
Nağıl və gerçəkliyin kəsişən yolları
Erməni rejissorun Azərbaycan dastanı əsasında filminin gecikmiş təqdimatı
21 İyun 2025
PRESS KLUBDAN: Bu yaxınlarda Tbilisidə hər üç Qafqaz respublikasına aidiyyatı olan, bir az da siyasi mahiyyət kəsb edən (indi nəyin siyasi mahiyyəti yoxdur ki?) maraqlı mədəniyyət hadisəsi baş verdi. “Amirani” kinoteatrında Azərbaycan, Gürcüstan, Ermənistanın ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “Aşıq Qərib” filminin təqdimatı oldu.
Burada “maraqlı” olan nədir?
Əvvəla, təqdimat düz 37 il gecikib. O qədər gecikib ki, “Aşıq Qərib”in yaradıcılarının əksəriyyəti, o cümlədən rejissor Sergey Paracanov, operator Albert Yavuryan, aktyorlar Sofiko Çiaureli, David Abaşidze, Siyavuş Aslan və bir sıra başqaları artıq həyatda yoxdurlar. Film üzərində iş yekunlaşanda Qarabağ münaqişəsi başlamışdı və bir erməni rejissorun Azərbaycan dastanının motivləri əsasında film çəkməsi, azərbaycanlı bəstəkarın da ona musiqi yazması çox adamı qıcıqlandırırdı. Bu baxımdan, indiyədək izlənilməsi yalnız YouTube-da mümkün olan filmin geniş ekrana çıxarılması, bəlkə də, Qarabağ münaqişəsinin bitməsinin, yaxud bitməyə yaxın olmasının əlamətlərindən sayıla bilər.
İkincisi, filmin heyətindən azərbaycanlı bəstəkar Cavanşir Quliyevin, gürcü rəssamı Georgi Mesxişvilinin və erməni kinoşünası, Paracanovun dostu Qaregin Zakoyanın Tbilisiyə gəlməsi, filmin nümayişindən sonra tamaşaçılarla iki saatdan artıq görüş keçirməsi çox yaddaqalan oldu.
Və nəhayət, üçüncüsü, nəinki Ermənistan-Azərbaycan münaqişəsinin, ümumiyyətlə münasibətlərinin tarixində belə birgə tədbir çətin yada gəlir. Bakı və Yerevan Press klublarının, Britaniyanın İnternational Alert qurumunun onu məhz Tbilisidə təşkil etməsi isə indiki məqamda həm də rəmzi məna daşıyır.
***
İllər boyu diyar-diyar gəzən Aşıq Qərib sevgilisi Magul Migeriyə qovuşmaq üçün yola çıxır. O, çantasına yığdığı nəğmələrlə, ruh zənginliyi ilə evinə dönür. Yolda dinlər, dillər, rənglər dəyişir, amma qəlbindəki sevgi dəyişmir. Ən sonda yorğun, tozlu ayaqları onu doğma şəhərinə çatdırır. Dəyişən dünyada yalnız bir şey sabitdir: Magul Migerinin sədaqəti.
“Mən gəlirəm, Magul... səni unutmadım”
Sergey Paracanovun “Aşıq Qərib” filmi həm Qafqaz mədəniyyətinin, həm də dünya kinematoqrafiyasının incilərindəndir. 1988-ci ildə lentə alınmış bu film, xalq dastanına əsaslanmaqla yanaşı, Paracanovun özünəməxsus üslubu və simvolikası ilə yeni bir estetik qat yaradır. Azərbaycan folklorunun motivlərindən doğan “Aşıq Qərib” təkcə sevgi hekayəsi deyil – o, həm də kimlik və azadlıq axtarışının vizual ifadəsidir.

