Qanlı şam yeməyi, kökü kəsilən kral ailəsi, dağılan tifaq...
Nepal krallığının monarxiyadan demokratiyaya keçidini başladan kütləvi qətliam
08 Dekabr 2025
1 iyun 2001-ci il, cümə günü Nepal kral xanədanı ailəvi şam yeməyinə yığışmışdı. Belə yeməklər ayda iki dəfə cümə günləri təşkil olunurdu. Şam yeməyində kral Birendra və kraliça Ayşvarya, onların üç övladı — vəliəhd Dipendra, qızları Şruti və kiçik oğulları Niracan iştirak edirdilər. Həmçinin kralın ən kiçik qardaşı həyat yoldaşı və uşaqları ilə, kralın üç bacısı və bir kürəkəni, Şrutinin həyat yoldaşı və kralın iki əmioğlusu orada idi. Monarxın özündən bir yaş kiçik qardaşı şahzadə Gyanendra yox idi, amma onun həyat yoldaşı, üç qızı və bir kürəkəni də tədbirdə iştirak edirdi.

Şahidlərin sonradan dediyinə görə, vəliəhd Dipendra şam yeməyinə gələndə “Famous Grouse” viskisindən sərxoş idi və açıq şəkildə kannabis doldurulmuş siqaret çəkirdi. O, bir qonaqla dalaşandan sonra kiçik qardaşı şahzadə Niracan və başqa bir qonaq tərəfindən öz otağına aparılır.
Otağına qayıtdıqdan sonra Dipendra sevgilisi Devyani Ranaya üç dəfə zəng etdi. Rana sonradan dedi ki, Dipendra sərxoş olduğundan sözlərini aydın deyə bilmirdi, amma üçüncü danışıqda yatmağa gedəcəyini söylədi. Lakin yatağa uzanmaq əvəzinə hərbi formada, üç silahla — o cümlədən, bir M16 avtomatı ilə — otağından çıxdı.
Pilləkənin başında onu görən saray xidmətçisi bunu təhlükəli saymadı, çünki Dipendra silah kolleksiyası ilə tanınırdı.

Şam yeməyi Narayanhiti sarayının bilyard zalında keçirilirdi və tədbir ailəvi olduğu üçün orada mühafizəçilər yox idi.
Dipendra öncə atasına, krala atəş açdı. Saray xidmətçiləri sonradan deyirdilər ki, güllə səsini eşidəndə ailə üzvlərini xilas etmək üçün şüşə qapını sındırmağa çalışmışdılar. Atəş davam etdi və Dipendra bir neçə digər ailə üzvünü öldürdükdən sonra anasını axtarmaq üçün bağa çıxdı. Kiçik qardaşı Niracan ona yalvararaq “Bunu etmə, xahiş edirəm. İstəyirsən, məni öldür,” deyirdi. Dipendra da həm kiçik qardaşını, həm də anasını qətlə yetirdi.
Doqquz ailə üzvünü öldürdükdən sonra əmisi ona yaxınlaşıb, guya belə demişdi: “Artıq yetər, silahı ver”. Dipendra isə əmisini yaraladı və ardından silahı özünə tuşlayıb, atəş açdı.
Artıq kral sayılan Dipendra xəstəxanaya çatdırıldı və üç gün komada qaldı. 4 iyunda vəfat etdikdə, həmin gecə sarayda olmayan əmisi Gyanendra Nepalın sonuncu kralı oldu.
Ümumilikdə Dipendra doqquz ailə üzvünü öldürdü, dördünü yaraladı. Dipendra hələ komada ikən, regent səlahiyyətlərini icra edən Gyanendra bəyan etdi ki, ölənlər “avtomatik silahın ehtiyatsızlıq nəticəsində atəş açması” səbəbindən həlak olublar. Gyanendra sonradan bildirdi ki, bunu “hüquqi və konstitusion çətinliklər” səbəbindən deyib — çünki konstitusiyaya və ənənəyə görə Dipendra sağ qalsaydı, ona qarşı cinayət işi açıla bilməzdi. Hadisə ilə bağlı araşdırma aparıldı və Dipendra qətllərdə günahkar bilindi.
Vəliəhd Dipendra

Nepal kral qətliamının memarı — vəliəhd Dipendra 27 iyun 1971-ci ildə, atasının kral olmasından yeddi ay əvvəl doğulmuşdu. İlk və ali təhsilini Nepalda alsa da, yeniyetməlik illərində Böyük Britaniyadakı İton kollecində oxuyub. Bəziləri Dipendranın sözəbaxan uşaq olduğunu deyirdi, digərlərinə görə isə valideynləri kral öhdəlikləri ilə məşğul olduqları üçün ona diqqət ayırmayanda Dipendra şüvən qaldırır, hətta sadist meyllər nümayiş etdirirmiş. Sarayda 26 il xidmət etmiş birisi 2011-ci ildə belə demişdi: “Yəqin ki, uşaqlıqda görməli olduğu sevgini lap əvvəldən almayıb. Məncə, məsələ budur”.
Dipendranın silaha marağı da çox erkən yaşlarından başlayıb. İlk silahını səkkiz yaşında alıb. Nepal kral ailəsinin digər üzvləri də silah daşısa da, Dipendra doldurulmuş silahları otağında sanki paltarmış kimi ortalıqda qoyurdu. O, gün ərzində saatlarla atış məşqi edirdi; saray işçiləri və qonşular atəş səsinə artıq öyrəşmişdilər.
Şahzadə İton kollecində oxuyanda Nepalın ən varlı ailəsinə mənsub bir qızla, Devyani Rana ilə tanış oldu.

Onun üçün bu, ilk baxışdan sevgi idi. Lakin ailəsi bu münasibətə qarşı idi. Devyaninin ulu babası Rana sülaləsindən Nepalın son baş naziri, ana tərəfdən nənəsi isə Hindistanın keçmiş krali ailəsinə mənsub idi. Evliliyin Nepal kral ailəsinə kölgə salacağı və hətta xarici təsir altına düşürə biləcəyi ilə bağlı əndişə yarandı.
Devyaninin ailəsi çox varlı olsa da, kasta baxımından Nepal kral ailəsindən aşağı pillədə idi və bu səbəbdən gələcək kraliça rolu üçün yararsız sayılırdı. Şayiələrə görə, Devyaninin anası kraliça Ayşvaryaya belə demişdi ki, qızı son dərəcə lüks həyata alışıb və Nepal kral ailəsinə gəlin getməsi onun həyat səviyyəsini aşağı sala bilər. Kral Birendra da evliliyə qarşı idi və hətta Dipendraya xəbərdarlıq etmişdi ki, Devyani ilə evlənsə, taxt varisliyindən uzaqlaşdırılacaq.
2001-ci ilin iyunun 27-də Dipendranın 30 yaşı olacaqdı və ailəsi ona evlənməsi üçün təzyiq göstərirdi. Onun üçün iki qız seçmişdilər. Dipendra Nepal xalqı tərəfindən sevilən şəxs idi; münasib qıza evlənməklə Nepal taxtını təmin edəcəkdi.
2001-ci ilin may ayının sonlarında dərc olunan bir məqalə Dipendranın niyə hələ də evlənmədiyini və taxt varisliyi üçün gələcəyinin təhlükədə olub-olmadığını sorğulayırdı. Məqalədə Dipendranın 30 yaşına subay yaxınlaşan ilk Nepal şahzadəsi olduğu, xalqın isə onun toyunu “tezliklə və ən möhtəşəm şəkildə” bayram etmək istədiyi qeyd olunurdu.
Lakin Dipendra sevdiyi qadınla evlənə bilməyəcəksə, ümumiyyətlə evlənməməyə qərar vermiş kimi görünürdü. Bu və 1990-cı ildə baş vermiş konstitusiya dəyişikliyi, Nepal kral qətliamına aparan əsas motivlər sırasında göstərilir.
XX əsrdə Nepal siyasəti

