Əliyev-Paşinyan görüşü: diqqət mərkəzində olanlar və gözdən qaçanlar
05 Avqust 2025
10 iyulda Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə baş tutan görüşü bölgədə sülh gündəliyinin irəliləməsi baxımından diqqət mərkəzinə çevrildi. Hər iki ölkənin iştirakı ilə keçirilən, beş saatdan çox davam edən geniş tərkibli və təkbətək danışıqlar bu dəfə vasitəçisiz formatda baş tutması ilə əvvəlki görüşlərdən fərqlənirdi. Görüşün nəticələri və müzakirə olunan mövzular Azərbaycan mediasında geniş işıqlandırıldı və müxtəlif rakurslardan təhlil olundu.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərində planlaşdırılan görüşü barədə ilk məlumat "Middle East Eye" saytında dərc olunmuşdu. Lakin sayt öz mənbələrinə əsaslanaraq, görüşün Dubayda keçiriləcəyini yazmışdı.

Görüşdən bir gün əvvəl isə tərəflər görüşün yeri və tarixi ilə bağlı rəsmi açıqlama yaydılar.
Azərbaycan auditoriyası bu görüş barədə yetərincə məlumat əldə etdimi? Bu sual ətrafında, üç media qurumunun fəaliyyətinə əsaslanaraq təhlil aparmağa çalışacağıq. Hakimiyyətə yaxın Report.az saytı hadisənin baş verdiyi məkana — Əbu-Dabiyə öz müxbirini ezam etməklə prosesi birbaşa yerindən işıqlandırmaq imkanı əldə edib. İctimai TV ictimai maraqlara əsaslanan yayım prinsiplərini rəhbər tutmalıdır və bu kontekstdə onun yanaşması da ayrıca dəyərləndiriləcək. Azadlıq Radiosunun Azərbaycanca buraxılışı isə müstəqil və tənqidi media mövqeyi ilə fərqləndiyi üçün xüsusi maraq doğurur.
Global Media Group-a daxil olan Report İnformasiya Agentliyi Əbu-Dabi görüşünə geniş yer ayırıb. Görüşdən əvvəl Report.az həm Azərbaycan Prezidentinin, həm də Ermənistan Baş nazirinin Əbu-Dabiyə səfəri ilə bağlı xəbərlər yayımlayıb və hər iki liderin hava limanında çəkilmiş fotolarını dərc edib.

Görüş başa çatdıqdan sonra Report.az sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparıldığı barədə məlumat verdi.
Azərbaycan tərəfinin yaydığı mətbuat açıqlamasında isə nə Zəngəzur dəhlizi, nə də sülh sazişinin paraflanması ilə bağlı məlumat yer almadı.
“İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.”- məlumatda qeyd edilib.
Lakin İlham Əliyev Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Zəngəzur dəhlizinin, Nikol Paşinyan isə keçirdiyi mətbuat konfransında sülh müqaviləsi mətninin paraflanmasının tərəflər arasında müzakirə olunan məsələlər sırasında olduğunu təsdiqləyiblər. Liderlərin açıqlamasına Report.az saytında yer verilib.
Qeyd edək ki, hər iki lider Əbu-Dabi görüşü barədə ilk dəfə danışıblar.


İnformasiya agentliyi, görüşdən sonra Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın danışıqların uğurlu keçdiyi barədə açıqlamasına, eləcə də Baş nazir Nikol Paşinyanın mətbuat konfransında Əbu Dabi görüşünün müsbət nəticələr verə biləcəyi ilə bağlı söylədiklərinə də yer ayirib.


Report.az eyni zamanda III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Əbu-Dabi görüşünün konstruktivliyi haqqında söylədiklərinə də yer verib.
Saytda həmçinin Əbu-Dabi görüşünün əhəmiyyəti və münasibətlərin normallaşması ilə bağlı müzakirələrin ikitərəfli formatda davam etdirilməsinin proses üçün daha səmərəli olacağına dair fikirlərini bölüşən azərbaycanlı siyasi şərhçilərin və millət vəkillərinin rəylərini əks etdirən məqalələr yayınlanıb.
Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşün Aİ, ABŞ, BMT və Türkiyə tərəfindən müsbət qarşılanması, eləcə də bu istiqamətdə verilən mesajlar Report.az tərəfindən ictimaiyyətə təqdim olunub.

