqsədi ilə Bərdə, Yevlax və Tərtər rayonlarında monitorinqlər və sorğular keçirmişdik. Əsas diqqət kənd təsərrüfatı torpaqlarının suvarılmasına yönəlmişdi. İşğaldan əvvəl Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboyda ümumilikdə 96 min hektardan çox əkin sahəsi suvarılır, bol məhsul əldə olunurdu. İşğal illərində məhsuldarlıq azaldı, artezian quyularının çatışmazlığı və mövcud quyulardakı suyun keyfiyyətsizliyi problemi daha da kəskinləşdi. Torpaqların şorlaşması nəticəsində əkin sahələrinin bir hissəsi istifadədən çıxdı. Bəzi kəndlərdə sakinlər suvarmada içməli sudan istifadə etmək məcburiyyətində qaldılar. Təsərrüfatdaxili irriqasiya və kollektor-drenaj şəbəkələri də sıradan çıxmışdı. Sərsəng su anbarının Ermənistanın nəzarətinə keçməsi ilə suyun bölgəyə ötürülməsi qeyri-sabit xarakter aldı: yayda su verilişi dayandırılır, qışda isə məqsədli şəkildə artırılırdı. Əkin sahələri ya quraqlıqdan, ya daşqınlardan zay olurdu. Media gah anbarın quruduğundan, gah suyun həddən artıq lilləndiyindən yazırdı. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Sərsəng su anbarı ilə bağlı mühüm qətnamə qəbul etdi. Qətnamədə suya çıxışın fundamental insan hüququ olduğu və Ermənistanın bu hüququ pozduğu qeyd edildi. Assambleya Sərsəngin uzun illər baxımsız qalması nəticəsində bölgədə humanitar və ekoloji fəlakət riskinin artdığını və Ermənistanın buna görə məsuliyyət daşıdığını göstərdi, sudan siyasi təzyiq vasitəsi kimi istifadə olunmasını qınadı, beynəlxalq ekspertlərin ərazidə araşdırma aparmasına şərait yaradılmasını vacib hesab etdi

Foto: Press Klub

Anbarın istismara başlandığı dövrdə Tərtərçay üzərində iki mühüm suvarma kanalı da istifadəyə verilmişdi. Sağ Sahil kanalı 69 km uzunluğunda idi, Ağdərə, Ağdam, Tərtər və Bərdə rayonlarının kəndlərini əhatə edirdi, 25 km uzunluğunda Sol Sahil kanalı isə Tərtər və Goranboy rayonlarının kəndlərini su ilə təmin edirdi. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, Sağ Sahil magistral suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanıb. Sol Sahil kanalı artıq yenidən qurulub, həmçinin Xaçınçay su anbarı və kanalı da bərpa edilib.

Otuz illik fasilədən sonra Sərsəng su anbarı yalnız bol məhsul əldə etməyin mənbəyi deyil, eyni zamanda regionun torpaq ehtiyatlarının bərpası, ekoloji balansın təmin olunması və uzun illər davam edən su çatışmazlığından qaynaqlanan humanitar fəlakət risklərinin qarşısının alınmasında mühüm rol oynamalıdır. Bu infrastrukturun bərpası təkcə kənd təsərrüfatının inkişafına deyil, həm də dayanıqlı yaşayış mühitinin formalaşmasına və ekosistemlərin qorunmasına xidmət etməlidir. 

Press Klub