1959-cu ilin əvvəlində Dipendranın babası, kral Mahendra Nepal üçün yeni bir konstitusiya qəbul etdi və Milli Məclisə ilk demokratik seçkilər keçirildi. 1960-cı ildə o, bu demokratik təcrübəni “uğursuz” elan edərək ölkəni “partiyasız” sistemlə idarə edəcəyini bildirdi. Bu sistem 30 il qüvvədə qaldı. Mahendra 1972-ci ildə öldü və oğlu (Dipendranın atası) Birendra kral oldu. Birendra 1980-ci ildə bəzi siyasi islahatlar etsə də, bu islahatlar avtoritar rejim və siyasi partiyaların fəaliyyətinin dayandırılması üzündən yaranmış narazılığı yatırmadı.
Gizli fəaliyyət göstərən siyasi partiyalar 1989-cu ildə ölkədə çoxpartiyalı demokratiyanı bərpa etmək üçün “Xalq Hərəkatı”nı başlatdılar. Dövlət buna cavab olaraq bir neçə partiya liderini həbsə atdı və 1990-cı ilin fevralında bütün müxalifət qəzetlərini qapatdı. Kral Birendra radio ilə xalqa müraciət edərək, monarxiya ətrafında birləşməyə və demokratik islahatları konstitusion yolla aparmağa çağırdı.
Lakin müraciət nəticə vermədi. Fevralın sonunda polis nümayişçilərə atəş açdı və on iki nəfər öldürüldü. Tələbələr polisə qarşı iğtişaşlarla etiraz etdilər, yüzlərlə adam həbs olundu. Aprelin əvvəlində Patan şəhərində yeni etirazçılar öldürüldü və bu hadisə paytaxt Katmanduda monarxiya əleyhinə təxminən 200 min nəfərlik etiraz aksiyası doğurdu.

Polis bu etirazçıların bir neçəsini güllələyərək öldürdü. Etirazların ən gərgin vaxtında bəzi polis əməkdaşları dissidentlərin dövlət əmlakını – baş nazirin avtomobilini və kral Mahendranın heykəlini – dağıtmasına sadəcə tamaşa edirdilər. Aprelin 8-də kral Birendra siyasi partiyalara qoyulan qadağanı götürdü.
Xalq Hərəkatının hazırladığı konstitusiya həmin ilin noyabrında qüvvəyə mindi. Kral Birendra hökumət qərarlarına görə məsuliyyəti əlindən verməyə məcbur oldu. Nepalın avtoritar monarxiyası konstitusiyalı monarxiyaya çevrildi.
Lakin bu islahatlar kifayət qədər irəli getmədi və Nepalda vətəndaş müharibəsinə (1996–2006) səbəb oldu. Bu müharibədə Nepalın kral hökumətinə Nepal Kommunist Partiyası (NKP) qarşı dururdu. NKP partizan müharibəsi taktikasından istifadə edirdi və kral ailəsinin güllələnməsi zamanı savaş davam edirdi.
Dipendranın sevdiyi qadınla evlənə bilməməsi ilə yanaşı, bəzi dairələrə görə o, atasına qarşı da həm də ona görə qəzəbli idi ki, ona miras qoyacağı monarxiya avtoritar yox, konstitusiyalı idi. O düşünə bilərdi ki, 1990-cı il Xalq Hərəkatından sonra çox böyük səlahiyyətlər əldən verildi və davam edən vətəndaş müharibəsi isə monarxiyanın ölkədə sabitliyi tam bərpa etmək gücündə olmadığını göstərirdi.
Nepal kral qətliamının nəticələri

2 iyunda qətliamın qurbanlarına dövlət səviyyəsində vida mərasimi keçirildi və Katmandudakı Paşupatinat məbədinin qarşısında kremasiya edildilər. Dipendranın əmisi Gyanendra 4 iyunda taxta çıxdı. Nepal xalqı kralın ölümünə inanmaqda çətinlik çəkirdi. “Avtomatik silahın təsadüfən boşalması” izahına heç kim inanmırdı və bəziləri yeni kralın qardaşının öldürülməsi üçün sui-qəsd təşkil etdiyini düşünürdü. Başqaları isə hökumətin həqiqəti ört-basdır etdiyini düşünürdü.
4 iyunda Katmandu komendant saatı tətbiq edildi. Buna baxmayaraq, iğtişaşlar baş verdi. Üç etirazçı güllələnərək öldürüldü. Növbəti gecə daha on dörd nəfər yaralandı, 460 nəfər isə komendant saatını pozduğuna görə həbs edildi.
Nepal Ali Məhkəməsinin sədri və parlamentin spikerindən ibarət iki nəfərlik komissiya bir həftə davam edən istintaq apardı və hesabat 14 iyunda dərc edildi. “Təsadüfi atəş” versiyası rədd edildi və bütün məsuliyyət Dipendranın üzərinə qoyuldu.
Lakin altı səhifəlik sinopsis şübhələri aradan qaldırmadı. Hesabatda toksikologiya, ballistika və yarılma (autopsiya) nəticələri kimi vacib məlumatlar yox idi. Dipendranın cinayət gecəsi nə çəkdiyi sadəcə “adı açıqlanmayan qara maddə” kimi qeyd olunmuşdu. Hesabat Dipendranın intihar etdiyini də açıq şəkildə bildirmirdi. London Şəhər Polisinin (Scotland Yard) kömək təklifi rədd edilmişdi. Nepal xalqı Dipendranın valideynlərini öldürməsinə inanmaqda çətinlik çəkirdi və rəsmi izaha güvənmirdi.