“Yeddi yaşım olanda anginadan xəstə yatırdım və anam mənə Lermontovun “Aşıq Qərib” adlı nağılını oxuyurdu. Bu nağıl o qədər də məşhur deyil, məktəblərdə tədris olunmur. Qafqazda bir türk qadın bu nağılı Puşkin qədər böyük şair olan Lermontova danışıb. Lermontovun yazdığı məni uşaq ikən dərin təsirləndirdi. Xatırlayıram, ağlamışdım. Ağlamışdım, çünki Mağul Migeri sevdiyi adamı gözləyirdi. Amma başqa bir kişi ilə evlənməli idi və özünü öldürmək istəyirdi. Sevgisinə xəyanət etməmək üçün xəncəri və zəhəri seçmişdi. Ancaq sonda Aşıq qayıdır. Hekayət Amerika filmlərində olduğu kimi xoşbəxt sonluqla bitir.” (Sergey Paracanov)
Tarkovskinin təsirindən yaranmış unudulmaz əsərlər
Bu filmin Tarkovskinin xatirəsinə həsr olunması təsadüfi deyil. Paracanovun dostuna dərin hörmətinin və minnətdarlığının ifadəsidir. Tarkovski çıxışlarında Paracanovun yaradıcılığını yüksək qiymətləndirir və onun filmlərini sevə-sevə izlədiyini bildirir, düşüncə tərzini, paradoksal poetik yanaşmasını və gözəlliyə olan sevgisini xüsusi vurğulayır.
Paracanov 1960-cı illərdə Tarkovskinin yaradıcılığından təsirlənib. Onun ilk filmi olan "İvanın uşaqlığı"nı (1962) izlədikdən sonra sosialist realizmi üslubundan imtina edib, daha poetik və vizual effektlərlə zəngin estetikaya yönəlib. Bu, rejissorun "Unudulmuş əcdadların kölgələri" (1965) və "Narın rəngi" (1969) kimi filmlərində əksini tapıb.
Musiqisiz çəkilmiş filmin musiqili həyatı
Cavanşir Quliyev deyir ki, "Aşıq Qərib" filminin ilkin montajı və səsləndirilməsi mərhələsində rejissor onun musiqi tərtibatı üzərində düşünməyə başlayıb. Birinci müraciət etdiyi erməni bəstəkar Alfred Terteryan olub, amma onun film üçün hazırladığı “tacik musiqisinə bənzər” musiqi Paracanovu təmin etməyib. İkinci dəfə o, gürcü bəstəkarı Giya Kançeliyə təklif verib. “Mən Şərq musiqisini bilmirəm”, - deyə Kançeli imtina edib.
Paracanov bəstəkar axtarışını Bakıda davam etdirib. Kinostudiyada ona Cavanşir Quliyevlə danışmağı məsləhət görüblər.
Rejissoru Cavanşir Quliyevlə tanış edirlər.
“Barmağını uzadıb: "Sən mənə musiqi yazacaqsan!" - dedi. Belə müraciət əvvəlcə bir az mənə toxundu. "Bəs məndən işləmək istəyib-istəməmədimi soruşmayacaqsınız?" deyə cavab verdim. Paracanov zarafat etdiyini bildirdi, materialın tam hazır olmayan montajına baxdıq və razılaşdıq”. (Cavanşir Quliyev)
Rejissorun bəstəkardan əsas tələblərindən biri Alim Qasımovun səsindən mütləq istifadə etmək olub. Cavanşir Quliyev aşıq musiqisinin və muğam yaradıcılığının çox fərqli olduğunu Paracanova nə qədər izah etsə də, o fikrini dəyişməyib.

Filmin əvvəlindən axırınadək davam edən ecazkar musiqi ağlasığmaz dərəcədə qısa müddətə - iki həftəyə ərsəyə gəlib. Cavanşir Quliyev, Paracanovun istədiyi kimi, klassik musiqi ilə aşıq musiqisini və muğamı sintez edərək, öz-özlüyündə ecazkar əsər yaradıb.
