“İran ya iki dövlətli federasiyaya çevriləcək, ya da Güney Azərbaycan...”
Pezeşkian azərbaycanlıların etnik kimliyini dərk etməsi nəticəsində formalaşan şəxsiyyətdir
07 Avqust 2025
İranda hələ də Azərbaycana münasibətdə qəti mövqe formalaşmayıb.
Bir neçə gün əvvəl Zəncan vilayətində çıxış edən İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian region ölkələri, xüsusilə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və müsəlman dövlətlərinin birliyinə çağırıb.
“Biz birgə hərəkət etməliyik. Ətrafımızdakı bütün müsəlmanlarla birlikdə. Əgər biz bir yerdə olsaq, onlar (digərləri) yaxınlaşa bilməzlər”, –o bildirib.
Bakı ilə münasibətlərdən danışan Pezeşkian qeyd edib ki, əvvəllər Azərbaycanın mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib, lakin o, şəxsən bu ölkədə olub və Azərbaycan əhalisini “bizim doğmalarımız, yaxınlarımız” adlandırıb.
“Bu necə ola bilər ki, mən ora gedə və onlarla ittifaq qura bilmirəm, amma İsrail bunu edə bilir? Mən özümə sual verməliyəm – mənim səhvim nədir, niyə qardaşlarım və bacılarımla dost və sağlam münasibətlər qurmağı bacarmadım, amma İsrail bacardı? Günah məndədir, onlarda yox. Onlar bizim qardaşlarımız və bacılarımızdır, doğmalarımız və yaxınlarımızdır”, – İran prezidenti bildirib.
Lakin onun bu sözləri yenidən İran hakimiyyətindəki əks düşərgənin qeyri-adekvat reaksiyası ilə qarşılanıb.
İran parlamentində Tehrandan seçilmiş deputat Həmid Rəsayi prezident Məsud Pezeşkianın Azərbaycanla bağlı dediklərinə sərt şəkildə reaksiya verib.
“Cənab Pezeşkian, bəyanatlarınızda ehtiyatlı olun. Düşmənlərə bəhanə verməyin. Sizin Zəncan səfəri zamanı səsləndirdiyiniz fikirlər İranın və Azərbaycanın bədxahlarının dəyirmanına su tökməkdir”, – deputat bildirib.
O iddia edib ki, İran “hər zaman Azərbaycanı dəstəkləməsinin əvəzini ödəyib”, “itkilər verib” və regionun maraqlarını müdafiə etməkdə davam edir.
Pezeşkianın “əgər biz Azərbaycanla dost ola bilmiriksə və əvəzimizə bunu İsrail edirsə, demək, günah bizdədir” fikri Rəsayinin xüsusi narazılığına səbəb olub.
Deputatın fikrincə, bu, İrana qarşı ittiham və Azərbaycanın İsrailin dostu kimi tanınması deməkdir.
“İsrail Təbrizdə 60 nəfəri qətlə yetirdiyi kimi, bir gün Azərbaycanın xalqını da məhv edəcək”, – deputat “arqument” irəli sürüb.
Həmid Rəsayinin fikrincə, İran prezidenti vəzifəsini elə bir şəxs tutmalıdır ki, “ölkənin maraqlarını qətiyyətlə müdafiə edə və xarici təsirlərə boyun əyməsin”.
Bu isə artıq İrandakı mühafizəkarların islahatçı prezidenti postundan uzaqlaşdırmaq istəklərinin açıq ifadəsidir.
Bəs İranın yüksək siyasi dairələrində gedən bu cür ritorika savaşı nə deməkdir? Və bu qarşıdurma nə ilə nəticələnə bilər? İslam Respublikasındakı mövcud hakimiyyət sistemi şəraitində Azərbaycanın cənub qonşusu ilə heç olmasa sabit və bərabərhüquqlu münasibətlər quracağına ümid etmək olarmı?
Yaranmış situasiyanı Pressklub.az-a şərh edən müstəqil politoloq Xəqani Cəfərlinin sözlərinə görə, Məsud Pezeşkian – İranın müasir tarixində, bəlkə də bütün dünyada yeganə prezidentidir ki, dövlətin rəsmi dilinin (fars dilinin) öz ailəsində istifadə olunmasını qadağan etdiyini bəyan edib.

“Məsud Pezeşkian müasir İran tarixində türk mənşəli olduğunu, Azərbaycanın bir bölgəsində doğulduğunu bəyan edən və bununla yanaşı, prezident seçkilərində qalib gələn yeganə prezidentdir. Prezident seçildikdən sonra o, İranda azərbaycanlılara ana dilində təhsil almağa imkan verən qanunvericilik təşəbbüsü ilə çıxış edib. İranın ikidilli təhsil sisteminə keçidi ölkənin tədricən federallaşması və iki dövlətdən ibarət federasiyaya çevrilməsinin başlanğıcıdır. Məhz buna görə də Həmid Rəsayi kimi fars təbliğatçıları hər fürsətdə Pezeşkiana hücum edirlər. Xüsusən də Azərbaycan məsələsində fars şovinistləri və rejimin “şahinləri” Pezeşkianın siyasətinin qarşısını almağa çalışırlar. Şübhə yoxdur ki, Bakı bunu anlayır”, – ekspert bildirib.
Onun sözlərinə görə, İranda mövcud rejim qorunduğu müddətcə, bu rejim Azərbaycana qarşı düşmənçilik münasibətini saxlamağa çalışacaq.
“Lakin həm cəmiyyətdə, həm də digər sahələrdə özünü göstərən kəmiyyətin keyfiyyətə keçid qanunu İranı dəyişir. Əslində Pezeşkian məhz həmin bu qanunun nəticəsidir – yəni İran azərbaycanlılarının əksəriyyətinin etnik kimliyini dərk etməsi və siyasi iradə nümayiş etdirməsi nəticəsində formalaşan şəxsiyyətdir. Mənim fikrimcə, bu proses İranı ya iki dövlətli federasiya yaratmağa, ya da Güney Azərbaycanın tam müstəqilliyinə aparır. Bu perspektiv isə artıq uzaqda deyil”, – Cəfərli bildirib.
Rauf Orucov