Gyanendranın hakimiyyəti pis başladı. Nepal xalqının ona qarşı əvvəlki kral Birendraya olduğu qədər rəğbəti yox idi. 2002-ci ilin mayında Gyanendra 1999-cu ildə seçilmiş parlamenti buraxan baş nazir Şer Bahadur Deubanın qərarını dəstəklədi. 2002-ci ilin oktyabrında isə Gyanendra Deubanı da vəzifədən azad edərək bütün səlahiyyətləri öz əlində topladı. 2002–2005-ci illər arasında o, üç baş naziri seçdi və ardınca azad etməklə, seçkilərin keçirilməməsi və NKP üsyançılarını dialoqa çağırması kimi səbəblər irəli sürdü. 1 fevral 2005-ci ildə Deuba ikinci dəfə vəzifədən azad ediləndən sonra, Gyanendra ölkənin mütləq hökmdarı olduğunu elan etdi və Nepalın 36 ay ərzində normallaşacağını vəd etdi.
Gyanendranın idarəetmə tərzi böyük qardaşınınkı ilə tam zidd idi. O, “sülh və effektiv demokratiya” vəd etsə də, dissidentlərə qarşı təzyiqlər artdı və vətəndaş azadlıqları məhdudlaşdırıldı. 2006-cı ilin aprelində NKP və yeddi siyasi partiyanın koalisiyası Gyanendranın hakimiyyətinə qarşı Katmanduda kütləvi etirazlar və tətil aksiyaları keçirdi. 5 apreldən etibarən etirazlara qarşı zor tətbiqi artdı və 24 apreldə azı 19 nəfər öldürüldü, min nəfərdən çox insan yaralandı.
21 apreldə Katmanduda yüz minlərlə insanın iştirak etdiyi yürüş günü Gyanendra siyasi hakimiyyəti xalqa qaytaracağını və yeddi partiyalı alyansdan (SPA) hökumət qurmağı xahiş etdiyini elan etdi. Lakin SPA və NKP bu təklifi qəbul etmədi. Üç gün sonra, 24 apreldə Gyanendra ləğv edilmiş Nepal Parlamentini yenidən bərpa etdi. SPA bunu qəbul etdi, amma NKP yox. Bununla belə, CPN-lə əlaqəli maoçu üsyançılar vətəndaş müharibəsində üç aylıq atəşkəs elan etdilər. 18 mayda yeni parlament kral Gyanendranı bir çox səlahiyyətlərindən məhrum etdi.
Gyanendra daha iki il formal dövlət başçısı kimi vəzifədə qaldı. Bu müddətdə keçid hökuməti daimi dövlət quruluşu yaratmaq və monarxiyanın ləğvinə hazırlıq işləri gördü. Nəhayət, 28 may 2008-ci ildə Nepal özünü federal demokratik respublika elan etdi və ölkə monarxiyası rəsmən ləğv olundu.
2001-ci il kral qətliamı Nepal monarxiyasının sonunu gətirdi. Nepal xalqı kral Birendranı qəbul edirdisə də, onun qardaşını qəbul etmədi. Vəliəhd Dipendranın törətdiyi bu hadisə 1918-ci ildə Rusiyada Romanovların qətlə yetirilməsindən bəri kral ailəsinə qarşı ən böyük qırğın oldu.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada