“Onu həm azərbaycanlı, həm də ukraynalı kimi sevmişdim”... – Sofiya Kulik
Rusiya işğalına qarşı savaşda həlak olan azərbaycanlının tar-mar olmuş taleyi
24 Avqust 2025
Sofiya Kulik Ukraynanın İvano-Frankivsk vilayətinin Kaluş şəhərindəndir. Hazırda 4 yaşlı qızı Oliviya ilə yaşayır. Həyat yoldaşı, əslən azərbaycanlı Elvin Novruzov Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olub. Sofiya çalışır, boş vaxtlarında isə həm orduya dəstək kampaniyaları təşkil edir, həm də həyat yoldaşının xatirəsini əbədiləşdirmək üçün əlindən gələni edir. Ukraynanın mühüm bayramları - Dövlət Bayrağı Günü və Müstəqillik Günü ərəfəsində onunla Pressklub.az üçün söhbətləşdik.

- Elvinlə necə tanış oldunuz?
- Təsadüfən internetdə tanış olduq. Həmin vaxt o, Polşada işləyirdi. Sonra şəhərimizə gəldi və birlikdə yaşamağa başladıq.
- Necə birisi idi?
- Çox şən, mehriban idi, tanıyanlar ona pərəstiş edirdi, onunla heç vaxt darıxdırıcı deyildi. Hamı xətrini istəyirdi, çünki istənilən vəziyyətdə yaxşı əhval-ruhiyyəsini saxlayırdı. Ədalətli, dürüst, mehriban idi və buna görə tanıyanların ona böyük hörməti vardı. Haqqında həmişə xoş sözlər eşitmişəm.
- Ailə daxilində münasibət necə idi?
- Deyərdim ki, o, ən yaxşı ər idi. Heç vaxt mübahisəmiz olmayıb. Mən mübahisəyə başlasam belə, zarafatla könlümü alırdı. Həm də romantik biri idi. Münasibətimizin bir ili tamam olmamış mənə evlilik təklif etdi. Həmin vaxt Berlində işləyirdi. Təklifi 2019-cu ilin 31 dekabr günü Berlin teleqülləsində etdi.

Mən onun yanında qalıb çalışmağa başladım. İşə yanıma yemək gətirir, hər zaman qayğıma qalırdı. Toyumuzun tarixini də xüsusi olaraq seçmişdi - 10.10.2020.
- Elvindən yadigar bir qızımız var...
- Çox arzulayırdı ki, qızı olsun. İstəyinə çatdı. 2021-ci il martın 10-da Ukraynada qızımız Oliviya doğuldu.
Elvinin atası İlqarın anası da bu tarixdə doğulub. Elvin sonra yenə Berlinə iş dalınca getdi. Həmin vaxt bizdən ötrü çox darıxırdı. Amma sonra geri döndü və birlikdə yaşamağa başladıq.
- Elvin ali təhsilli idi?
- Bəli. İvano-Frankivsk neft-qaz universitetini bitirmişdi. Ondan çox sonra mən də orada oxumuşam. Elvin idman gimnastikası ilə də aktiv məşğul olurdu.

İdman ustası idi, yarışlarda qalib olmuşdu, mükafatları vardı. Hətta qızımıza da fəndlər öyrədirdi.
- Elvinin valideynləri necə tanış olublar?
- Onun anası Ukraynadan ümumittifaq kollecindən Rusiyaya praktikaya göndərilib, atası İlqar isə Azərbaycandan gəlib orda çalışırmış. Elvin Rusiyada doğulub. Anası Ukraynadan - Kaluşdan, atası isə Bakıdandır. Elvin 4 aylıq olanda Ukraynaya köçüblər 6 yaşı olanda isə ayrılıblar.
- Necə oldu ki, müharibəyə getməyə qərar verdi?

- Könüllü getdi. Martın 21-də yollandı savaşa. Amma buna ruhən hazır idi. Dedi ki, vətəni qorumaq lazımdır. Həm də onun yerişi, nitqi əsl hərbçi idi... 31 dekabr günü isə həlak oldu. 3 aya yaxın itkin sayıldı, çünki nəşini döyüş zonasından çıxarmaq mümkün olmadı.

İndi bizə ondan "Üçüncü dərəcəli İgidliyə görə" medalı, “Kaluşun fəxri vətəndaşı” adı, "Yaralandığına görə" medal, "Cəsur döyüşçü" medalı və bir sıra fəxri fərmanlar və təltiflər qalıb. Bir də şəhərin fəxri xiyabanında portreti var.
- Siz vaxtaşırı orduya dəstək kampaniyası təşkil edirsiniz. Bu bir Ukrayna vətəndaşının qərarıdır, yoxsa Elvinin xatirəsi də bu işdə rol oynayır?
- Elvinə maşın almağa pul toplayırdım. O həlak olduqdan sonra avtomobili alıb, 46-ci hücum desant hissəsinə bağışladım. Bir də hərdən öz səhifəmdə müəyyən yardımlar toplayıb, ordumuza kömək üçün əlimdən gələni edirəm.

- Azərbaycanla bağlı nə deyə bilərsiniz?
- Elvin mənə deyirdi ki, atası azərbaycanlıdır, bakılıdır, arzu edirdi ki, bəlkə nə vaxtsa qızımızla ora gedərik. Mən onu həm azərbaycanlı, həm də ukraynalı kimi sevmişdim. Azərbaycan dilində çox bilmirdi, əsasən ləhcə ilə yaxşı zarafatlar edirdi.
Bilirəm ki, Azərbaycan Ukrayna ilə dost ölkədir. Belə çətin zamanda ölkəmizi çox dəstəkləyirsiniz. Siz gözəl insanlarsınız, bizə inandığınız və dəstəyiniz üçün təşəkkür edirik.
İndi mən ancaq uşağa baxıram, işləyirəm. Elvindən sonra hələ özümü tam tapa bilməmişəm, dünyam məhv olub. Uşaqla, iş-güclə birtəhər başımı qatıram. Tez-tez qızımla atasını ziyarət edirik...
Anar Natiqoğlu,
Odessa
Xüsusi olaraq Pressklub.az üçün