Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Rəhbərin 4-cü arvadı: repressiya və qətllər, ölüm hökmü, intihar...
Dülgər qızı necə “xanım Mao” oldu?

Onun tarixdəki rolu haqqında adətən belə deyirlər: Mao Tszedunu nəzərə almasan, “Mədəni inqilab” dövründə ən çox zorakılıq törədən adam olub. Məşhur Çin diktatorunun dördüncü həyat yoldaşından bəhs edirik. 

Aktiv siyasi fəaliyyəti dövründə Jiang Qingin təxminən 1,5 milyon insanın qətlində əli olub. 

Çinin ən qəddar qadınının həyatı 1991-ci il mayın 14-də, xəstəxana tualetində intihar etməsi ilə başa çatdı. Onun ölümü iki həftədən çox gizli saxlanıldı, sonra isə bu hadisə Mədəni inqilabın simvoluna çevrildi. Onun adı ayrılmaz surətdə iğtişaş, zorakılıq və şəxsiyyətə pərəstişə xidmətlə bağlıdır.

Gələcək “xanım Mao”nun uşaqlığı

Jiang Qing 1914-cü ildə Lyu Yunhe adı ilə anadan olub. Onun anası qəddar bir dülgərin ikinci arvadı idi. Ailədaxili zorakılıq hadisəsindən sonra anası qızını götürüb, əvvəl Tyantszinə, sonra isə Tsinana qaçdı. Daha sonra artıq böyümüş Jiang Qing Sinadaoya köçərək, universitetə daxil oldu.

Təhsilini başa vurduqdan sonra siyasət və aktyorluq sənəti ilə məşğul oldu. 1933-cü ildə Kommunist Partiyasına üzv oldu və 1930-cu illərdə Şanxay və Pekində Lan Pin təxəllüsü ilə səhnə və kino aktrisası kimi çıxış etdi. 1937-ci ildə Şanxay yaponlar tərəfindən işğal edildikdən sonra şəhəri tərk edərək, kommunistlərin Yanyan yaxınlığındakı bazasında məskunlaşdı. Burada Lu Sin İncəsənət Akademiyasında müəllimlik etdi. Təxminən elə həmin dövrdə ömrünün sonunadək istifadə edəcəyi Jiang Qing adını götürdü.

Mao ilə tanışlıq və siyasətə gəlişi

Yanyan ətrafında yaşadığı dövrdə Jiang Qing Mao Tszedunla münasibət qurdu. Bu münasibət qalmaqallı idi — o dövrdə Mao üçüncü dəfə evli idi və eyni zamanda inqilabi mübarizə aparırdı. Amma Qingi heç nə narahat etmirdi, hətta Maonun ondan iki dəfə böyük olması da. Cütlük 1938-ci ildə evləndi, bir şərtlə ki, Jiang Qing 20 il siyasətdən uzaq duracaq. 

İlk illərdə bu şərtə əməl etdi, lakin “Böyük sıçrayış” fiaskosundan sonra əri təcrid olunanda, Jiang Qing onun etibarlı şəxslərindən birinə çevrildi və nüfuzunun bərpası üçün strategiya hazırlamaqda yardım etdi. Bu andan etibarən o, Mərkəzi Təbliğat İdarəsində və Mədəniyyət Nazirliyində mühüm vəzifələr tutdu və Maonun planlarını həyata keçirməyə kömək etdi (Böyük sıçrayış fiaskoya uğrayanda zatən şərtlənən 20 il keçmişdi - Press klub).

1966-cı ilin mayında xanım Mao “Mədəni İnqilab” qrupunun sədr müavini oldu və on il ərzində Çinin ən nüfuzlu şəxslərindən biri sayıldı.

“Mən sədr Maonun iti idim — kimi dişləməyi əmr edirdisə, onu da dişləyirdim”, - Jiang Qing həmin dövr haqqında belə deyirdi. 

Bu ifadə əslində bəraət cəhdi kimi səslənirdi. Maonun göstərişləri olmasa belə, Jiang Qing “Mədəni inqilab”ın zorakılığının təcəssümünə çevrilmişdi.

Jiang Qing öz nüfuzunun zirvəsində, ölkənin mədəni həyatına tam nəzarət etdiyi dövrdə inqilabi Qırmızı qvardiya gənc qruplarının (xunveybinlər - Press klub) hay-küylü çıxışları sayəsində xalq arasında tanındı. 

Hesab olunur ki, “Mədəni inqilab”ın özü Jiang heç maraqlandırmırdı —əsas məqsədi vaxtilə ona pislik etmiş insanlardan qisas almaq idi. 

Belə bir fikir havadan yaranmamışdı. Jiang Qing ilk növbədə Çin teatrında islahatlara başladı, daha sonra isə köhnə düşmənlərini izləyərək, dövlət qurumlarını onlara qarşı yönləndirdi. O, həmçinin radikal baxışlara malik tələbələrlə aktiv şəkildə manipulyasiya edir, onların hər cür ifrat hərəkətlərini — Çinin hər yerində məbədlərin və mədəniyyət abidələrinin dağıdılmasını — təşviq edirdi. Jiang Qingə xidmət edən dəstələr, hər hansı formada Mao ideyalarına qarşı çıxan mədəniyyət xadimlərini işgəncəyə məruz qoyur və öldürürdülər. Belələrinin bir çoxu da ağır katorqa işlərinə göndərildilər. 

Jiang Qingin süqutu, həbsi və həyatının son illəri

Jiang Qingin süqutu olduqca sürətli və xeyli qəfil baş verdi. 1976-cı ilin sentyabrında Mao öldükdən sonra, Çin Xalq Respublikasının banisinin varisi olacaq məşhur “Dördlər qrupu” “Oktyabr çevrilişi” deyilən hadisə nəticəsində devrildi.

Yeni hökumət Jiang Qingi həbs etdi — bu xəbər cəmiyyətdə coşqu və sevinc dolu reaksiya doğurdu, insanlar küçələrə çıxaraq bayram etdilər. Onun və “Dördlər qrupu”nun  digər üzvlərinin üzərində keçirilən məhkəmə prosesi Den Syaopinin hakimiyyətə uğurla gəlməsinin mühüm hissəsinə çevrildi. Bu addımlar “Mədəni inqilab”ın tərəfdarlarını aradan qaldırmağa və Çinin inkişafının yeni yolunu müəyyən edən iqtisadi islahatların əsasını qoymağa kömək etdi.

1980-ci ilin noyabrında Jiang Qingin məhkəməsi baş tutdu. Bu, daha çox təbliğat aktı idi, nəinki gerçək məhkəmə — nəticəsi əvvəldən məlum idi. İttiham aktı 20 min səhifədən ibarət idi, minlərlə cinayət dəqiqliklə təsvir olunurdu, amma Jiang Qingin onlardakı rolu naməlum səbəblərdən az-az dəqiqləşdirilirdi. İki ay keçirilən proses zamanı Jiang Qing hakimi “faşist” adlandırır, öz başının kəsilməsini təklif edirdi. Bundan əlavə, tez-tez inqilabi şüarlar səsləndirdiyinə görə onu məhkəmə zalından çıxarırdılar.

Əvvəlcə ona ölüm hökmü verildi, lakin icrası iki il təxirə salındı. 1983-cü ildə hökm rəsmən ömürlük həbslə əvəzləndi.

Xanım Mao 14 il həbsdə qaldı, 1991-ci ildə onda onkoloji xəstəlik aşkarlandı. Səhhətinə görə xəstəxanaya köçürüldü və 1991-ci il mayın 14-də orada özünü asdı. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada