Azərbaycanın Rusiyaya qarşı cavab tədbirləri nə olacaq?
Ukraynaya silah embarqosu ləğv oluna, üçtərəfli bəyanatlardan imtina edilə bilər...
12 Avqust 2025
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım göstərmək üçün ölkənin Energetika nazirliyinə 2 mln. dollar məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan 2022-ci ildən, Rusiyanın təcavüzü başladıqdan sonra Ukraynaya davamlı olaraq humanitar yardımlar göndərib. Həmin il dəstəyin miqdarı 17.6 milyon təşkil edib. Bura dərman, qida, transformator və generatorlar daxil olub, həmin yardıma həmçinin valideynlərini itirmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyası üçün Azərbaycanda göstərilən xidmət də daxil olub.
Bu ilin fevralında Azərbaycan Prezidentinin göstərişi ilə Ukraynaya elektrik avadanlıqları üçün 1 mln. dollar, 2023-cü ilin iyulunda isə 7,6 mln. dollar ayrılıb. Azərbaycanın dost ölkəyə yardımlarının ümumi həcmi 2024-cü ilin sonuna 40 milyon dollar təşkil edib.
Budəfəki yardımın siyasi konteksti maraqlıdır. Azərbaycan-Rusiya münasibətlərində gərginliyin artması paralel olaraq Bakı-Kiyev münasibətlərinin yaxınlaşması, siyasi liderlər və diplomatlar arasında təmasların güclənməsi ilə müşayiət olunub. Bu qəbildən Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında avqustun 10-da keçirilən telefon danışığında müzakirə olunan mövzuların ictimailəşdirilməsi maraq doğurub. Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Xatırladaq ki, avqustun 8-də Rusiya ordusu Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus yanacaqdoldurma bazasına hücum edib. Zərbə “Şahed” tipli beş PUA ilə endirilib. Nəticədə yanğın baş verib, dizel boru xətti zədələnib. Hücum zamanı dörd əməkdaş ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib. Yanğın qısa müddətdə lokallaşdırılıb, hazırda təmir-bərpa işləri aparılır. Ukrayna hüquq-mühafizə orqanları zərbələrin məqsədli olduğunu bildirir.
Bu, son həftələrdə SOCAR-la bağlı obyektlərə edilən ikinci hücumdur. Daha əvvəl Orlovka yaxınlığında Azərbaycandan qaz qəbul etməli olan qazpaylayıcı stansiya da zədələnmişdi. Bu stansiya Azərbaycandan Ukraynaya tədarük edilən qazın marşrutunun əsas həlqələrindən biri hesab olunur.
Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum nəticəsində stansiyada ciddi struktur zədələnməsi yaranıb və qazın ötürülməsində fasilələr müşahidə edilir.
Xatırladaq ki, Rusiyanın “Birinci Kanal”ının tanınmış təbliğatçısı Ruslan Ostaşko avqust ayında Ukraynanın Odessa vilayətindəki Orlovka kompressor stansiyasına endirilən zərbəni “Moskvanın Bakıya siqnalı” kimi qiymətləndirib. Ostaşko iddia edir ki, Azərbaycanın Rusiya ərazisindən keçmədən, mövcud infrastrukturdan istifadə etməklə Ukraynaya qaz tədarükü cəhdləri “qəti şəkildə əngəllənəcək”.
Azərbaycan da qeyri-rəsmi şəkildə Rusiyanın bu təhdidlərinə cavab tədbirlərini anons edib və Moskvaya mesaj göndərib. Caliber.az portalının hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Moskva Azərbaycanın maraqlarına qarşı aqressiv siyasətini davam etdirsə, rəsmi Bakı hazırda arsenalında olan və üzərinə embarqo tətbiq etdiyi silahların Ukraynaya göndərilməsi məsələsini gündəmə gətirəcək.
Rusiya-Azərbaycan münasibətlərinin pisləşdiyi dövrdə rəsmi Bakı Kremldən gələn təhdid siyasətinə qarşı bir sıra adekvat addımlar atıb. Onlardan biri iyunun 28-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Ukraynanın “Naftogaz” şirkəti arasında ilk rəsmi qaz tədarükü sazişinin imzalanmasıdır. Tədarük “Trans-Balkan” dəhlizi üzərindən - Bolqarıstan, Rumıniya və Ukrayna marşrutu ilə həyata keçirilir. Saziş çərçivəsində ilkin olaraq gündəlik bir neçə milyon kubmetr qaz tədarük edilib. Ötürülən qaz həcmi böyük olmasa da, bu, Ukraynanın enerji diversifikasiyası və Rusiya qazına asılılığının azaldılması üçün əhəmiyyətli siqnaldır.
Qeyd edək ki, hazırda Ukraynanın qaz ehtiyatları 12 ilin ən aşağı səviyyəsindədir və qış mövsümünə hazırlıq üçün təxminən 13 milyard kubmetr əlavə qaz lazım gəlir. Bu baxımdan, Azərbaycan qazı, simvolik olsa da, strateji baxımdan böyük önəm daşıyır.
Azərbaycanın bu addımı, habelə Ermənistanla birgə Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinə dair bəyannamə qəbul etməsi, habelə sazişin paraflanması Moskvada qəzəb doğurub. Kreml təmsilçiləri, habelə ona bağlı təbliğat mediası Bakı və İrəvanı hədəf alan mesajlar səsləndirir.
Azərbaycan Prezidentinin Ukrayna lideri ilə Rusiyanın SOCAR-ın qaz infrastrukturuna endirdiyi zərbələri pisləməsi, ardınca Ukraynaya silah embarqosunun qaldırılacağına dair Moskvaya mesaj ötürməsi və dərhal Kiyevə humanitar yardım göndərməsi haqda sərəncam imzalaması Bakının geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Rusiya bu siyasətini davam etdirərsə, Azərbaycan rəhbərliyi ikitərəfli münasibətlərə aid məsələlərlə bağlı qərarlar qəbul edə bilər. Bu kontekstdə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanmış üçtərəfli bəyanatlardan Azərbaycanın çıxması da mümkündür. Vaşinqton sammitindən sonra onsuz da bu bəyanatlar siyasi əhəmiyyətini itirib, onlardan rəsmi imtina olunması Moskvaya anlamlı simvolik mesaj olar.
Gərginliyin permanent şəkildə yüksəldilməsi isə hətta Azərbaycanın 2022-ci ilin 22 fevralında imzalanmış Qarşılıqlı yardım və Müttəfiqlik haqqında Birgə Bəyannamədən birtərəfli qaydada çıxması ilə nəticələnə bilər.
Turqut