ATA ABDULLAYEV VƏ TAPILMAYAN TƏRCÜMƏÇİ

Müəllif: Orxan Əli (Lion, Fransa)

Əvvəllər də fərqində idim, amma məsələnin miqyasının bu dərəcədə böyük olduğunu və geridönməzlik nöqtəsindən uzaqlaşdığını ehtimal etmirdim.

Hər bir xalqın sağlamlıq indeksi var və sahib olduğu dəyərlər bu indeksə birbaşa təsir göstərir, onun “onurğa sütununu” formalaşdırır. Bəs, həmin dəyərlər necəhansı şəraitdə formalaşır? Bu proses şüuri, yoxsa qeyri-şüuri baş verir? Suallar çoxdur və hər biri ayrıca söhbətin mövzusudur, bu yazıda isə mən dəyərlər sistemimizin bilavasitə son “seçki təzahürlərinə” toxunacağam.

  1. Məqalədə yerləşdirdiyim, seçki məntəqələrindən birində çəkilmiş dörd dəqiqəlik videoda fərqli dəyərlərin daşıyıcıları üz-üzədir. Bir tərəfdən Ata Abdullayev, o biri tərəfdən Qiyas və səhv etmirəmsə, Bayram. Göründüyü kimi, deputatlığa namizəd Abdullayev – “azərbaycansayağı bolşevizmin” nümayəndəsi, ən azı bu məntəqənin ərazisində hakim olan dəyərlər sisteminin verdiyi əminliklə qarşı tərəfin üstünə yeriyir, onu təhqir edir, ərazidən çıxarmayınca sakitləşmir və hətta küçədə də dalınca söyməkdə davam edir. Qarşı tərəfin varlığı və hüquqlarının inkarında bu məlum şəxs tək deyil, məntəqə üzvləri hamılıqla ona dəstək olur. Çox narahatlıq doğuran haldır. Belə kollektiv “soft linçləmə” o deməkdir ki, cəmiyyətimiz bolşevikləşir, “bizdən olmayan məhvə məhkumdur” tendensiyası onun onurğa sütununa hopub. Tendensiya nə qədər güclü, sütun möhkəmdirsə, daşıyıcıların atdıqları addımlar da bir o dərəcədə inadlı və ləpirlidir. Video isə bu sütunun artıq nə qədər bərkidiyini aşkarcasına göstərir. Onu ayaqda tutan amillər bolşevizmin özündə cəmləşdirdiyi mənəvi və fiziki təzyiq, yalan, böhtan, yaltaqlıq, donos, həyasızlıq, şantaj kimi xüsusiyyətlərdir. Bu, mənim gəldiyim qənaət deyil, tarix bunu dəfələrlə sübut edib.
  2. Hakim dəyərlər sisteminin daşıyıcıları ya təmsil etdikləri sistemə çox inanır, ya da müasir elmin işlətdiyi mənada opportunist olub, “məndən sonra daşqın olsun, sel olsun, təki özüm qabağa gedim” təfəkkürü ilə yaşayır. Məqsədə aparan bütün yollar məqbuldur! Videoda gördüyümüz məlum şəxs seçilməsinə əngəl ola biləcək hər cür “ünsürlə” qanunlara və ədəb qaydalarına məhəl qoymadan, yapışdığını buraxmadan bildiyi və bilmədiyi dillərdə mübarizə aparır. Bəlkə, artıq ağlından deputat mandatı, millət məclisində oturub məmləkətin problemlərini həll etmək keçir. Niyə də yox? O parlament binası belələrini azmı görüb? Ancaq tarixin də göstərdiyi kimi, belələrinin məmləkət anlayışı öz bostanının çəpərləri ilə məhdudlaşır.
  3. Məlum şəxs videoda hay-küylə tərcüməçi axtarır. Əlbət, seçkilərin səffaflığı, hökumətin qayğısı nəticəsində özü kimilərinin hansı məqama yetişdiyini xaricilərlə bölüşmək istəyir. Yaxud məntəqədə xarici müşahidəçilərin olmasını “seçki planlarına” potensial əngəl kimi qavrayır, tərcüməçi vasitəsilə onları başqa yerə yönləndirməyə çalışır. Axtardığını tapmayınca Meksika nümayəndələrinə qəzəblənir: o boyda yolu gəlmisiniz, barı bir tərcüməçi də gətirərdiniz. Müşahidəçinin ingiliscə “hardansınız”, yəni hansı partiyadansınız sualını yanlış anlayaraq, “Mən Azərbaycandanam” deyir. Meksika parlamentinin üzvləri nə baş verdiyini anlamağa çalışırlar. Yəqin ki, gördüklərinin istər seçkilər, istərsə də Azərbaycan haqqında ilkin təsəvvürlərinə uyğun gəlmədiyi  üçün çaşqınlıq içindədirlər. Yeri gəlmişkən, Meksika Məclisi Xocalı soyqırımını tanıyan ilk dünya parlamentlərindəndir. Əgər bu da yalan deyilsə…

Əsas odur ki, namizədimiz daha ingilisdilli tərcüməçiyə ehtiyac duymasın və Azərbaycan həqiqətlərini, Milandakı kimi, bu dildə aləmə yaya bilsin. Bir də ki, bu gün-sabah ABŞ vətəndaşı olacaq bir namizəd üçün ingilis dilini bilməmək çox ziyan gətirər.