Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa İttifaqı Rusiyanın 210 milyardlıq aktivini müddətsiz bloklayıb

Avropa İttifaqı (Aİ) Rusiyanın birlik daxilində 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurub.

Bu qərar vəsaitin Ukraynaya yardım üçün istifadəsinə imkan verəcək. Əvvəllər Aİ aktivlərin dondurulmasını hər altı aydan bir uzada bilərdi ki, bu da Macarıstan və Slovakiyanın bir anda qərarın əleyhinə səs verməsi riskini yaradırdı. Buna artıq ehtiyac olmayacaq.

Ukraynaya Rusiya aktivləri hesabına kredit verilməsi ilə bağlı yekun qərarın dekabrın 18-19-da Aİ sammitində qəbul edilməsi gözlənilir.

Rusiya Mərkəzi Bankı Aİ-nin onun aktivlərindən istifadə planlarını qanunsuz sayır

Rusiya Mərkəzi Bankı bildirir ki, Aİ-nin onun aktivlərindən istifadə planları qanunsuzdur, maraqlarını qorumaq üçün mümkün bütün vasitələrdən istifadə hüququnu saxlayır.

Bank daha bir bəyanatında Brüsseldə yerləşən "Euroclear" maliyyə qurumunu Moskvada məhkəməyə verdiyini bildirib. Rusiyanın aktivlərinin çoxu burada saxlanır. İddianın Moskvanın fondları və istiqrazlarından istifadə qabiliyyətinə təsir göstərən hərəkətlərdən verildiyi bildirilir.

"Euroclear", Belçika hökuməti və Avropa Komissiyası hələlik Rusiyanın açıqlamasını şərh etməyiblər.

Aİ Rusiya aktivlərinin müddətsiz dondurulması proseduruna başlayıb

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri dekabrın 11-də Aİ-də Rusiya aktivlərinin uzunmüddətli dondurulması proseduruna başlamağa səs veriblər. Bu barədə X platformasında AzadlıqRadiosunun müxbiri Rikard Yozvyak yazıb.

Bu, Ukraynaya kredit ayrılmasında Rusiya aktivlərindən təminat kimi istifadəsinə doğru ilk addım sayılır. Ukraynanın həmin kreditləri Rusiyanın bu ölkənin bərpası üçün ödəyəcəyi vəsait hesabına qaytara biləcəyi gözlənilir.

Aİ ölkələrinin səfirləri Avropa Komissiyasına fövqəladə səlahiyyətlərin verilməsinə səs veriblər. Bu isə Rusiya aktivlərinin müddətsiz dondurulmasına imkan verəcək. Hazırda aktivlərin dondurulması məsələsi hər altı aydan bir səsverməyə çıxarılır və üzv ölkələrin yekdilliyi tələb olunur.

Yeni mexanizm aktivlərin müsadirəsi deyil. Amma, məsələn, Macarıstan dondurmanın uzadılmasına qarşı çıxarsa, aktivləri qaytarmaq riski yaranmayacaq.

Şərhçilərə görə, bu addım aktivlərdən "reparasiya krediti" üçün girov kimi yararlanmağa yol açır. Sözügedən mexanizm Aİ ölkələrinin ixtisaslaşmış səs çoxluğu ilə qəbul oluna bilər, yekdillik tələb olunmayacaq.

Rusiya aktivlərinin böyük hissəsi Belçikada dondurulub və Brüssel bu təşəbbüsə qarşı çıxır. Lakin ölkə təmsilçiləri Rusiya aktivlərinin müəyyən vaxt ərzində Ukraynanın dəstəklənməsi üçün istifadəsinin qaçılmaz olduğunu etiraf edirlər. Belçikanın baş naziri Bart de Vever Aİ ölkələrinin hamısının mümkün risklərə görə birgə məsuliyyət daşımasını, yetərincə maliyyə təminatı tələb edib. Brüsselin başqa şərtləri də var.

Media ABŞ-nin də reparasiya kreditinə qarşı çıxdığını yazır. ABŞ Ukraynanın bərpası üçün Rusiyanın vəsaitlərinin bir hissəsindən, Amerika şirkətlərin vasitəçiliyi ilə istifadəsini təklif edir.

Reparasiya krediti ilə bağlı qərarın gələn həftə Aİ liderlərinin görüşündə qəbul ediləcəyi gözlənilir. Rusiya bu tədbiri aktivlərin müsadirəsinə bərabər sayır, qarşılıqlı addım atılacağı ilə bağlı xəbərdarlıq edib.