Amma Report İnformasiya Agentliyi görüşdən sonra nə erməni siyasi şərhçilərin, nə də hər hansı xarici ekspertin fikirlərinə yer verməyib.
Buna qarşılıq, "Azadlıq Radiosu" (RFE/RL Azərbaycan bürosu) görüşlə bağlı YouTube kanalında 3 dəqiqə 32 saniyəlik video material yayımlayıb. Radio həm azərbaycanlı, həm də erməni siyasi şərhçilərin fikirlərini təqdim edib. Ermənistan tərəfindən Paşinyanın tərəfdarı mövqeyi ilə tanınan Ruben Mehrabyan görüşü uğurlu adlandırsa da, onun fikrincə, bunu ciddi dönüş nöqtəsi kimi dəyərləndirmək hələ tezdir. Azərbaycan tərəfindən isə Şahin Hacıyev çıxış edib. Hacıyev görüşün ABŞ və Türkiyənin təşəbbüsü ilə baş tutduğunu bildirib, lakin bu, tərəflərin rəsmi açıqlamaları ilə üst-üstə düşmür. Hər iki tərəf görüşün qarşılıqlı razılaşma nəticəsində baş tutduğunu rəsmi şəkildə bəyan edib.

İctimai TV, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşün önəmli məqamlarını ilk dəqiqələrdən etibarən sosial media hesablarında izləyicilərlə bölüşüb. Kanalda çıxış edən siyasi şərhçilər görüşü konstruktiv və müsbət addım kimi dəyərləndiriblər.
Həmin gün İctimai TV-yə açıqlama verən millət vəkili Hikmət Babaoğlu isə görüşü “tarixi” adlandırıb. Onun fikrincə, bu il Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət edərək Minsk Qrupunun ləğvini gündəmə gətirə bilərlər.
Siyasi şərhçi Elxan Şahinoğlu da İctimai TV-yə verdiyi açıqlamada bu görüşün tərəflərin artıq vasitəçilərə ehtiyac duymadığını sübut etdiyini bildirib.
İctimai TV-yə danışan millət vəkili Rasim Musabəyovun fikrincə, tərəflər Əbu-Dabidə yol xəritəsini müəyyən ediblər. Onun sözlərinə görə, sülh sazişinin paraflanması çətin bir iş deyil. Musabəyov hesab edir ki, Minsk Qrupunun ləğvi ilə bağlı qərar qəbul edildikdən sonra sənədin paraflanması da həyata keçirilə bilər.
İctimai TV görüşlə bağlı hazırladığı xəbərlərdən birində liderlər arasında Əbu-Dabidə keçirilən görüşü indiyədək baş tutan da ən konstruktiv görüş kimi qiymətləndirib:
“Bu vasitəçilərsiz ilk görüş deyil, amma ən mühümdür,”- deyilib.

İctimai TV-nin "Diqqət Mərkəzində" adlı verlişində çıxış edən millət vəkili Hikmət Babaoğlu Əbu-Dabi görüşündə müzakirə olunan əsas mövzulardan biri kimi tərəflər arasında etimadın yaradılması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əvvəllər üçüncü ölkələrdən buna bənzər təşəbbüslər olsa da, Qarabağ münaqişəsinin həll olunmaması həmin səylərin uğursuzluqla nəticələnməsinə səbəb olub. Millət vəkili hesab edir ki, hazırda bu istiqamətdə real şans mövcuddur. Onun fikrincə, sülh sazişinin mətni də paraflanmağa tam hazırdır.
İctimai TV-də Əbu-Dabi görüşü ilə bağlı müzakirələrə geniş yer ayrılsa da, Ermənistan tərəfinin mövqeyi kifayət qədər əks etdirilmədi və Ermənistanın siyasi şərhçilərin fikirləri ilə bağlı hər hansı məlumat verilmədi.
Görüşün qeyd edilən media orqanlarında geniş şəkildə işıqlandırılması Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ictimai rəyi müsbət yöndə formalaşdırmaq üçün vacib addımdır. Bununla belə, yerli media qurumlarının Ermənistandan olan siyasi şərhçilərin fikirlərinə yer verməməsi mesajın hər iki cəmiyyətə dolğun şəkildə çatdırılması baxımından çatışmazlıq kimi qiymətləndirilə bilər. Eyni zamanda, görüşün üçüncü ölkələrin təşəbbüsü ilə keçirildiyinin vurğulanması və bu məlumatın tərəflərin rəsmi açıqlamaları ilə uzlaşmaması xəbərin hazırlanmasında dəqiqliyin yetərincə təmin olunmadığını göstərən nüanslardan biri idi. İki dövlətin və bütövlükdə regionun gələcəyini müəyyən edən bu cür həssas məqamlarda material hazırlayan media qurumları bütün maraqlı tərəflərin rəsmi nümayəndələrinin və ekspertlərinin mövqelərinə də yer versələr, daha düzgün olar. Hər iki cəmiyyətin proseslə bağlı dolğun və obyektiv məlumat alması, müqayisəli təhlilin aparılması imkanı və informasiya balansının qorunması təmin edilər.
Könül Şahin