Logo
news content
User
Kateqoriyalar

Xəbər

İqtisadçı dərmanın ucuzlaşması üçün yollar təklif edir

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571 milyon manatlıq mal satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun 31 milyard 937 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634 milyon manatlı isə qeyri-ərzaq mallarının payına düşür. "2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.2 faiz, qeyri-ərzaq malları üzrə 6.7 faiz artıb", - DSK vurğulayır.

Ciddi artım müşahidə edilən sahələrdən biri də tibbi xərclərdir. 2025-ci ildə əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 424 milyon manatdan çox vəsait xərclənib. Ötən ilin analoji dövründə isə bu rəqəm 1 milyard 144 milyon manat olmuşdu. Rəqəmlərin müqayisəsinə əsasən demək olar ki, son bir ildə Azərbaycan əhlisinin əczaçılıq məhsulları və tibbi ləvazimatlar almasında təqribən 280 milyon manatlıq artım var.

İqtisadçı dərmanın ucuzlaşması üçün yollar təklif edir

Məsələni şərh edən iqtisadçı Natiq Cəfərli əczaçılıq məhsulları və tibbi ləvazimat xərclərinin artmasını ölkədə dərmanların qiymətinin "kəskin" artması ilə izah edib.

"Dərman qiymətlərinin hər il artmasının əsas səbəbi hökumətin təsis etdiyi Tarif Şurasının mənasız, məzmunsuz, ziyanlı tənzimləmə siyasətidir", - o vurğulayıb.

İqtisadçının fikrincə, dərman sahəsində qiymətlərin tənzimləməsi Tarif Şurasına tapşırılan vaxtdan (2015-ci il) bugünə ölkədə qiymətlər artır, dərmanların keyfiyyəti isə sürətlə düşür: "Bu iş Tarif Şurasına tapşırılandan sonra ölkədə 200-dən çox dərman gətirib-satan şirkət bağlanıb, rəqabət məhv olub...".

"Bundan başqa, illər öncə hökumətə təklif verdik ki, dərman satışında Əlavə Dəyər Vergisini (ƏDV) ya ləğv edin, ya da, hesabatlılıq üçün sizə lazımdırsa, simvolik olaraq 2 faizə endirin. ƏDV ləğv olunsa, dərman qiymətlərində azı 15 faiz ucuzlaşma olacaq...", - o əlavə edib.

N.Cəfərlinin sözlərinə görə, qiymətlərin düşməsi üçün paralel olaraq ölkədə rəqabət mühiti yenidən təsis edilməlidir.

Bu açıqlamaya Tarif Şurasından münasibət almaq mümkün olmayıb. Şuraya Azərbaycan iqtisadiyyat nazir rəhbərlik edir. Qurumun üzvləri də, əsasən, müxtəlif nazirliklərdə müavin postu tutan şəxslərdir.

Rəsmilər, bir qayda olaraq, inhisarçılıqla bağlı fikirlərlə razılaşmırlar.

Ötən il iyulun 1-dən ölkədə Rəqabət Məcəlləsi qüvvəyə minib. Amma ekspertlər onun tam gücü ilə tətbiq olunmadığını düşünürlər.