“Mən istedadlı bir azərbaycanlı bəstəkar tapdım. O, nə istədiyimi çox yaxşı başa düşdü. Bu iş çox çətin idi. Mən ona bir sıra mürəkkəb tapşırıqlar verdim, amma hamısının öhdəsindən gəldi. Biz hətta Avropa musiqisindən də istifadə etdik: “Ave Maria”, Şubert, Qlyuk, “Passion” (Passiya) motivləri... Musiqi çox axıcı oldu, qədim hekayətə müasir bir toxunuş əlavə etdi. Biz istədik ki, Avropa tamaşaçıları “Ave Maria” ilə müsəlman dünyası arasında əlaqə qura bilsinlər”. (Sergey Paracanov)
Cavanşir Quliyev deyir ki, filmdə aşıq havalarından gen-bol istifadə edib.
“Aşıq musiqisi olmadan bu film də olmazdı. Çünki “Aşıq Qərib” bizim ən böyük aşıq dastanlarımızdandır”.
Bəstəkar filmdə erməni və gürcü həmkarları ilə yanaşı, çox istedadlı və tanınmış azərbaycanlı aktyorların da oynadığını xüsusi qeyd edir: Rasim Balayev, Səyavuş Aslan, Nurəddin Mehdixanlı, Əminə Yusifqızı, Sadıq Hüseynov, Ramiz Məlikov, Nəcibə Hüseynova...
Simvollarla dolu vizual poeziya
Filmin ssenarisinin Lermontovun hekayəsindən törədiyi deyilir. Paracanovun rus şairin adından istifadə etməsinin öz mənası var, ssenarinin əsasında isə klassik xalq ədəbiyyatı nümunəsinin dayandığı aşkardır. Bununla belə rejissor onu realist deyil, simvolik bir dildə təqdim edir. Obyektiv zaman anlayışı pozulur, məkanlar dəyişkən və fantastik görünür, personajlar isə daha çox rəmzlər kimi çıxış edir. Bu üslub, nağılı nəql olunan hekayədən çox, hiss edilən bir duyğuya çevirir.
Filmin vizual dili musiqi qədər təsirlidir – hər kadr sanki rəngli bir xalça kimi toxunur, nağılın ruhunu canlandırır. Sergey Paracanovun “Aşıq Qərib” filmi təkcə bir məhəbbət dastanın ekranlaşdırılması deyil, həm də Qafqaz xalqlarının mədəniyyətini, musiqisini və ruhunu vizual poeziya dili ilə təqdim edən bənzərsiz sənət nümunəsidir.
Mədəni qatlar və identiklik
Film boyunca Azərbaycan mədəniyyətinə, musiqisinə, geyimlərinə, ornamentlərinə və ənənələrinə böyük diqqət yetirilir. Lakin Paracanov bunları sadəcə sənədləşdirmir, poetik dillə yenidən yaradır. Aşıq Qəribin sazla səyyah kimi dolaşması həm sevgi uğrunda mübarizəni, həm də öz köklərinə – kimliyinə doğru daxili bir səfəri təmsil edir. Bu mənada, film həm folklorun qorunması, həm də onun bədii transformasiyasıdır.
Hər kadr – bir rəsm əsəri
Ekranda tez-tez rast gəlinən güzgülər, qırmızı və qızılı tonlar, dinə və folklora bağlı rəmzlər, toxuculuq sənətinə istinadlar filmə həm yerli, həm də ümumbəşəri kontekst verir.
Güzgü – insanın daxili aləmini və özünü tanıma prosesini simvolizə edir.
Səssiz baxışlar – hisslərin sözsüz ifadəsinə imkan yaradır.
Rəqslər və hərəkətsiz fiqurlar – zamanın donduğu, məkansız bir mifoloji aləmi xatırladır.
Rənglərin və kompozisiyanın dili
“Aşıq Qərib” filmində rənglər və kompozisiya sadəcə estetik elementlər deyil – onlar filmin əsas danışan dilidir. Vizual ifadə vasitələri ilə nağıl atmosferi qurulur, emosional vəziyyətlər çatdırılır və simvollar yaradılır. Burada rəng tonlarının hər birinin xüsusi mənası var:
Qırmızı – sevgini, ehtirası və təhlükəni simvolizə edir. Məsələn, Magul Migerinin geyimində və otağında bu rəngdən tez-tez istifadə olunur, onun daxili yanğısını və məhəbbətinin gücünü vizual şəkildə tamaşaçıya çatdırır.

Ağ – paklıq və ilahi ruh halını ifadə edir. Aşıq Qəribin dönüş səhnəsində onun ruhən təmizlənmiş halda geri qayıtmasını göstərmək üçün bu rəng ön plana çıxır.
Qara və boz tonlar – ölüm, ayrılıq və sıxıntı hissini çatdırır. Məsələn, qəbiristanlıq və ya qəriblik səhnələri bu tonlarda qurulub.
Sükutun səsi
Filmdə dialoq azdır. Hətta Azərbaycan dilində gedən danışığın da çox hissəsi tərcümə olunmur. Paracanov vizual dili və musiqini önə çıxarır. Aşıq musiqisi, xalq havaları və səssizlik anları bir yerdə tamaşaçının duyğularına təsir edir. Sanki zamanla əlaqəsini itirmiş bir nağıl dünyasının içində yola çıxırsan.
Simmetriya və teatrallıq
Paracanov çox zaman statik planlar və tabloya bənzər tərtibatlardan istifadə edir. İnsan fiqurları miniatür rəsm əsərlərində olduğu kimi simmetrik şəkildə düzülür. Məsələn, Aşıq Qəribin anasının qarşısında diz çökdüyü səhnə belədir: mərkəzdə Aşıq, iki tərəfdə isə dua edən qadın fiqurları – bu, təkcə bir dramatik anın deyil, eyni zamanda vizual duanın təsviridir.

Aşıq Qəribin yola düşərkən götürdüyü saz həm hekayəni nəql etmək üçün vasitədir, həm də onun kimliyinin simvoludur.
Təbii və süni mühitin sintezi, zaman-məkan qavrayışı
Təbii landşaftlar – dağlar, çaylar, açıq səma – mistik və poetik şəkildə süni dekorlarla qarışdırılır. Beləcə, real məkanlarla xəyal arasında sərhədlər pozulur.
Bu, xüsusilə “Dağ keçidi” səhnəsində hiss olunur – real dağ relyefi fonunda süni güllər və parlaq detallardan ibarət səhnə qəhrəmanın daxili aləmini əks etdirir.
Filmdə konkret zaman axını da yoxdur – epizodlar bir-biri ilə məntiqi ardıcıllıqla yox, tematik və ya vizual bağlarla əlaqələndirilir.
Azad sənət, siyasi kontekst
Filmin çəkildiyi dövr SSRİ-nin son illəri idi. Paracanov uzun müddət rejim tərəfindən təqib olunmuş, həbs edilmişdi. “Aşıq Qərib” sürgün və qadağalardan keçmiş rejissorun axırıncı filmi oldu. Bundan çıxış edib deyə bilərik ki, o, təkcə bir folklor adaptasiyası deyil, həm də rejissorun daxili azadlıq, yaradıcılıq və mənəvi qurtuluş barədə özünəməxsus bəyanatıdır.
“Mən nə bir məktəb yaratmaq, nə də kiməsə nəyisə öyrətmək istəmişəm”, - deyirdi Paracanov. Nifrət püskürənlərə “sevgi ilə qisas almağın” nümunəsini göstərir, möcüzə axtaranlara xatırladırdı: “Həyatda möcüzə yoxdur, yalnız sevgi var”.
“Aşıq Qərıb” görkəmli sənətkarımız, filmin bəstəkarı Cavanşir Quliyevin Tbilisidə tamaşaçılarla görüşdə belə bir sevgi haqqında söylədiyi kimi, daxili münaqişəsiz üç Qafqaz respublikasının kino və musiqi ustalarının nələr yaratmağa qabil olduğunu nümayiş etdirən hələlik nadir sənət əsəridir.
Müəllif: Nərgiz Abbasova