Məğlubedilməz “Şaka”nın sonuncu oyunu - əfsanə dünyaya vida etdi
Bollivudun ən romantik məhəbbət tarixçəsi bitdi
25 Noyabr 2025
Məhəbbət, sədaqət, humanizm aşılayan, haqqın qələbəsinə inam yaradan köhnə Hindistan filmlərini çox sevərdik, gəncliyimizdə bir-birimizə açıqca ilə təbrik yazanda hind məhəbbəti, fransız gözəlliyi arzulayardıq. Bu gün o filmlər kimi həmin sevgilər də yoxdur.
Bir vaxtlar onları çox sevər, filmlərini izləyər, şəxsi həyatları haqda uydurulmuş, dildən-dilə gəzən rəvayətlər dinləyərdik. Belə bir material o vaxtlar ələ düşməzdi. Sevimli hind aktyorlarının şəkillərini albomlarımıza vurar, kitablarımızın arasında gəzdirərdik.
Xüsusən “Zita və Gita” filmindən sonra sevilən Rac (Şaka) və Gita haqqında həqiqətləri bilmək, yəqin ki, sizlərə maraqlı olar.
İki ulduzun sevgi tarixçəsi
Dharmendra - Dharam Sinqh Deol adının qısaldılmış formasıdır. 1935-ci ildə mühafizəkar bir ailədə dünyaya gəlib. 19 yaşında evləndiriblər onu. Nə yaxşı ki, evləndirəndən sonra azadlıq veriblər və Dharmendra Bombeyə (indiki Mumbay) köçüb.

Ailəsini kirayələdiyi evə yerləşdirib, dərhal tanınmış kinostudiyalardan birinin kinoya çəkilmək üçün elan etdiyi müsabiqədə iştirak etməyə yollanır.
Müsabiqə barədə radioda elanı yolda gələrkən eşidibmiş.
Müsabiqədə yeni filmin çəkilişlərinə başlama ərəfəsində olan rejissorun və baş rolu oynayacaq aktrisanın diqqətini çəkməsi onun üzünə Hindistan kinosunun qapılarını açır.
70-80-ci illər Dharmendra üçün ardıcıl uğurlu illər olur. Filmin biri tamamlanan kimi növbətisi üçün çəkilişə dəvət edirlər. Çəkildiyi bu filmin meydançasında artıq dünya kino ekranlarında yayımlanan əvvəlki filmin şöhrəti danışılırdı.
Onlar belə seviblər
Hema Malini ilə Dharmendra 1969-cu ildə bir filmin çəkiliş meydançasında rastlaşıblar. Elə ilk görüşdən ikisi də bir-birinə qəribə cazibə hiss ediblər. Tale elə gətirib ki, elə həmin il hər ikisi birlikdə çəkilmək üçün dörd filmin müqaviləsinə qol çəkiblər. Bollivudun ən romantik məhəbbət tarixçəsi belə başlayıb.

Hema Malini 1948-ci ildə Tamilnad şəhərində dünyaya gəlib. 20 yaşında ilk dəfə ekranlarda görünüb. Kastinqlərdən keçmək onun üçün çətin olmayıb, çünki rejissorlar onu görən kimi gözəlliyi qarşısında lal qalıblar. Obrazları həmişə sevən, sədaqətli qadın olub. Öz sevgisini də elə çəkiliş meydançasında tapıb.
“Zita və Gita” filminin çəkilişlərində Hema Malininin sadəliyi, təmiz qəlbli olması Dharmendranı heyran edir. Hema Malini isə onun yanında özünü dağa sığınmış zərif çiçək kimi rahat hiss edir.
“Qisas və qanun” filminin çəkilişlərində bu cazibəni yalnız özləri deyil, ətrafdakılar da hiss etməyə başlayır. Dharmendra işıqçılarla danışıb razılaşırmış ki, tez-tez çəkiliş vaxtı, xüsusən də Hemanı qucaqladığı səhnədə səhvə yol versinlər ki, Dharmendra Hemanı təkrar-təkrar qucaqlamalı olsun.
Get-gedə yayılan sevgi hekayəti Hemanın ailəsində narazılıq yaratmağa başlayırdı. Xüsusən atası bu sevginin əleyhinə idi. O, hər gün qızına potensial ərlərin şəkillərini göstərir, seçim etməsini xahiş edirdi. Hema isə onlarla heç maraqlanmırdı.
Amma evli kişiyə olan məhəbbətini də etiraf edə bilmirdi: “Başa düşürdüm ki, evli kişini sevməyim mənasızdır, ağıllı iş deyil, amma Dharmendra ilə yanaşı olmaq mənə o qədər xoş idi ki, bundan keçə də bilmirdim”.
Bir dəfə Dharmendra ondan birbaşa soruşur: “Məni sevirsən?” Hema ona “mən yalnız ərə gedəcəyim kişini sevəcəm” - deyə cavab verir.
Bununla belə bu məhəbbət romanı az qala dünyanın müzakirə mövzusuna çevrilmişdi. Sarı mətbuat hər iki ailənin gərginlik yaşadığını yazırdı. Hemanın ailəsi ona növbəti dəfə namizədlər verir, ərə getməsini tələb edirdilər. Onun dərdindən ölən iki məşhur aktyor da onunla evlənməyə hazır vəziyyətdə dayanmışdılar – Sanciv Kumar və Citendra. Hema hər ikisini rədd edirdi. Dharmendra isə bu söz-söhbətlərdən cana gəlmiş xanımını inandırmağa çalışırdı ki, onu atmaq fikri yoxdur. Belə gərgin, qeyri-müəyyən, anlaşılmaz münasibətlər bir xeyli davam edib.
“Mən Dharmendraya qarşı olan istəklərimə zidd getməyə çalışırdım, amma planlı şəkildə sevmək, yaxud sevməmək olmur, məhəbbət qəlbə gələndə sorğu-sualsız, plan-proqramsız gəlir. Ancaq onu bilirdim ki, o, yanımda olanda çox xoşbəxt olurdum, istədiyim də yalnız bu idi” – Hemanın xatirlərindən.
1978-ci ildə Hemanın atası infarktdan ölür. İki il sonra Dharmendra ilə Hema rəsmi kəbin kəsdirirlər, ev şəraitində, məhdud çərçivədə. Tezliklə mətbuat da bu barədə yazır, Dharmendra birinci xanımını da saxlamaqla ikinci ailəsini qurur və qəribədir ki, cəmiyyət də bu addımı sevinclə qarşılayır.
İki qızları var – Eşa və Ahana. Hər ikisi aktrisadır.

Dharmendranın birinci nikahından olan iki oğlu da hazırda Hindistanın tanınmış kino ulduzlarıdır - Bobbi və Sanni Deol qardaşları.

Hema Malini indi prodüser kimi fəaliyyət göstərir, Hollivudu da fəth etmiş iki Hindistan aktrisasından biridir.
Dharmendra Deol ömrünün son illərinə qədər kino sahəsində fəaliyyət göstərib. Aktyor, rejissor, prodüser kimi çoxsaylı uğurlu layihələrə imza atıb.

13 gün əvvəl – noyabrın 11-də 90 yaşlı aktyor nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilib. Dünən – noyabrın 24-də səhər saatlarında dünyasını dəyişib.
Dünya kinosunun daha bir əfsanəsi, uşaqlığımızın məğlubedilməz “Şaka”sı bu dəfə ölümə təslim oldu...